Əli Əsədov Baş nazir oldu

Milli Məclis ölkə başçısının təqdimatını qəbul etdi

Foto: Azertac


Milli Məclis ölkə başçısının təqdimatını qəbul etdi

Milli Məclisin plenar iclasında “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Spiker Oqtay Əsədov bildirib ki, Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi barədə Prezident İlham Əliyevə müraciət edib. Milli Məclisin sədri Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Prezident İlham Əliyevin parlamentə müraciətini elan edib və namizədin tərcümeyi-halı barədə məlumat verib. Əli Əsədovun dövlətçilik ənənələrinə sadiq olduğunu deyən spiker onun bilik və bacarığını yüksək qiymətləndirib, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssis olduğunu vurğulayıb:

"Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq, hörmətli Əli Əsədov Baş nazir vəzifəsini layiqincə yerinə yetirəcək” – deyə, spiker təqdimat zamanı bildirib.

Müzakirələr zamanı parlamentin komitə sədri Siyavuş Novruzov Novruz Məmmədova fəaliyyətinə görə təşəkkür edib. O, namizədliyi irəli sürülən Ə.Əsədov barədə müsbət fikirlər səsləndirərək, bu təyinatdan sonra Nazirlər Kabinetində də kifayət qədər islahatlar həyata keçiriləcəyinə əmin olduğunu bildirib:

“Təbii ki, bütün islahatların rəhbəri, ideya müəllifi cənab prezidentdir və komanda üzvləri bu islahatların yerinə yetirilməsi ilə bağlı tapşırıqları icra etməlidirlər”.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib. Əli Əsədov çıxış edərək göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.

Əli Əsədov bu vəzifəyədək Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri vəzifəsini tutub.

Azərbaycan Respublikası Konstitusiyasında Prezidentinin səlahiyyətlərini nəzərdə tutan 109-cu maddəyə əsasən, ölkə başçısı Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

İndiyədək Azərbaycanın Baş naziri olan Novruz Məmmədov 2018-ci il aprelin 21-də təyin edilmişdi.

Ana səhifəXəbərlərƏli Əsədov Baş nazir oldu