Əliyev qorxur və qorxudur

Rusiya praktikası göstərdi ki, bir ölkə, hətta Rusiya kimi bir ölkə, heç vaxt ciddi beynəlxalq təşkilatla açıq konfrantasiya yaşamaq istəməz.

Seymur Həzi, Foto:: Meydan TV


AŞPA qətnaməsi xalqı ruhlandıra, məmurları sarsıda bilər

Yanvarın son günləri Azərbaycan üçün olduqca soyuq keçdi. Demək olar ki, uzun illərin müdrik xarici siyasəti özünün buzlaşma dövrünə qədəm qoydu. Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar barədə xanım Sunnanın hazırladığı hesabatı məqbul saydı və bu məzmunda hazırlanmış qətnaməni qəbul etdi. Üstəlik təkcə siyasi məhbus məsələsinə də toxunmadı, həm də Əliyevlərin uzun müddətdir nəfəsini kəsmək istədiyi həqiqi vətəndaş cəmiyyətinin vəziyyətini də olduca aydın təhlil etməklə nöqsanları göstərərək, hakimiyyətə çağrışlarını etdi. Bu sənədən ortaya çıxması zamanına qədər və ondan sonrakı Azərbaycan -AŞPA münasibətləri və bu kontekstində Azərbaycan Qərb əlaqələrinin gələcəyi ciddi təhlil tələb edir. Bizi maraqlandıran suallar və onun cavablarını bu yazıda görə biləcəyik.


“Özü yıxılan ağlamaz”

Azərbaycan xarici siyasətinin sönməkdə olan ulduzu Səməd Seyidov bu qədər ciddi siyasi sənədə məhəllə leksikonu ilə reaksiya verib. Deyib ki, bu paxıllığın nəticəsidir. Nəyə paxıllığı tutur AŞPA- nın? Bunu deməsə də, hər halda seçdiyi ifadəylə bizi on beş ildən artıq bir vaxtda dünyada hansı təfəkkürlə təmsil etdiyini nümayiş etdirib. Bu qədər siyasətdən uzaq bir reaksiya həm də bizim üçün ona görə materialdır ki, hakimiyyətin Qərbdən gələn siqnallara hansı siyasi duyum və məntiqlə reaksiya verdiklərini görmüş olduq. Söz yox ki, ola bilsin, daha realistcə yanaşan hakimiyyət nümayəndələri də var, amma hələ ortada olan və irəli çıxan Səməd Seyidovdur. Ötən on il ərzində Azərbaycanda siyasi məhbus məsələsini həll etmək üçün Azərbaycana onlarla mötəbər çağrışlar edilib, ondan çox diplomatik missiya gəlib. Bütün bunların hamısına bir-birinə oxşayan cavablar verilib. Təxminən belə: Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə həbs edilmir. Adı çəkilənlər konkret cinayət əməlinə görə həbs ediliblər. Yəni bu sənəd əslində bu günə qədər olan çağırışlara verilən səhv reaksiyaların nəticəsidir. Əliyev özü danışır İlham Əliyevin sonuncu qətnaməyə verdiyi reaksiya təxminən bu cürdür: “Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik". Hətta əvvəlki sənədlərə reaksiya verən məmurlar İlham Əliyevdən daha diplomatik davranıblar. Əliyevin bu cür sərt, daha doğrusu, “vurdum-duymaz” reaksiyasının iki mümkün məntiqli açıqlaması ola bilər. Birincisi odur ki, hakimiyyət komandasını Qərbdən gələn təzyiqlərin qorxusundan çıxarmaq istəyir. Ona görə də özü şəxsən sinəsini qabağa verib, vəziyyətin pis olmadığını, hətta ciddiyə alınacaq olmadığını deyir. Düşünür ki, pereventiv bəyanatlar olmasa, hakimiyyət cərgəsində laxlamalar ola bilər. İkincisi, bu qətnamənin bütün ölkədə yayılmasının qarşısını almaq artıq mümkün deyil. Sosial şəbəkələr vasitəsiylə rejimə müxalif olan, ancaq proseslərə qatılmağa risk etməyən təbəqənin bu sənəddən xəbər tutaraq aktiv fəaliyyətə ruhlanmasından ehtiyat edir və yaranmış əhval-ruhiyyənin “doza”sını azaltmağa çalışır. Hər iki halda İlham Əliyevi özünün prosesin fərqində olduğunu deyə bilərik. Üçüncü variant haqqında düşünsək, yəni Əliyev və komandası vəziyyətin ciddiyyətini qiymətləndirə bilmir- deməli, doğurdan da, situasiya xeyli mürəkkəb və ağırdır.


Qərb ayılıbmı?

Bugünə kimi ölkədə belə bir fikir geniş yayılmışdı ki, Əliyevlər istədikləri beynəlxalq qurumu rüşvətlə susdura bilirlər. “Kürü diplomatiyası” işi bu fikrin bərkiməsində ciddi rol oynamışdı. Ancaq indi iki mühüm proses paralel gedir. Bunlardan biri Qərbdə Əliyevlərlə rüşvət əlaqəsinə girmiş şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunması və ifşası, ikincisi isə bu cür ciddi siyasi- hüquqi sənədin qəbul edilməsdir. Göründüyü kimi hakimiyyət iki istiqamətin ikisindən də ağır zərbələr alır. Ona görə də artıq cəmiyyətdə demokratik dəyərlərə inamın güclənməsinin yeni dalğası gözləniləndir və bu hakimiyyət üçün üçüncü və mühüm təhlükədir.

Hakimiyyət nə edəcək? Rusiya praktikası göstərdi ki, bir ölkə, hətta Rusiya kimi bir ölkə, heç vaxt ciddi beynəlxalq təşkilatla açıq konfrantasiya yaşamaq istəməz. Əgər Əliyev bu reallığı dəyərlənidirməsə, deməli, özünü real müstəvidən sıxışdırmış olacaq. Bu, o qədər də uzaq olmayan bir zamanın prosesidir.

Ana səhifəXəbərlərƏliyev qorxur və qorxudur