Xüsusi itttihamçının vəsatəti ilə proses aprelə qədər təxirə salınıb
5 ay azadlıqdan məhrum edilən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev yenidən məhkəmə qarşısına çıxarılıb. O, Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki hərbçinin hadisə zamanı orada olmasına inanmadığı haqda açıqlamasına görə həbs edilib. Həmin açıqlamaya görə Əli Əliyevə qarşı daha bir məhkəmə işi isə açıq qalıb. Hərbçilərdən biri – Emil Cəfərovun iddiası üzrə artıq hökm çıxarılıb, Ramin Ədilovun iddiası üzrə isə proses davam edir. Fevralın 28-də Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyilə həmin işə baxılıb.
Məhkəmədə tərəflərin anket məlumatları dəqiqləşdirilib. Xüsusi ittihamçı Ramin Ədilov vəsatət qaldıraraq məhkəmə prosesinin təxirə salınmasını istəyib. O bildirib ki, məhkəmədə əyləşməkdə çətinlik çəkir, səhhətində problemlər var, müalicə olunur.
Əli Əliyev də, vəkilləri də prosesin təxirə salınmasına etiraz edib. Onlar bildirib ki, qarşı tərəf vəsatətini əsasıandıracaq sənəd-sübut təqdim etməyib.
“Özü iştirak edə bilmir, nümayəndəsi var. Göstərsin ki, harası ağrıyır. Sənəd qoysun ortaya. Heç bir sənəd-sübut yoxdur”, – Əli Əliyev bildirib.
Partiya sədri xüsusi ittihamçını “üzəduran” adlandırıb. Qarşı tərəf bu ifadəyə etiraz edib.
“Bu günə qədər oturmasıyla bağlı heç bir şikayəti yox idi, indi nə oldu? Niyə yubadır prosesi?”, – Əli Əliyev də etiraz edib.
Etirazlara baxmayaraq, Rauf Daşdəmirov xüsusi ittihamçının istəyini təmin edib.
“Bu iş xüsusi ittihamçıdan asılı olan işdir. Ona görə də vəsatət təmin olunur”, – hakim bildirib.
Məhkəmə prosesi aprelin 4-nə qədər təxirə salınıb.
Partiya sədri helikopter qəzasından sonra, dekabrın 9-da “Youtube” şəbəkəsində – “Osmanqızı” kanalında çıxışında səsləndirdiyi fikirlərə görə mühakimə olunur. Əli Əliyev helikopter qəzası haqda danışarkən bildirib ki, oradan sağ çıxdığı iddia olunan bu adamların əslində, orada olmasına inanmır. O, efirdə qəzanın səbəbləri haqda danışan Emil Cəfərov və Ramin Ədilovun üzündə adi cızıq, çapıq izlərinin olmamasına diqqət çəkib: “Huşunu itirmiş, 3000 metr hündürlükdən düşmüş insanın üzündə heç bir cızıq, çapıq olmaması, yalnız bazu və said sümüyünün sınması, o adamın həmin vertolyotda olması inandırıcı deyil. Sərnişin qəzanın səbəbini bilə bilməz. Yalnız pilot – idarə edən pozuntunun uçuşda olan problem haqda ehtimal irəli sürə bilər. Bu adamlar isə məhz o məsələni vurğulayırlar. Bu da bir daha göstərir ki, onlar öyrədilib”.
Dövlət Sərhəd Xidmətinin zabitləri iddia edir ki, Əli Əliyev onların barəsində bu cür fikirlər səsləndirməklə şərəf və ləyaqətlərini alçaldıb, nüfuzlarına zərbə vurub. Onlar iddia ərizələrində vurğulayıb ki, Əli Əliyev faktiki onları xidmət yoldaşları və yaxın dostlarının ölümü ilə bağlı yalan məlumat verməkdə ittiham edir, cəmiyyət və kollektiv arasında nüfuzdan salır.
Əli Əliyev isə həbsinin siyasi sifariş olduğunu deyir. O hesab edir ki, bu hərbçilərdən vasitə kimi istifadə olunur.