Artıq neçənci dəfədir ki, qarşılaşdığım bir xoşagəlməz vəziyyət var. Əlil arabasında oturduğum üçün küçədə və ictimai yerlərdə bəzi valideynlər, nənələr-babalar məni vəhşi yaratıq kimi göstərib, balaca övlad və ya nəvələrini mənimlə qorxudurlar. Şəhərin mərkəzində bir dəfə gəzərkən, mənə sarı balaca uşaq yaxınlaşdı, nənəsi ona qışqırıb, “Əmi səni “nu-nu-nu” eliyər, bəri gəl” dedi. Həmin an uşağın gözləri bərəldi və sürətlə geri çəkildi. Məyus oldum… Təəssüf ki, nənə olan şəxs öz nəvəsinə necə böyük bir psixoloji travma yaşatdığının fərqində olmadı.
Bizdə ictimai yerlərdə, küçədə, bazarda, bir sözlə, hər yerdə əlilliyi olan şəxs görəndə millət şaşırır,heyrət dolu baxışlarını onlara hədəfləyirlər. Ona görə balaca uşaqları saf maraqlarına görə qınaya bilmərəm. Onlar valideynlərinə “əmi” və ya “xala”ya nə olub” sualı verirlər. Valideynlər bu sualın cavabına sadə şəkildə cavab verə bilərlər.”Ola bilər, əmi və ya xala belə dünyaya gəlib, bəlkə də soradan avtomobil qəzası keçirib, ya da yıxılıb”. Bu cavab bir çox insana ağır görünə bilər. Halbuki işə real yanaşıb, bunun fakt olduğunu görəcəyik. Heç bir halda balaca uşaqları bu məsələylə qorxudub, aldatmamalıyıq. Onlara sırf xəbərdarlıq naminə, mülayim şəkildə əlilliyin bir yaşam tərzi olduğunu və heç kimin ondan zəmanətinin olmadığını aşılamalıyıq.
Məhləmizdə əlilliyi olan balaca bir uşaq var. Anası tez-tez əlil arabasında gəzdirir onu. Hiss etmişəm ki, başqa valideynlər öz uşaqlarını həmin uşağa tərəf getməyə, onunla dostlaşmağa qoymurlar. Kənardan kiçik detal kimin görünsə də, məhz bu “qorxulu “ qadağa cəmiyyətimizin bərabərsizliyinin əsas nümunələrindəndir.
Vətəndaşlarımız uşaqları təkcə əlillərlə qorxutmurlar. Onlar xalqımıza genetikamızdan keçmiş, əsrlər boyu balaca uşaqların ağlarkən susmalarında, iştahasız uşağı tez-bazar yemək yedizdirmədə, uşaqları yatmağa məcbur edizdirmədə simvolik, dəhşətli varlıq olan “xoxan”la qorxudurlar. Bu qorxu vasitələrinə “filan şeyi eləsən, döyəcəm, öldürəcəm, kəsəcəm səni” kimi “qızıl” sözləri də əlavə olar.
Nəticədə həmin qorxu ilə böyüyən uşaqlar ruhlarına çəkilərindən çox kompleks və eqoistlik irini yığaraq, heç vaxt müstəqil addım atmağa risk etmirlər. Mən hələ valideynləri tərəfindən döyülən uşaqlardan danışmıram. Həmin ailələrin vəziyyəti diktatura rejimi ilə idarə olunan ölkələrin durumuna bənzəyir.
Uşağı döyməklə, qorxuyla yox, söz və sevgi ilə böyüdən Qərb cəmiyyətlərinin intellekt və inkişaf göstəricisi çoxumuza bəllidir. Tez-tez Avropadan və Amerikadan olan yeniyetmələrin azyaşlı olmalarına baxmayaraq elmi-texniki kəşflərlə yadda qaldıqların şahidi oluruq. Bunun əsas səbəbi ailədə uşağa uşaq yaşından dəyər verilib, onu təcrid etmədən, azad böyüdülməsinin nəticəsidir. Bizim yeniyetmələr isə nəinki bir şeyi kəşf etməyə, hətta avropalı həmyaşıdlarının kəşf etdikləri vasitələri normal istifadə etməyi belə cəsarət etmirlər. Əgər Allah qoymasa, bir yeniyetməmizin ağlına kəşf gəlirsə, valideynlərinin onu qidalandırdığı qorxu faizi, kəşfin risk faizini üstələyir. Və heç nə…
Qorxu hissi keçirən insanlar özlərini uğursuz, lazımsız və inamsız hiss edir. Özünə hörməti azalır. Boşluqdan və həyatın mənasızlığından əziyyət çəkir. Yaxın adamlarla münasibətdə problemləri olur və buna görə günah hissi keçirir. Gərginliyin əsasında bir çox hallarda qorxu durur.
Toplumumuza baxaq… Bir çoxu itaətkar, cəsarətsiz, primitiv, haqqını belə deməyə çəkinən, yanında yetim haqqı belə yeyilsə, haqsız yerə baş kəsilsə, susan kölə ordusu var. Hə, bir də bir çoxlarının əlinə almağa, oxumağa qorxduğu kitablar var. Sanki kitab adam yeyəcək. Özünüz bilin, nə qədər ki, belə qorxacaqsınız, kölə olmağa məhkumsunuz…
Bunları bədbinlik yaratmaq üçün yazmamışam.. Qətiyyən! Psixoloqlar çıxış yolunu belə göstərir. Şəxsi psixologiyanı yenidən qurmağa, özündə təhlükəsizlik psixologiyasını inkişaf etdirməyə cəhd göstərmək lazımdır. Bunun üçün ilk növbədə qorxuya və daim bədbəxt hadisə gözləməsinə son qoymaq, hər hansı təhlükəyə hazır olmaq lazımdır. Məlum olduğu kimi, qorxular da müxtəlif olur: zərərli və xeyirli. Məsələn, xeyirli qorxular insanı düşünülməmiş addımlardan çəkindirir və belə olduqda onun sağ qalmasını təmin edir. Doğrudan da məhz qorxu bizə maşınların sürətlə şütüdüyü prospekti keçməkdən və ya hündür binadan paraşütsüz tullanmaqdan çəkindirir. Bunun əksi olaraq, zərərli qorxular bizim liftdən istifadə etməyimizə, kinoteatra getməyimizə və sevgimizi etiraf etməyə mane olur.
Biz zəif deyilik, istəsək bu qorxuları dəf edib, xarakterimizi möhkəm edə bilərik. Sayğılar!
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.