Əli İnsanovun mülkünü prezidentin köməkçisinin qızı satıb

Keçmiş səhiyyə naziri məhkəmə qərarının icra olunmamasından şikayət edir

Source:


Keçmiş səhiyyə naziri məhkəmə qərarının icra olunmamasından şikayət edir

İyunun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun Nəsimi rayon İcra Şöbəsinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV əməkdaşının məlumatına görə, iclasda Əli İnsanovun vəkili Ağaveyis Şahverdi çıxış edib. O bildirib ki, Əli İnsanovun icra hakimiyyətinin sərəncamı ilə tikilmiş qarajı olub: “Onun həbsindən sonra qaraj sökülüb. Aydınlaşıb ki, kooperativ söküb və həmin əmlaka görə 50 min manat pul ödənilib. Biz müəyyənləşdirdik ki, Əli İnsanovun əmlakını Vəfa Tariyel qızı Əlizadə satıb. Bu şəxs məhkəmə vasitəsilə Əli İnsanovun qarajına sahiblənib və onu satıb. Əslində, bu cinayətdir. Biz şikayət verdik və Apellyasiya Məhkəməsinin qərarı ilə ona mülkiyyət hüququ verən qətnamə ləğv olundu. Mülkiyyət hüququ ləğv olunandan sonra məhkəmə qərar verdi ki, Vəfa Əlizadənin aldığı 50 min manat da Əli İnsanova qaytarılsın. Lakin həmin qətnamə bugünə qədər icra olunmayıb. Vəfa Əlizadənin “DekaBank”da dəyəri 50 min manatdan da xeyli çox olan payı var. Biz onun bankdakı payının üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət etdik. Nəsimi Rayon Məhkəməsi Vəfa Əlizadənin bankdakı payının üzərinə həbs qoyulması barədə qərardad çıxarıb.

Lakin bu qərar icra olunmur. İcra şöbəsi aparıb banka sənəd təqdim eləmir ki, Vəfa Əlizadənin payının üzərinə həbs qoyulsun. Mən qərarın icra olunmamasının səbəblərilə əlaqədar dəfələrlə bu işin icrasına məsul olan Ramin Muradovla, icra şöbəsinin rəisilə görüşmüşəm. Ramin Muradov mənə dedi ki, “bizə göstəriş var, qərar icra olunmasın”.

İclasda çıxış edən Nəsimi rayon icra şöbəsinin əməkdaşı Ramin Muradov isə bildirib ki, o, Ağaveys Şahverdiyə “qərarın icra olunmaması barədə göstəriş var” deməyib. O, qərarın icrası üçün lazım olan icra vərəqini icra şösinə göndərmədiyini deyib.

İcra vərəqinin Nəsimi rayon icra şöbəsinə göndərilməsi üçün proses iyulun 19-na qədər təxirə salınıb.

Məhkəmə prosesində o da məlum olub ki, Əli İnsanovun əmlakını satan Vəfa Əlizadə prezidentin köməkçisi Tariyel Ağayevin qızıdır.

Ana səhifəXəbərlərƏli İnsanovun mülkünü prezidentin köməkçisinin qızı satıb