Arif Əliyev: ”Belə məsələlərin jurnalistikaya aidiyyatı yoxdur”
“İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək qurumun yaradılması bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur. Sevindirici haldır ki, artıq bu təşəbbüs reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik”.
APA-nın məlumatına görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransında çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
“Qəbin islamofob dairələri qərəzli məlumat verir”
Ə. Həsənov bildirib ki, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və xalqların mənafelərinin qorunması işinə mühüm töhfələr verib:
“Hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır. Təəssüflə qeyd etməliyik ki, Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edir. Nəticə etibarilə maddi və mənəvi zənginliyə malik olan müsəlman ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur”.
Ə. Həsənov qeyd edib ki, 2012-ci ildə Qabonun paytaxtı Libervill şəhərində, 2014-cü ildə isə Tehranda İran İslam Respublikasının paytaxtı Tehranda İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 9-cu və 10-cu toplantılarında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul olunub: “Hesab edirik ki, İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin edilməsi, bu məqsədlə KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili və digər bu kimi tədbirlər hazırda öz aktuallığını getdikcə artırır. İKT-yə üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual dünya məkanında birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var. Azərbaycan Respublikası dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib və verəcək. Hesab edirik ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan lV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Bu amili, habelə müsəlman ölkələri arasında informasiya mübadiləsinin səviyyəsinin yüksəldilməsi, İslam həmrəyliyinə kənar və neqativ xarakterli təsirlərin aradan qaldırılması, İslam dininin, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha effektli təbliği və digər məsələlərin uğurla həllini təmin etmək üçün yeni yaradılmış İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası dəstəklənməli, onun məqsədyönlü fəaliyyətinə hərtərəfli yardım göstərilməlidir”.
“Qəribə vəziyyət yaranıb”
Əli Həsənovun söylədiklərini Meydan TV-yə şərh edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, çox qəribə vəziyyət yaranıb: “MDB ölkələrinin jurnalistlərilə bağlı tədbir keçirəndə deyirlər “MDB jurnalistləri birləşməlidir”, türk respublikaları jurnalistləri tədbir keçirəndə yenə həmin çağırış, nəhayət, multikultirizmlə bağlı tədbir keçirirlər, “bütün dünyanın jurnalistləri birləşməlidir”, – deyə bəyan edirlər. Bu, bir növ dilə düşmüş klişelərdir, zərərlisi də, xeyirsizi, xeyirlisi də var, heç biri də baş tutan deyil. Ümumiyyətlə, belə məsələlərin jurnalistikaya aidiyyatı yoxdur. Amma siyasətin çox böyük ziyanı var, yəni jurnalistlər bu barədə danışanda, söhbətin informasiya mübadiləsindən getdiyini başa düşmək olur, siyasətçilər həmin açıqlamanı səsləndirəndə siyasi layihə kimi ortaya qoyulur. Bəlli olur ki, siyasi məqsəd naminə hansısa strukturun yaradılması ehtimalından söhbət gedir”.