Əli Kərimli: Əli Əhmədovun dedikləri böhtandır

Cəmiyyətdə ayrıseçkilik, təbəqələşmə, yoxsulluq, inzibati zorakılıq artır.

Source: Meydan TV


Arif Hacılı: “İlham Əliyev istəsə də, hər hansı dəyişikliklərə nail ola bilməz”

Hakim partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov müxalifəti xarici qüvvələrlə əməkdaşlıqda ittiham edərək seçki prosesinə müdaxilədə suçlayıb.

Əli Əhmədov bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

YAP-ın icra katibi bildirib ki, seçki proseslərinə müdaxilə edilməsi yolu ilə dövlətlərin daxili işlərinə qarışmaq taktikası son dövrlərdə geniş istifadə edilməyə başlayıb. Onun sözlərinə görə, bu barədə səs-küylü araşdırmalar, yəqin ki, müasir siyasi texnologiyaların istifadəsinin milli dövlətlərin suverenliyi üçün təhlükəli həddə çatmasından xəbər verir.

Əli Əhmədov misal kimi xarici dövlətləri xatırladır:

“İndi seçki prosesinə xarici müdaxilə təhlükəsinə dair ABŞ-da, Avropada, Rusiyada ciddi xəbərdarlıqlar edilir, həyəcan təbili çalınır. Müxalifətin dəstəklənməsi, ona təlimlər keçməkdən tutmuş maliyyələşdirməyə qədər çox müxtəlif formalarda seçki prosesinə kobud şəkildə müdaxilə edilməsi halları uzun tarixə malikdir və təəssüflə qeyd olunmalıdır ki, biz dəfələrlə Azərbaycanda onun şahidi olmuşuq, etirazımızı bildirmişik”.


“İnternet televiziyalardan ölkənin daxili işlərinə müdaxilə etmək üçün istifadə edilir”

O, müxalifətin keçirdiyi mitinqləri bir çox xarici ölkə səfirlərinin diqqətlə izləməsini qeyd edərək bildirib ki, onların bu aksiyalar barədə əvvəlcədən müfəssəl məlumatlara malik olmaları, hətta digər ölkələrdən xüsusi missiyalı şəxslərin mitinq yerlərində peyda olmasına dəfələrlə rast gəlinib:

“Bu, az imiş kimi müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi də heç kimə sirr deyil. İş o yerə çatıb ki, “siyasi mühacir” statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir. Mətbuatda siyasətlə heç bir əlaqəsi olmayan insanların saxta müxalifət partiyası vəsiqəsi ilə xaricə mühacir etməsi faktları dəfələrlə araşdırma predmeti olub. Mən bunu bəzi müxalifət partiyası rəhbərlərinin bu işdə də saxtakarlığını ifşa etmək məqsədilə demirəm, sadəcə prosesin nə qədər geniş və iyrənc formalar kəsb etdiyini diqqətə çatdırmaq istəyirəm”.

Əli Əhmədov internet televiziyalarını seçki prosesinə müdaxilədə ittiham edir:

“Hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır. Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlöhv adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.

250e8ab8-0785-4173-8c43-aa75de2cc159.jpg
Əli Əhmədov

Hakim partiya yetkilisi sonda çağırış edib:

“Mən Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrini Azərbaycana qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə səsləyirəm. İnanıram ki, milli mənafeləri hər şeydən üstün tutan partiyalar siyasi baxışlarından asılı olmayaraq ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı çıxış edənlərə qəti və layiqli cavab verəcək, maraqlı xarici qüvvələr tərəfindən şirnikdirmə, satınalma, şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan müxalifətinin səbatsız nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verməyəcək”.


“Əllərində fakt varsa, ortalığa qoysunlar”

AXCP sədri Əli Kərimli Əli Əhmədovun yazısının hakimiyyətin narahatlığını və həyacanı ifadə etdiyini düşünür.

O Meydan TV-yə deyib ki, hakimiyyət cəmiyyətdə müxalifət tərəfdarlarının artmasını görür, xalqın müxalif mövqeyə keçməsini müşahidə edir, ona görə də bu şəkildə bütövlükdə hakimiyyətə qarşı olan hər kəsi şantaj etmək, qaralamaq və aparılan mübarizəni gözdən salmaq istəyirlər.

Əli Kərimli hakim partiyanın icra katibinin internet televiziyalarından narahatlığına diqqət çəkib:

“Məsələ ondadır ki, hökumət ölkə televiziyalarını və ənənəvi mətbuatı tam inhisarda saxlasa da, internet televiziyaların və sosial şəbəkələrin hesabına ictimai rəyi uduzub. Ona görə yalnız müxalifətin fəaliyyətini yox, internet televiziyalarını hədəf seçib onları xarici dairələrə bağlamağa çalışırlar. Əslində, böhtan atırlar. Guya xalqı inandırmağa çalışırlar ki, müxalifətin fəaliyyətinin güclənməsi, internet televiziyaların fəaliyyətinin artmasının arxasında hansısa mifik xarici qüvvələr var”.

