“Alıcılar deyir ki, bahadı. Amma əlimizin qabarına baxsalar, deyərlər ki, 7 qəpik azdı. 7 qəpiyə nə verirlər?”
Ağsu rayon sakini Səxavət Səlimov torpaqda işləməkdən çatlamış qabarlaşmış əllərini göstərir. O, hər il qarpız əkmək üçün Sabirabada gəlir, ailəsi ilə brilikdə ilin 5-6 ayını bu rayonda keçirir. Hər dəfə də kəndlərin birində torpaq icarəyə götürür. Deyir ki, eyni torpaqda ikinci dəfə qarpız-qovun əkəndə məhsul bol olmur.
Səxavət Səlimov icarəyə götürdüyü torpaqda kicik daxma tikir, çardaq qurur, mövsüm başa çatanda isə tikdiklərini söküb dost-tanışlarının həyətinə daşıyır. Növbəti il yenə Ağsudan Sabirabada torpaq almağa, əkin əkməyə, məhsul yetişdirməyə gəlir. Deyir ki, artıq 20 ildir bu cür yaşayır:
“Bu il aprelin 10-dan gəlib çardaq tikmişik, ailəmlə burdayıq. Qarpızı əkəndə günün altında işləyirik, saat 1-də günorta yeməyinə çıxırıq. Sonra yenə iş. Sahəyə özümüzlə termosda çay gətiririk. Bax belə əziyyətli gün keçiririk. İyulun 5-dən başlayırıq satışa. Alıcılar da gəlib deyir, bahadı. Vallah, heç o zəhmətə dəymir. Deyirlər, nə var e, əkmisən, bitib də. Gedib asfaltda əksin, görüm bitirmi? Hələ nə qədər xərci var. Torpağın, gübrənin, selofanın pulu ödənir. Torpağın hektarı 400 manatdır, traktor 2 dəfə şumlayır, kanalı 20 manata çəkirlər”.
Səxavət Səlimov deyir ki, bu il o qazanc çox olmayıb: “Builki zəhmətimizə heç dəymədi. Ancaq torpağın pulunu çıxara bildik. Ötən il yaxşı idi. Bəlkə də məhsulumuz kənar ölkələrə çıxsaydı, burdakı kasıblar da birbalaca çörəkpulu qazanardı”.
Bütün əziyyətlərə baxmayaraq, Səxavət Səlimov gələn il yenə Sabirabada gələcəyini deyir: “Allah ömür versə, gələn ilin martında gəlib torpaq götürəcəyik, şumladacağıq, sonra da bura köçüb əkin-biçin işi ilə məşğul olacağıq. Valideynlərin məqsədi odur ki, balalarına halal çörək yedizdirsin.
Biz də istəyirik onları halallıqla böyüdək”.