Əlil övladlar

O gündən sonra anam yanımda heç vaxt ağlamadı…

Source:

Keçirdiyim qəzadan sonra xəstəxanada  ağır reanimasiyadakı bir oğlanın ölümü heç  yadımnan çıxmaz. Onun vəziyyəti mənimkindən də ağır idi. Valideynləri ondan imtina etmişdi. Yaxınları xəstəxanaya pul köçürmədiklərinə görə ona yemək də vermirdilər. Beləcə, 2-3 gündən sonra o öldü. Valideynləri dəstək olsaydı, bəlkə də o, bir neçə il yaşaya bilərdi. Amma onlar ogularını atdılar.

Orda başqa bir oğlanı da tanıdım. Onun da travmadan sonra vəziyyəti çox ağır idi. Amma həmin oglanın ata-anası ona çox dəstək oldular.  Evlərini satdılar, borca girdilər, övladlarını  İsrailə apardılar. O, iki ildən bir az  çox yaşadı, sonra vəfat etdi.

Bunları deməkdə məqsədim,  valideynlərin övladları qarşısındaki vəzifələrini yada salmaqdır.

 Mən qəza keçirdəndən sonra valideynlərim depressiyaya düşmüşdülər. Öz inancıma sadiq olaraq, bildim ki, bu qəza bir imtahandır.  Buna görə də,  çox nikbin oldum.  Valideynlərim çox böyük mənəvi sıxıntı çəkirdilər. Anam təbiətcə sakit olduğuna görə, onu öz ruh yüksəkliyimlə, bu stresdən tez  çıxara bildim. Tapşırdım ki, heç vaxt darıxıb, ağlamasın. Çunki mən yaxşı olacam. O gündən sonra  anam yanımda heç  vaxt ağlamadı. İndi mənə hər tərəfli dəstək olur, yaxşı baxır.

Atam təbiətcə emosional və əsəbi adamdı. O uzun müddət mənim əlilliyimi qəbul etmir və özünə gələ bilmirdi. Hətta məni danlayır, özümü və onları pis vəziyyətə qoyduğumu deyirdi. Onun bu üsyanları məni çox incidirdi. Onunla mübahisə edirdim, amma mübahisələrin heç bir faydası olmurdu.  Axırda mübahisəni,  dilləşməni buraxıb, səbr edərək, atam üçün dua etməyə başladım. Ona bu stresdən çıxmaq üçün dəstək olmağa çalışdım. İki il çəkən mübarizədən sonra, mən qalib gəldim və atamla dil tapdıq.

 Bu gün ikisi də mənə, işlərimə dəstək olurlar.  Mən də əlimdən gələn mənəvi dəstəyi əsirgəmirəm ki, övladlarının əlilliyi onları daha çox üzməsin.  Onları çox sevirəm, zlimdən gələn qədər sevindirməyə çalışıram.

 Təəssüf ki, bu gün  bizim cəmiyyətdə övladlarını unudan valideynlər var. Onlar övladlarını yemək və paltar ilə təmin etməklə işlərini bitmiş sayırlar. Qalan şeylər  elə bil, onların borcu deyil. O ailə başçıları unudurlar ki, xalqın pullarını mənimsəyən rüşvətxor məmur da, qadın dəllalı da evinə ərzaq və paltar alır, onlar kimi davranır. Halbuki, valideynin övladına qoyub getdiyi ən böyük miras, onun şəxsiyyət kimi formalaşması üçün vacib vicdan, əxlaq və elmdir. Ancaq bu kompjnentləri özündə birləşdirən insan vətəni və milləti üçün xeyirli ola bilər.

Çətin dolanışığa görə səhər evdən çıxıb, gecə işdən qayıdan atalar öz övladlarının necə yetişdiyinin fərqinə varmır. Övladlarına öz atalıq qayğılarını  göstərə  bilmirlər. Günün çoxunu şou- biznes qalmaqallarına, seriallara baxıb, qeybətlə nəfəs alan qadınlar isə övladlarına lazımi tərbiyəni verə bilmirlər. Övladları ilə vaxt keçirtmək imkanları olan valideynlər də bəzən  bu prosesi yerinə yetirmirlər. Nəticədə sabah öz övladlarını tanıya bilmirlər. Belə ailələrdə yetişən övladlar isə qayğı və tərbiyə təşnəsində olduqları üçün,  tez bir zamanda düşdükləri mühitdən təsirlənir. Ya ekstremist dini cərəyanlara qoşulub terrorçu olur, hansısa depressiya qapılıb, intihara cəhd edir və ya sadəcə mövqesiz, məqsədsiz bir kölə kimi cəmiyyətin tullantısına çevrilir.

 Bir çox valideynlər tanıyıram ki, öz övladlarının xəstəliyinə və əlilliyinə görə onları nə adam arasına çıxardır, nə də başqalarının onunla tanış olmağına imkan verir. Doğuluşdan, ya sonradan əlilliyi olan uşaqlarına görə bəzən valideynlər  kompleksə düşüe, övladlarını çox ağır ruhi-psixoloji duruma salırlar. Evlərinə kimsə gələndə, istəmirlər övladlarını bu halda kiməsə göstərsinlər. Ata tanıyıram ki, övladı qəza keçirtdikdən sonra onun otağına girmir. Bir başqası övladının əlil arabasına oturmasına-düşməsinə kömək etmir ki, övladıma belə halda toxuna bilmirəm. Eləsi də var, uşağı ilə həyətdə gəzməyə utanır.

Valideynlər bəzən autizm xəstəliyi olan övladlarını uşaq evlərinə verirlər.  Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Onlar  fərqində deyillər ki, autizm xəstəliyi olan bir insanın başqalarından fərqli,  xeyirli özəllikləri də ola bilər. Uşaq vaxtı autizmdən əziyyət çəkən məşhur adamlar var:  Albert Enşteyn, İsaak  Nyuton, dünyaca məşhur kinorejissor Stiven Spilberq, musiqiçi Bob Dilan, rəssam Vinsent Van Qoq və s.  Bu insanlar özlərini dünyaya sübut edib, dünya şöhrəti qazanıblar.

 Övladlarınızı hər halı ilə sevin və onlara dəstək olun ki, onlar cəmiyyətdən və dünyadan təcrid olunmasınlar…

Ana səhifəMənim FikrimcəƏlil övladlar