O qeyd edib ki, internetdə, sosial şəbəkədə, “youtube” kanalında da hər hansı müzakirə aparmaq üçün xüsusi xarici qüvvəyə ehtiyac yoxdur. Əli Kərimli vurğulayıb ki, bundan varlanmaq, dələduzluq məqsədi ilə istifadə edənlər var, amma bu işdən xəbəri olanlar bilir ki, “youtube” kanalında debatlar təşkil etmək maddi vəsait tələb etmir.

1542619882_1542521304_veten-xaini-damgasi-kimin-elindedir.jpg
Əli Kərimli

“Mən illərlə öz səhifəmdə canlı yayım etmişəm. Ona görə Əli Əhmədovun dedikləri böhtandır. Burda hakimiyyətin sıxışdığı, təntidiyi, gələcək siyasi fəaliyyətdən narahatlığı görünür. Əslində, Əli Əhmədov da daxil rəsmi şəxslərin böyük auditoriyası olmadığından onların yazdıqlarına ciddi əhəmiyyət vermirəm. Bu qədər televiziyalar, mətbuat nəzarətlərində olsa da, ictimai rəyə təsirləri yoxdur. Xalq hakimiyyətin korrupsiyaya bulaşdığını və mənəviyyata zidd hərəkətlərini də bilir”.

AXCP sədri deyib ki, hakimiyyətin müxalifəti adamları mühacirətə göndərməsi də böhtandır, əgər əllərində fakt varsa, ortalığa qoysunlar:

“Bizim adımızdan kimlərsə sənəd satıb, həmin adamlar həbs olunub, biri artıq həbsdən azad edilib. Digərinə gəldikdə, məlum oldu ki, bu adam İlham Əliyevə dəstək verən QHT rəhbəridir. Ümumiyyətlə, partiyamızdan mühacirətə gedənlər əsasən 2001-ci ildə olub – son 18 ildə 25 nəfər AXCP mənsubiyyəti ilə bağlı rəsmi sənəd alıblar və 1 ilə 2 nəfər də düşmür. Onların da əksəriyyətini tanıyırsınız. Bir neçə nəfəri tanımaya bilərsiniz ki, şöbə səviyyəsində fəal olublar. Məsuliyyətlə deyirəm ki, AXCP-dən heç kimə saxta sənəd verilməyib. 2003-cü ildə ölkədən gedən İnqilab Kərimov haqda sənədi televiziyada göstəriblər. Halbuki, o, siyasi məhbus olub, Avropa Şurasının tələbilə azad olunub. İnqilab Kərimovu 2005-ci ilin 26 noyabr hadisələrində belini sındırıblar, profilaktoriyasını dağıdıblar. Bu mənada onun mübarizəsi ilə bağlı verilən sənədi necə saxta adlandırmaq olar?! İndi kimin şübhəsi varsa, buyursun, ortaya qoysun”.


“İndiki vəziyyət SSRİ-nin Brejnevin son illərini xatırladır”

Müsavat Partiyasının başqanı Arif Hacılı cəmiyyətdə hakimiyyətə münasibətin dəyişdiyini hesab edir:

“Hakimiyyət aydın şəkildə görür ki, normal siyasi rəqabət şəraiti yaranan kimi əksəriyyət müxalifətin tərəfində olacaq və iqtidarın bu mübarizədə qalib gəlmək üçün heç bir şansı yoxdur. Ona görə bu cür açıqlamalarla müxalifəti xalqın gözündən salmağa çalışırlar. Digər tərəfdən isə hakimiyyətin daxilindəki çaxnaşmaların qarşısını almaq üçün müxalifətin yaratdığı təhlükələrdən danışaraq daxildə birliyə nail olmaq cəhdi göstərirlər”.

Arif Hacılının sözlərinə görə, Əli Əhmədovun ittihamları yalnız müxalifətə yönəlməyib. O hesab edir ki, Azərbaycandan müxtəlif adlarla xaricə gedən və orada sığınacaq alanların 90 faizindən çoxunun Müsavata, AXCP-yə və müxalif mətbuat orqanlarına heç bir aidiyyatı yoxdur.

arif-apa.jpg
Arif Hacılı

“Bu gün Qərb ölkələrində sığınacaq alanların çoxu müxtəlif mərkəzlər tərəfindən verilən saxta sənədlər əsasında gediblər. Əli Əhmədov da buna işarə edir. Yəni bir çoxları hakimiyyətin müxtəlif strukturları tərəfindən xaricə göndərilib və onlar müxalif mövqeyi nümayiş etdirsələr də, əslində, hakimiyyətdəki klanlararası mübarizənin iştirakçılarıdır”.

