Bakı hələ ki səfərlə bağlı rəsmi məlumat yaymayıb
Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya işgüzar səfər edəcək.
Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi bildirilir.
Bu barədə məlumatı aprelin 19-da Kremlin mətbuat xidməti yayıb.
“Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən, aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, – deyə mətbuat xidməti əlavə edib.
Həmçinin qeyd olunub ki, ölkə başçıları Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər.
Bundan əlavə, Azərbaycanın dövlət başçısı İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Kansleri Olaf Şoltsla görüşəcəyi bildirilir.
Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.
O, ölkə başçılarının ikitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji mövzularını müzakirə edcəklərini deyib.
Rəsmi Bakı İlham Əliyevin qeyd olunan səfərləri haqda məlumat yaymayıb.