…Taxta döşəmə dəmir vaqondan olan evə keçiddir. Evin sahibi Nübar Cabbarova 1992-ci ildə Laçından köçkün düşərək bu evdə yaşamağa başlayıb. Qışda soyuq, yayda isti olan vaqonda qadın nəvəsi və qızı ilə birgə yaşayır. Evə yeganə çörək gətirən Nübar xanımdır. Amma onun qazancı da doyunca yeməyə bəs eləmir. İş düşəndən düşənə evlərə təmizliyə gedir, 5-10 manat qazanır.
“Bax, bu gün o gəlin ayın-oyun alıb gətirib. O gün bunun (yataqdakı nəvəsin göstərir) qəndi olmadı, and olsun Allaha, onu göndərdim( qızını göstərir) iş yerimə ki, qənd alsın gəlsin. Gedirəm onun-bunun işin görürəm. Heç kim bilmir ki, mən nə çəkirəm, heç kəs görmür. Heç kimim yoxdu, göydə Allahdır…”
Rəsmi rəqəmlərə görə ötən il Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz olub. Yoxsulluq, yaşayış minimumu ilə müəyyən olunur. Yaşayış minimumundan aşağı gəliri olanlar yoxsul sayılırlar. 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat təyin olunub.
REAL-ın icra katibi, iqtisadçı Natiq Cəfərli ölkədə 5 faizlik yoxsulluq səviyyəsini gerçək saymır. O deyir ki, Azərbaycanda bütün statistik rəqəmlər siyasiləşib, Sovetdənqalma indikatorlarla hesablama aparılır. İqtisadçı bildirir ki, reallığı nəzərə alsaq, Azərbaycanda yoxsulluq Afrika ölkələri səviyyəsindədir.
“Əgər Avropa standartlarına uyğun hesablama qaydaları aparılsa, Azərbaycanda yaşayış minimumu indikindən iki-üç dəfə artıq olmalıdır. Əgər belə olsa, indiki yoxsulluq səviyyəsindən təqribən 4-5 dəfə artıq Azərbaycanda yoxsulluqla bağlı rəqəmlər ortaya çıxa bilər. Bugünkü 5 faizdən bu 20-25 faizə qədər arta bilər”.
İqtisadçı hökumətin yoxsulluqla mübarizə üsulunu effektiv saymır. O, yoxsulluqdan çıxış yolu kimi hökumətin bazar iqtisadiyyatına keçidi təmin etməsini, iş yerlərinin yaradılmasını təklif edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə əhalinin gəlirləri 45.4 milyard manat olub. Onun 76.3 faizi gündəlik qida və qeyri-ərzaq məhsullarına sərf olunub.
Bakı sakinlərindən soruşduq ki, qazanclarının neçə faizini ərzağa xərcləyirlər.
– Vallah bütün mallar demək olar ki, bahadır. Qiymətlər çox bahadır. 450 manat maaş alıramsa, bunun 250 manatı ərzağa gedir. Aylıq demirəm ha, aylıq lap çox. Yoldaşım da xərcləyir, özüm də xərcləyirəm.
– Qazancımız azdır. Onun da 60-70 faizi ərzağa gedir. Qalanı da evin kommunal xərclərinə gedir. Belə götürəndə, çatmır. Açığı deyək ki, bu aydan o biri aya görmür. Çünki hər şey bahalaşıb, amma əmək haqlarında artım yoxdur.
– 80 faizini ərzağa xərcləyirəm. Təqribi ayda 200-300 manat…
– Vallah baxır necə… Bir ay olur ki, maaşımın yarısından çoxunu ərzağa xərcləyirəm.
– Mənim qazancım heç özümə, ailəmə çatmır.
– Çox pis dolanırıq. Mən özüm rəssamam, mozaika ustasıyam. Dünyada analoqu olmayan işlər edirəm. Amma mən burada acından ölürəm. Bax, belə dolanıram bizim azad respublikamızda.
İnkişaf etmiş ölkələrdə qazancın 60 faizinin ərzaq və qeyri-ərzaq məhsullarına yönəldilməsini yoxsulluq əlaməti hesab edirlər. Yoxsulluq səviyyəsi 5 faiz olan Azərbaycanda isə bu rəqəm 76 faizi keçib.