Müsavat başqanı hakimiyyətin durğunluq dövrünü yaşadığını və indiki vəziyyəti SSRİ-nin Brejnev illəri ilə müqayisə edib:

“Hakimiyyət faktiki iflic vəziyyətdədir. İndiki vəziyyəti Brejnevin hakimiyyətinin son dövrləri ilə müqayisə edərdim. Bu gün hakimiyyətin müxtəlif strukturlarında yer tutan, böyük milyardlara malik olanlar idarəetməni iflic vəziyyətə salıb. Hətta İlham Əliyev istəsə də, hər hansı dəyişikliklərə nail ola bilməz. Çünki özünün apardığı siyasət nəticəsində yetişdirdiyi monstrlar faktiki toxunulmaz vəziyyətdədirlər. Ölkəni indiki durğunluqdan yalnız Azərbaycan xalqı xilas edə bilər. Mən proseslərin gedişinə nikbin yanaşıram, cəmiyyət reallıqları başa düşüb. Əgər cəmiyyət dəyişiklik istəyirsə, bunun baş verməsi labüd olacaq. Ölkədə dəyişikliklər üçün kifayət qədər münbit şərait var, səbəb də hakimiyyətin əvvəlki kimi idarə edə bilməməsidir. Xalq isə bundan sonra əvvəlki kimi yaşamaq istəmir. Bu, Azərbaycanın dəyişikliklər ərəfəsində olduğunun göstərcisidir”.


“Əsas müxalifət qüvvələri heç vaxt YAP-ı özlərinin ciddi oponenti kimi qəbul etməyib”

Əli Əhmədovun sosial şəbəkələrdəki yazısını “Turan” İnformasiya Agentliyinə şərh edən politoloq Nəsimi Məmmədli bildirib ki, YAP yetkilisinin müraciəti ümumi xatakterlidir, müraciəti yaymağa vadar edən konkret səbəblərə, faktlara və hətta adlara rast gəlinmir.

“Ancaq Ə.Əhmədovun bir narahatlığı və gərginliyi görünür. Əslində istər Ə.Əhmədovun, istərsə də digər YAP və hakimiyyət təmsilçilərin müxalifətə qarşı sərt, aşağılayıcı, təhqiredici ritorikasını mütəmadi izləyirik. İqtidarın özünə uyğun saydığı bu ritorika artıq cəmiyyətdə heç bir təəccüb doğurmur. Təsadüfi deyil ki, əsas müxalifət qüvvələri heç vaxt YAP-ı özlərinin ciddi oponenti kimi qəbul etməyib. YAP-ın üzvlərinin sayı çox olsa da, müxalifətlə açıq siyasi rəqabətə hazır partiya deyil. Onlar nəinki əsas müxalifət partiyalarından, hətta özlərinin “bəslədiyi” ən zəif “müxalif” partiyaları ilə də açıq debatdan çəkinirlər”.

Copy of Untitled Design (2).png
Nəsimi Məmmədli

Nəsimi Məmmədlinin sözlərinə görə, ölkənin bir çox sahələrində böhran var, iqtisadi, siyasi, humanitar, hüquqi mühit getdikcə daralır.

“Seçki institutu tamamilə sıradan çıxarılıb. Cəmiyyətdə ayrıseçkilik, təbəqələşmə, yoxsulluq, inzibati zorakılıq artır. Bütün instansiya məhkəmələrində ədalətin bərpa edilməsindən çox ədalətsizliyin artması müşahidə edilir. Aşağı və orta təbəqədən olan insanlar mövcud durumdan təngə gəlib. Dövlət-vətəndaş münasibətlərində gərginlik artıb. Hakimiyyətin inzibati və təbliğati resursları ictimai-siyasi proseslərin yönünü dəyişə bilmir. Həmçinin yaxın qonşu ölkələrdə müşahidə edilən siyasi canlanma da öz təsirini göstərir. Qapalı toplantılarda ölkə başçısının yüksək YAP funksionerlərini fəaliyyətsizlikdə, iqtidara qarşı tənqidlərə effektli siyasi cavablar verməməkdə tənqid etməsini də istisna etmirəm. Yüz minlərlə üzvü olan hakim partiyanın siyasi varlığı ilə yoxluğunun cəmiyyətdə bilinməməsi şübhəsiz ki YAP sədrini də narahat etməyə bilməz. Ölkə başçısı bəlkə də bu şəxslərə sual verir ki, biz niyə müxalifətlə ancaq polisin və digər hüquq mühafizə orqanlarının dili ilə danışmalıyıq? Bəs bu hakim partiyanın işi nədir və nə ilə məşğuldur? Ə.Əhmədovun müraciətində bu amillərin rolu da istisna deyil”.

Ana səhifəXəbərlərƏli Kərimli: Əli Əhmədovun dedikləri böhtandır