Xəstəxanada idim. Ağır reanimasiyasından, intensiv reanimasiyaya keçirilməyimi gözləyirdim. Tibb bacısı xəbər verdi ki, səhhətimə görə daha bir gün ağır reanimasiyada yatmalıyam. Sarsıntıdan ağladım. Bu göz yaşları ağır reanimasiyada yaşadığım fiziki-psixi sarsıntılarımın nəticəsi idi. 24 gün süni nəfəs aparatında olub, aparatın təsirindən danışa bilməməyim, öz ağzımla yeyib-içə bilməməyim, yanımda neçə-neçə insanın ölməyini görməyim, xəstələrin ağrılardan haraylarını eşitməyim, yuxusuzluqlarım, 24 saat yanan gur işığın və ən dəhşətlisi, bir ay qabaq keçirdiyim qəzadan sonra qazandığım əlilliyim bu göz yaşlarına yığılmışdı.
Həkimim məni özümü ələ almağa və naşükürlük etməməyə çağırdı. Məndən qabaq qəza keçirdib, otağın o biri başında yatan oğlana işarə edərək, onun hələ nə vaxt ağır reanimasiyadan çıxacağının məlum olmadığını xatırlatdı. Bir gün daha səbr etməyimi söylədi. Həkimimin sözündən utandım. Bir az təsəlli tapdım. Məhz o həkimin mənə verdiyi stimul sayəsində süni nəfəs aparatından 24 gün ərzində qurtula bilmişdim. Onu çox sevirdim, hətta görməyəndə darıxırdım. Qəzadan sonra inkişafımda onun çox böyük rolu olub.
Səhəri gün intensiv reanimasiya otağına düşəndə, içimdə böyük sevinc duyğusu və rahatlıq vardı. Amma hələ bir neçə ay xəstəxanada yatmalı idim. Ağır reanimasiyadan intensiv reanimasiyaya köçməyim sanki həbsxanada tək qaldığım “karser”dən ümumi məhbusların birgə cəza çəkdiyi otağa keçməyə oxşayırdı. Bəlkə bir az şişirdirəm, amma həmin köçmə anı, kitablardan oxuduğum, filmlərdə gördüyüm səhnələrə çox oxşayırdı. Ağır reanimasiyadan fərqli olaraq, burda yanıma gələcək qohum-əqraba, dost-tanış ilə rahat görüşəcəkdim. Ən böyük xoşbəxtlik anamın yanımda olması idi. Ağır reanimasiyada valideynlərimlə görüşməyə çox da imkan vermirdilər.
İki aydan sonra evə qayıtdıq. Buna da dəhşətli dərəcədə sevinirdim. 6-7 ay uzanılı vəziyyətdə olduğumdan, evdən çıxa bilməmişdim. Ilk dəfə əlil arabamla həyətə çıxanda, sanki özümü dünyaya yenidən gəlmiş kimi hiss edirdim. Bir çoxları əlil arabasında oturmağa fəlakət kimi baxır. Mən elə baxmadım. Ona görə ki, bir ilə yaxın idi, ancaq yataq şəraitindəydim. Oturmağa, həyətə çıxmağa həsrət idim. Əlil arabası isə həyətə çıxmaq imkanımın vasitəçisi idi.
Bizdə bir tendensiya var, guya əlil arabasında oturan adam heç vaxt ayağa dura bilməz. Elə valideynlər tanıyıram ki, övladlarının keçirtdiyi qəzadan illər keçməsinə baxmayaraq, hələ də onları əlil arabası ilə təmin etmirlər. Övladlarını çətinliklə qucaqlarında ora-bura aparır, ev şəraitində divan və kresloda oturmağa məhkum edirlər. Nəticədə fiziki məhdudiyyəti olan insana daha böyük məhdudiyyətlər yaratmış olurlar. Anlamırlar ki, əlil arabası fiziki məhdudiyyətli insanın rahat hərəkət etməsi üçün bir vasitədir.
