Sabah müzakirəyə çıxarılan “Media haqqında” Qanun layihəsi ictimaiyyətə açıqlanmır
Dekabrın 10-da “Media haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşündə bildirib ki, yeni qanun layihəsi üzərində işlər artıq yekunlaşıb.
İcraçı direktor həmçinin qeyd edib ki, yeni layihəyə əsasən, bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək:
“Jurnalistlərin vergi güzəştləri və digər sosial təminatlardan da yararlanması üçün layihələr üzərində iş gedir. Həmçinin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı layihələr hazırlanıb. İqtisadiyyat Nazirliyi ilə bu istiqamətdə müzakirələr aparılır”.
“Həm “Media haqqında” qanun, həm də Vergi Məcəlləsinə dəyişikliklərin eyni anda qəbul olunmasını istəyirik. Vergilər Məcəlləsinə jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur”, – Əhməd İsmayılov bildirib.
“Əhməd İsmayılovun ağlından nə keçdiyini bilmirəm. Nəyi nəzərdə tutduğunu da anlamıram. “Media haqqında” yeni qanun layihəsi ilə bağlı məlumatı açıq formada ortaya qoymaq lazımdır”, – media eksperti Ələsgər Məmmədli Meydan TV-yə belə deyib:
“İnformasiya əldə etmək haqqında” qanunun 29-cu maddəsinin 1-ci hissəsinin 10-cu bəndində deyilir ki, normativ hüquqi aktların layihəsi razılaşdırılmaya göndərildiyi andan inetrnetdə yayılmalıdır. Azərbaycanda bütün medianın fəaliyyətini maraqlandıran qanun layihəsi bir ilə yaxındır müzakirə olunur. Mövcudluğundan danışılır, amma ortada layihə yoxdur. Yalnız bu gün məlum olub ki, yeni qanun sabah parlamentə müzakirəyə çıxarılacaq. Qanun layihəsinin yayımlanmaması Azərbaycan media cəmiyyətinə böyük hörmətsizlikdir”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, ilk növbədə jurnalistlərə azad şəkildə öz vəsaitlərini qazanmaq imkanı yaradılmalıdır:
“Güzəşt jurnalistlərə yox, biznes subyektlərinə olunmalıdır. Mediaya azadlıq vermək lazımdır. Azərbaycanda reklam bazarının həcmi yarım milyard manat olmalıdır. Yarım milyard manat etsələr, onda bilərik ki, medianın qayğısına qalırlar. Bu gün Azərbaycanda mediaya reklam bazarının həcmi rəsmi olaraq 17 milyondur. Qeyri-rəsmi isə on dəfə aşağı, təxminən 50 milyondur. Bunu etsinlər, heç bir güzəştə ehtiyac lazım deyil”.
Bu ilin yanvarında Prezident İlham Əliyevin fərmanına əsasən Medianın İnkişafı Agentliyi yaradılıb. Həmin fərmana əsasən “Media haqqında” Qanun layihəsi hazırlanıb.
Qanun indiyədək nə ictimaiyyətlə müzakirə edilib, nə də bu haqda ətraflı məlumat verilib.