Eldar Sabiroğluna açıq məktub

2013-cü ilin 1 aprelindən 2014-cü ilin 30 dekabrına qədər siyasi məhbus olmuşam

Source:
Zaur Qurbanlı –
Zaur Qurbanlı –
Zaur Qurbanlı – Banner
Zaur Qurbanlı – Banner

Eldar bəy, mənim adım Zaur Qurbanlıdır. 2013-cü ilin 1 aprelindən 2014-cü ilin 30 dekabrına qədər siyasi məhbus olmuşam. Artıq bu sözü deməyə çəkinməzsiniz, çünki öz oğlunuz da siyasi məhbusdur. Amma əvvəllər siz daha pis sözlər deyirdiniz. Bir var, “Azərbaycanda siyasi məhbus yoxdur” deyəsən, bir də var, pulemyotla güllələnmiş əsgər barədə “intihar edib” deyəsən. Elə mən də sizin ölülərə, ordumuza, əsgərlərimizə, onların biçarə valideynlərinə atdığınız şərə görə mitinqlərə çıxmışdım və həmin mitinqlərə görə də siyasi məhbus olmuşdum.

Həm də məsələ təkcə mənim ömrümün 21 ayının yeyilməsində deyil. İlk növbədə söhbət ölən əsgərlərdən, onların qanının yerdə qalmasından gedir. Siz Bəyalı dayının əlində orduda öldürülmüş oğlunun şəkli olan fotosunu görmüsünüz? Mən hər o fotoya baxanda təkrar-təkrar anlayırdım ki, əsgər ölümlərinin dayandırılması üçün biz mitinq də etməliyik, həbs də yatmalıyıq.

Siz sizin böhtanlarınıza etiraz etdiyi üçün tutulmuş Rəşadət Axundovun babası Ənayət kişinin bu həbsə dözməyərək, damarlarını doğrayıb öldüyünü bilirsiniz?

Siz sizin böhtanlarınıza etiraz etdiyinə görə 17 yaşında həbs edilmiş Şahin Novruzlunun atası İbrahim dayının ürəyinin bu həbsə dözməyərək partladığını bilirsiniz? Yalnız İbrahim dayı öləndən sonra onun oğlu azad olundu.

Siz sizin atdığınız böhtanlar sübut olunsun deyə, bizim məhkəmələrdə nə qədər adamın üzə duraraq sındığını, nə qədər hakimin hakimlik adını murdarladığını, nə qədər prokurorun, müstəntiqin Azərbaycan hüququna tüpürdüyünü bilirsiniz?

8 gəncə ümumilikdə 59 il iş verildiyini bilirsiniz? Və indi də 4-cü ildir, məhz sizin də tirajladığınız, utanmadan, qırmızı-qırmızı üzümüzə dediyiniz şər-böhtanlara etiraz etdiyi üçün İlkin Rüstəmzadənin həbsdə olduğunu bilirsiniz?

Siz heç bizim məhkəmələrdə analarımızın, doğmalarımızın necə ağladığını görmüsünüz?

Sizin gözləriniz “kor” olub həmişə. Dedovşinadan, korrupsiyadan qırılan əsgərlərimizi “görməmisiniz”. Ağzından süd iyi gələn uşaqlarımızın hərbi xidmətdə döyülərək öldürülməsini “görməmisiniz”, əsgərlərin yeməklərindən, təminatından kəsilib büdcənin talan olunmasını “görməmisiniz”.

Amma hamımız bunu görürdük. Etiraz edənlər isə bir neçə min nəfər məsuliyyətli və vicdanlı insan idi. Siz isə hamınız bir ağızdan bu insanları “erməni dəyirmanına su tökən”, “vətən xaini”, “xarici qüvvələrə işləyən” adlandırırdınız. Biz ona görə bu iqtidarın hər hərəkətinə etiraz edirik ki, məsələnin təkcə müdafiə nazirinin dəyişməsi ilə bitməyəcəyini bilirik. Sizin müdafiə etmək məqsədilə ölən əsgərlərə qədər xeyli insana böhtan atdığınız Səfər Əbiyevi də işdən qovdular, elə sizin özünüzü də. Çünki yaltaqlanmaq hörmətsiz bir şeydir. Siz bir xalqın, bir ölkənin məhvi prosesini canla-başla həyata keçirən iqtidarın qurulmasında iştirakınızla fəxr edə bilərsiniz, amma həmin iqtidar sadəcə həqiqəti dediyi üçün sizin oğlunuzu şərləyib həbs edər. Budur həqiqətin gücü. Həqiqət bir gün mənim kimi insanlara imkan verir ki, beləcə hər şeyi sizin kimi şər-böhtan ruporlarının üzünə çırpım.

Əsgər ölümləri yenə davam edir, həm də hamının alqışı altında – cəbhədə. Dəyişən çox şey yoxdur. Amma biz – bu ölümlərə etiraz edən insanlar alnıaçıq, üzüağıq. Biz bacardığımızı etdik, yenə edəcəyik. Elə Rüfət də. Amma siz heç vaxt vicdanınız qarşısında cavab verə bilməyəcəksiniz.

Mən ilahi ədalətə inanmıram. Hadisələrin belə gərdişi təsadüfdür. Sizin kimi şər qulluqçularının 99 faizinin övladı da azadlıqda, vəzifə başındadır, özü də. Mən Rüfətin həbsini sizin mənfi əməllərinizin nəticəsi olduğuna inanmıram. Rüfəti alqışlayıram, ona azadlıq arzu edirəm. Amma sizə bunu deməyi özümə borc bilirəm: Hər dəfə Kürdəxanıya gedəndə xatırlayın ki, sizin böhtanlarınıza etiraz etdiyi üçün həbs edilən 8 gəncin valideynləri aylardır, illərdir, bu yollarda ayaq döyürlər, xəstələnirlər, ağlayırlar, bəzən dözmürlər, hətta ölürlər…

Ana səhifəMənim FikrimcəEldar Sabiroğluna açıq məktub