“Partiya sədrinin həyatı təhlükədədir”
“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.
Bu barədə təşkilatın sədri Fikrət Cəfərli fevralın 15-də açıqlama yayıb.
O bildirib ki, VİP sədrinin həyatı təhlükədədir: “Vətəndaş və İnkişaf Partiyasının sədri, müxalifət lideri Əli Əliyev fevralın 14-də keçirilən məhkəmə iclasında saxlanıldığı Bakı İstintaq Təcridxanasında ölümlə hədələndiyini bəyan etdi. O bildirdi ki, istintaq təcridxanasında hər an öldürülə bilər”.
“Partiya sədrinin açıqlaması ilə bağlı narahatlığımızı ifadə edir və bu məsələni şəxsi nəzarətinizə götürməyinizi, qanunsuz, qurama ittihamla həbs edilmiş müxalifət liderinin həbsdən buraxılmasını xahiş edirik”, – deyə ölkə başçısına ünvanlanan müraciətdə qeyd olunur.
Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə hökm oxunub.
Partiya sədri Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 5 ay azadlıqdan məhrum edilib.
Fevralın 14-də Bakı Apelyasiya Məhkəməsində VİP sədri Əli Əliyevin şikayətinə baxılıb.
VİP sədrinin apelyasiya şikayəti təmin olunmayıb və Yasamal Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Proses zamanı partiya sədri deyib ki, həbsdə olduğu bir ay ərzində də müxtəlif formalarda təhdid və təzyiqlərlə üzləşib.
Əli Əliyev noyabrın 30-da Xızıda – Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərovun şikayəti əsasında cəzalandırılıb.
Əli Əliyev dekabrın 9-da “Youtube” platformasındakı “Osmanqızı” kanalında bu qəzanı şərh edərkən deyib ki, telekanallarda müsahibə verən və qəzadan sağ çıxdığı bildirilən iki zabitin əslində, hadisə vaxtı vertolyotda olduğuna inanmır.
Partiya sədrinə qarşı xüsusi ittiham qaydasında daha bir iddia üzrə Yasamal Rayon Məhkəməsində proses davam edir.