Bu yaxınlarda əlil dostlarımız Bakı Protez Bərpa Mərkəzində müdiri ilə görüşüblər. Ona təklif ediblər ki, həmin mərkəzin verdiyi ucuz və keyfiyyətsiz əlil arabasında otursun, arabanın necə narahat olduğunu hiss eləsin. Müdir bərk hirslənib. Bu təklifi qarğış kimi dəyərləndirib. Ora otursa, bir daha dura bilməməyindən qorxub.
Necə ki, gözü zəif görən insan eynək vasitəsi ilə o zəifliyin qarşısını alır, əlil arabası da eyni funksiyanı daşıyır gəzməyən insan üçün.
Ayaq üstə olduğum vaxtı aktiv həyat tərzi sürmüşəm. Uşaqlıqdan futbol və döyüş növləri ilə məşğul olmuşam. Böyük risklər etmişəm həyatda. Ən təhlükəli yerlərə də girmişəm ekstrim xətrinə. Azərbaycanın bir çox bölgəsinə səyahət etmişəm. Günümün çoxunu həyətdə-bacada keçirtmişəm. Sevdiyim kitabları evlərin damında oxumuşam. Hətta universitetdə oxuyanda bəzi dərslərimi parkda oxuyurdum. Təki evdə oturmayım. Saatlarla gəzintidə olur, heç yorulmurdum. Dünyanı səyahət etməyi planlaşdırırdım. İlk olaraq Moskvaya, Dubaya və Tokiyoya getmək idi arzum. 19 yaşımda keçirtdiyim qəzadan sonra azadlığımla birlikdə arzularım da məhdudlaşdı.
İndi nəinki, başqa ölkə, heç günlərlə, aylarla evdən bayıra çıxa bilmirəm. İnfrastruktur problemi bir yana, hökümətin əlillərə ayırdığı cüzi sosial müavinat məni əsl ev dustağına çevirib. Çox vaxt bir çox maraqlı tədbirlərə, məkanlara dəvət alıram. Amma taksi ilə harasa bir səfərim ən azı 20-25 manata başa gəldiyi üçün qalıram çarəsiz. Təklif edənlər taksi pulunu ödəməyə belə çalışmırlar. Evdə oturmaqdan bezmişəm. İnsanlarla ünsiyyətdə olub, yeni hadisələrə şahid olmaq istəyirəm. Nəqliyyat infrastrukturundakı əngəllərə görə yaşam tərzim lap məhdudlaşır.
Valideynlərimdən bir yerə çıxmaq üçün pul istəməyə utanıram. Zatən onları öz fiziki məhdudiyyətimlə narahat edirəm, təbii ki, onlar bunu mənə bildirmirlər. Onlardan pul almağı heç özümə sığışdırmıram.Əvvəllər olduğu kimi, rayonlara səyahət etmək, tez-tez dəniz kənarında olmaq istəyirəm. Amma alınmır…
Bəzən elə olur ki, uşaqlardan biri görüş təyin edir. İmtina edirəm, deyrəm ki, hələ imkanım yoxdu gəlməyə. Onlar bütün xərcimi çəkəcəklərini söyləyirlər. Bu təkliflər bəzən heysiyyatıma toxunduğu üçün qəbul edə bilmirəm.
Bütün bunlar məndə sarsıntı yaradanda, yadıma haqsız yerə, siyasi motivlə həbs olunmuş məhbuslarımız düşür. Xeyr, onlara baxıb şükür etmirəm. Sadəcə özümdə güc tapmağa çalışıram. Onların ordakı vəziyyətini təsəvvür edir, dualarımı onlardan əskik etmirəm. Azad həyatda yaşamağa çətinlik çəkən bizlər, həbsdə olan qardaşlarımızı unutmamalıyıq.
Bu yazımla məzlum və yazıq görünmək fikrim yoxdur. Sadəcə xatırlatmaq istədim ki, heç bir əlilliyiniz olmadan, rahat gəzməyinizə baxmayaraq hər gün etdiyiniz naşükürlükləri, şikayətləri etməyəsiniz. Şikayətləri bir kənara buraxıb, ancaq mübarizə aparmaq lazımdır. Hər şeyin yaxşı olacağına inanıram.
Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.