Əlili dilənçi kimi görənlər

Deyirdim ki, mən 100 manatdan az göturməyən dilənçilərdənəm…

Source:

Iki aya yaxın idi, evdən çıxmırdım. Hava soyuq da olsa, çıxıb havamı dəyişmək istədim. Həyətdə gəzəndə, mənə yönələn rəhm dolu baxışları gördüm. Açığı, mən bu baxışlara görə narahat olmuram. Amma çoxdandır bu baxışlara tuş gəlmirdim deyə, özümü birtəhər hiss elədim. Ən çox da qadın və qızların daha çox baxmağı diqqətimdən yayınmadı.

Fiziki məhdudiyyətimə görə adətən qış aylarını evdə keçirdirəm. Qışda harasa çıxanda isə çox vaxt qapalı məkanlarda oluram. Əlil arabasında oturduğum üçün qan dövranım zəif işləyir.

Havalar isinən kimi, demək olar, hər gün həyətdə, məhlədə, şəhərin mərkəzində və insanların sıx olduğu yerlərdə dolanıram. Özümü cəmiyyətdən təcrid etmirəm. Qış aylarını evdə oturanda, özümü bir növ siyasi motivlərə görə tutulmuş məhbus kimi hiss edirəm. Kitab oxuyuram, internetlə başımı qatıram.

Dostum Eltac həmişə deyir ki, mən Azərbaycanda həyətdə və ictimai yerdə əlil görəndə sevinirəm. Eltac bunu əlillərin ictimai və sosial həyatdakı fəallığı kimi nəzərə alıb, onların kompleks keçirmədikləri kimi dəyərləndirir və bunu təqdir edir. Onunla tam razıyam.

Amma bizim cəmiyyət elədir ki, öz yabanı və vəhşi baxışları ilə hansısa fiziki məhdudiyyəti və xəstəliyi olan insanı kompleksə salıb onu ev dustağına çevirə bilər.

Əlil arabasında ilk dəfə məhləyə və şəhərin mərkəzinə çıxanda çıxanda insanların mənə sanki Hollivud ulduzlarına baxdığı kimi hiss etdim. Əslində bu bənzətməni ona görə edirəm ki, insanların yabanı, yazıq və axmaq baxışlarını öz fikrimdə pozitiv anlamda dəyişib bu işi zarafat kimi qəbul edim. Bunu sırf o baxışlar altında əzilib, kompleksə girməmək üçün edirəm.

 Dəfələrlə üzümə, gözümə baxa-baxa qulaq çəkənlər, “Allah göstərməsin” deyənlər ilə rastlaşmışam. Guya mənə yazığı gələn qızcığazların məni heç tanımadığı halda “Ay, ölərəm sənin üçün!” deməkləri ilə rastlaşmışam. Mədəniyyət qıtlığı olan insanlarımız ümumiyyətlə ictimai yerdə, orda-burda insana əslində necə baxmaqlarını bilmirlər. Qərb və sivil Avropa ölkələrində yad adamların baxışları toqquşanda insanlar 3 saniyədən sonra bir-birlərinin üzlərinə gülümsəyirlər. Bizim ölkədə isə demək olar, bir çox insanın üzü gülümsəmir. Məlumdur sosial, iqtisadi və məişət problemləri xirtdəyəcəndir. Amma özlərini müsəlman sayan insanlar unutmamalıdırlar ki, peyğəmbərimiz insanlara gülümsəməyi bir başqasına hədiyyə və sədəqə vermək kimi dəyərləndirir.

 Gülümsəmək oyana qalsın insanlar bir-birinə düşmən nəzərləri ilə baxırlar. Nəçə dəfə insanlara gülümsədiyim üçün mənə dəli kimi baxanlar olub.

Əlil arabası ilə keçdiyim yerlərdə insanların dodaqlarından pıçıltını sezib, onların mənə “Vay-vay, cavan uşaqdır əlil arabasındadır” tipli cümlələrini eşitmişəm. Tanıdığım neçə əlil insanlar var ki, məhz bu sözlərə və axmaq baxışlara görə kompleks keçirdərək evlərinə dustaq olublar.

Baxışlar və sözər bir kənara qalsın. Dəfələrlə məni dilənçi zənn edib, qəpik-quruş uzadan insanlarla rastlaşıram. Bu hərəkət əvvəl heysiyyatıma çox toxunurdu və pul uzadan insanlara aqressiv reaksiya verirdim. Daha sonra anladım ki, bu düzgün deyil. Bundan sonra onlara ya başa salırdım ki, mən dilənçi deyiləm, ya da, işi zarafata salıb, deyirdim ki, mən 100 manatdan aşağı pul götürməyən dilənçilərdənəm.

 Ingəltərədə yaşayan bir azərbaycanlı ailə Bakıya gəlmişdi. Onların balaca qızı əlil arabasında idi. O qız ailəsi ilə Bakıda  gəzərkən axmaq baxışların hədəfinə gəlmiş, böyük sarsıntı keçirtmişdi. Qızın valideynləri isə övladlarının stres keçirtməməyi üçün, qız yaşca uşaq olduğundan ona, yalandan demişdilər ki, sən çox gözəlsən deyə hamı sənə heyran qalıb, baxırlar. Bundan sonra həmin ailə daha qızlarını doğma torpaqlarına gətirmir.

Əlillərin bir çoxu toya, şənliyə də getmirlər. Bir əlil tanışım var ki, yaxınlarının israrı ilə bir toy məclisinə getmişdi. O yeridiyi çəliklə toy keçirildiyi mağara girəndə bütün insanlar ona acıyıb, ağlamışdılar. Bundan sonra həmin oğlan ən yaxınlarının belə toyuna getməkdən imtina edib. Bu cür hallar saymaqla bitməz.

Elə qızlar var ki, bir əlil oğlan ilə münasibət yaradarkən ona necə yazığı gəldiyini gizlədə bilmir və nəticədə bu münasibət alınmır. Bəzən mənə internetdə, real həyatda tanımadığım insanlar təsəlli nitqləri söyləyirlər və guya öz aləmlərində mənə dəstək olurlar. Təbii ki, onları qırmıram, başa salıram ki, mənim bunlara ehtiyacım yoxdur. Çünki mən özümü əlil hesab etmirəm. Mənə yazığı gələnlərə, mənim özümün yazığı gəlir.

Əlillərə əlil kimi yox, insan kimi qiymət verməyi bacarın. Maraq və baxışlarınıza diqqət edin. Heç kimi baxışlarınızla kompleksə salmayın.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəƏlili dilənçi kimi görənlər