Əli Əliyev: “Həbsdə mənə ölüm hədəsi olub”

Foto: VİP sədri Əli Əliyevin arxivindən

Elçibəyin bir fikri vardı ki, həbsdə olmayan siyasətçi qızılca çıxarmayan uşaq kimidir”

“Prezident Administrasiyasının məsul şəxsləri mənə həbs olunacağım haqda əvvəldən xəbərdarlıq etmişdi. Prokurorluqda da mənə xəbərdarlıq olunmuşdu. DTX-da bir neçə saatlıq qanunsuz saxlanılanda da artıq şübhələnməyə başladım”, – bunu Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev fevralın 14-də Bakı Apelyasiya Məhkəməsində çıxış edərkən bildirib. Bu instansiyada hakim Habil Məmmədovun sədrliyilə onun 5 aylıq həbs hökmündən verilmiş apelyasiya şikayətinə baxılıb.

Öncə partiya sədrinin vəkili Cavad Cavadov çıxış edib. Vəkil bildirib ki, müvəkkili haqqında Yasamal Rayon Məhkəməsində 13 yanvarda çıxarılmış hökm qanunsuz və əsassızdır, ifadə azadlığına ziddir. Onun sözlərinə görə, Əli Əliyev partiya sədridir, müxtəlif səpkili çıxışlar edir, bəzən hansısa məsələlərə görə sərt tənqidləri olur. Məhz belə çıxışlarına görə 22 sentyabrda o, Baş Prokurorluğa çağırılıb, xəbərdarlıq edilib. Deyilib ki, bu cür davam edərsə, daha ciddi addımlar atılacaq.

Vəkilinin sözlərinə görə, son bir ildə Əli Əliyev müəllim işlədiyi Tibb Universitetindən çıxarılmaq üçün də təzyiqlərlə üzləşib, “Facebook”da açdığı hesablar ələ keçirilib. Müdafiəçi deyir ki, təzyiqlər bununla bitməyib. Noyabrın 6-da DTX əməkdaşları partiyanın ofisində axtarış aparıb, ardınca Əli Əliyevin özü bir neçə saat DTX-da saxlanıb.

Əli Əliyevin həbsinə səbəb olan, helikopter qəzası haqda çıxışına gəlincə, vəkil deyir ki, partiya sədri faktlara istinad edərək, öz mülahizələrini bildirib, o cür hadisədən kiminsə sağ çıxacağına inanmadığını söyləyib.

Əli Əliyev haqqında Yasamal Rayon Məhkəməsində keçirilmiş prosesdə yol verilən pozuntulardan, onun hüquqlarının məhdudlaşdırılmasından danışan vəkil bildirib ki, hakim aqressiv münasibət nümayiş etdirirdi.

Cavad Cavadov vurğulayıb ki, vertolyot qəzasından sağ çıxdığı bildirilən iki ayrı zabit Əli Əliyevə qarşı iddia qaldırsa da, ərizələrin hər ikisi tamamilə eynidir. Buna baxmayaraq, onlar bir icraata götürülmədi.

VİP sədri çıxışında deyir ki, bu işdə Əli Əliyev yox, Azərbaycanda söz və fikir azadlığı mühakimə olunur. Onun sözlərinə görə, bu həbs son bir ildə davamlı təzyiqlərin nəticəsi idi. Təzyiqlərin səbəbini isə o, belə izah edir: “Səbəb siyasi fəaliyyətim, rüşvət təkliflərindən imtina etməyim, hakimiyyətin siyasətinə qarşı tutduğum barışmaz mövqedir. Bilirdim ki, məni nə gözləyir. Bunlar olmayacaqdı, başqa üzəduranlar olacaqdı. Hakimiyyətin istədiyi budur ki, insanlar korrupsiyaya, yarıtmaz idarəçiliyə etiraz etməsin”.

Əli Əliyevin sözlərinə görə, həbsdə olduğu bir ay ərzində də müxtəlif formalarda təhdid və təzyiqlərlə üzləşib: “Bu hakimiyyətdən mənim heç vaxt şəxsi xahişim olmayıb. Heç kim düşünməsin ki, məni məhbəsdə ağlamsınan vəziyyətdə görəcək. Bu bir ay ərzində həbsdə mənə ölüm hədəsi də olub. Hətta ən adi gigiyenik vasitələrdən istifadə imkanları da məhdudlaşdırılır. Mən olduğum müddətdə o təcridxanadan hər dəfə 9 nəfər olmaqla, iki dəfə ermənilər buraxılıb. Deməli, məni özləri üçün ermənilərdən daha təhlükəli hesab edirlər?”

Xüsusi ittiham qaydasında iddia qaldırmış DSX hərbçilərinin şikayətlərinə ayrı-ayrılıqda baxılmasını da qərəz adlandıran VİP sədri bildirib ki, eyni əmələ görə iki dəfə hökm çıxarmağın özü absurddur. O, yenə də fikrində qalır ki, xüsusi ittihamçıların heç biri qəzaya uğrayan vertolyotda olmayıb:

“Yanan – 1000 dərəcə temperaturda, o sürətlə yerə çırpılan vertolyotdan adam bu vəziyyətdə çıxa bilməzdi. Bunu həkim kimi deyirəm. Bu cür düşünməyi heç kim mənə qadağan edə bilməz. Bunu məndən başqa da deyənlər var. Məsələn, Naxçıvanda uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olan Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda bu adamların adını çəkməmişəm. Onlar sadəcə, alətdilər. Sabah eyni məntiqlə DSX rəhbəri, onun müavinləri də mənə qarşı eyni məzmunlu iddia qaldıra bilər”.

VİP sədri əlavə edib ki, siyasətçi kimi həbs olunmasıyla fəxr edir.

“Elçibəyin bir fikri vardı ki, “həbsdə olmayan siyasətçi qızılca çıxarmayan uşaq kimidir”. Bu gün Rusiyada Navalnı, Belarusda Tixanovskayanın həyat yoldaşı, Gürcüstanda Saakaşvili həbsdədir. Bu gün mənim üzümə duran adam sabah mənə böhtan atdığına görə mənim yerimdə olacaq. Özü də o yerlərdə üzə duranların statusu çox ağır olur”, – Əli Əliyev əlavə edib.

VİP sədrinin apelyasiya şikayəti təmin olunmayıb, Yasamal Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb.

Əli Əliyevin vəkilləri Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Əli Əliyev noyabrın 30-da Xızıda – Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərovun şikayəti əsasında cəzalandırılıb.

Əli Əliyev dekabrın 9-da “Youtube” platformasındakı “Osmanqızı” kanalında bu qəzanı şərh edərkən deyib ki, telekanallarda müsahibə verən və qəzadan sağ çıxdığı bildirilən iki zabitin əslində, hadisə vaxtı vertolyotda olduğuna inanmır.

Partiya sədrinə qarşı xüsusi ittiham qaydasında daha bir iddia üzrə Yasamal Rayon Məhkəməsində proses davam edir.

Ana səhifəSiyasətƏli Əliyev: “Həbsdə mənə ölüm hədəsi olub”