Əli Həsənov Mehman Hüseynovun həbsinin siyasiləşdirilməsini yolverilməz sayır

”Məhkəmələr müstəqildir və siyasi kampaniyalarla, siyasi təzyiq vasitəsilə onların qərarlarına təsir göstərmək mümkün deyil”

Source:


”Məhkəmələr müstəqildir və siyasi kampaniyalarla, siyasi təzyiq vasitəsilə onların qərarlarına təsir göstərmək mümkün deyil”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici qruplar, təşkilatlar tərəfindən hakimiyyətə ünvanlanmış çağırışlara münasibət bildirib.

Ə.Həsənov deyib ki, vətəndaş Mehman Hüseynov konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb.

Prezident köməkçi APA-ya açıqlamasında Mehman Hüseynovun həbsinin siyasiləşməsini yolverilməz hesab edib:

“Məhkəmələr də yalnız qanunvericiliyin tələblərini rəhbər tutur və qanuna uyğun qərarlar çıxarırlar. Eyni zamanda Azərbaycanın məhkəmə sistemi hüquqlarının pozulduğunu iddia edən hər bir şəxsə yuxarı məhkəmə instansiyasında hüququnu bərpa etmək imkanını təmin edir. Buna görə də Mehman Hüseynovun həbsini onun peşə fəaliyyəti ilə əlaqələndirmək və siyasiləşdirmək, məhkəmənin Azərbaycan qanunvericiliyinə uyğun çıxardığı qərarı şübhə altına almaq cəhdləri yolverilməzdir.

O, olayın süni şəkildə siyasiləşdirildiyini qeyd edib:

“Bu məsələ bəlli daxili və xarici siyasi qruplar, onların təsiri altında olan təşkilatlar tərəfindən süni şəkildə siyasiləşdirilir. Xatırlatmaq istərdim ki, hüquqi dövlət olan Azərbaycanda məhkəmələr müstəqildir və siyasi kampaniyalarla, siyasi təzyiq vasitəsilə onların qərarlarına təsir göstərmək mümkün deyil”.

Martın 3-də bloger Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə ittiham olunaraq 2 il azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərƏli Həsənov Mehman Hüseynovun həbsinin siyasiləşdirilməsini yolverilməz sayır