“Sən axı bilirdin ki, mən kimlərlə mübarizə aparıram. Özün də duymadan onların məkrli və çirkli niyyətlərinə xidmət etmiş oldun”
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri və sabiq deputat Eldar Sabiroğlu Moderator.az vasitəsilə oğlu Rüfət Səfərova müraciət edib.
Meydan Tv müraciəti olduğu kimi təqdim edir.
Oğlum Rüfətə!
Əziz Rüfət, tale elə gətirdi ki, sənə belə müraciət edəsi oldum. Həyatın keşməkeşlərini az görməmişdim, ancaq səndən belə bir zərbə alacağımı heç ağlıma gətirməzdim. Bağışlamaq çətindir, ancaq sən mənim övladımsan, səndən necə keçə bilərəm ki. Ata-bala kimi aramızda çox söhbətlərimiz olub. Sənə böyük ümidlərim var idi, qırdın…
Heç vaxt istəməzdim ki, belə olsun, amma məsləhət yenə Allahındır. Axı sən belə oğul deyildin. Bir neçə günün içində səni dəyişdirən nə oldu, əziz oğul? Rüfət, həm özünə, həm də ata-anana problemlər yaratdın. Sən axı bilirdin ki, mən kimlərlə mübarizə aparıram. Özün də duymadan onların məkrli və çirkli niyyətlərinə xidmət etmiş oldun. Hansı qara qüvvə səni bu yola çəkdi? Beş il birlikdə olmadıq, səndən uzaq qaldıq, ananla səni qoruya bilmədik.
Yazırsan ki, oğulluqdan imtina edə bilərsən, Ata. Səhv düşünürsən, oğlum!. Səni böyütmədim ki, səndən asanlıqla imtina edəm. Gəl razılaşaq ki, yanlışı seçdin, rəqiblərə, söyüş söyənlərə, təhqir yağdıranlara, atana amansız zərbə vuranlara fürsət verdin. Seçdiyin yolun səhv olduğunu dərk edib geri dön, oğlum, sənə məsləhətim budur.
Düzdür, bir həqiqətdir ki, səni boğaza yığmışdılar və bilirəm ki, buna dözmədin. Sən imtahan verərək yüksək göstəricilərlə prokurorluq orqanlarına qəbul olunmuşdun, ancaq buna baxmayaraq səni Zərdaba göndərdilər. Beş il orda əziyyət çəkəsi oldun, qalmağa yerin belə yox idi. Bunların hamısını yaxşı bilirəm. Səninlə bərabər imtahan verərək zəif nəticələr toplamışları bir ildən sonra daha yaxşı yerlərə göndərdilər, amma səni seçdilər, ayırdılar yoldaşlarının cərgəsindən. Və yaxşı bilirəm ki, bütün bunlar mənə görə idi. Prezident Administrasiyası rəhbəri haqqında yazdığım materiallardan, yazılardan qorxub, ehtiyyat edib sənə haqq etdiyini vermədilər. Sən də günlərin birində acığa düşüb tutduğun yolu atdın.
Oğlum Rüfət, məni neçə illər idi ki, boğaza yığırdılar, amma sənin naminə hər şeyə dözürdüm. Nə olardı ki, sən də bir az dözümlü olaydın. Sən də mənə görə dözməliydin. Ürəyim doludur, Rüfət, deyə bilmirəm!
Səni bu yola sövq edən səbəblər, kəslər, hədəflər neçə illərdir ki, atanın qarasınca düşmüşdülər. Lakin mən onlara görə seçdiyim yoldan dönmədim və hesab edirəm ki, düz etdim. Ancaq seçim sənindir, özün bilərsən oğlum. Ananın sənə çoxlu salamları var.
Oğlum, Allah sənin başının üstündə olsun, Allah səni bəd qüvvələrdən qorusun!
İmza: Atan Eldar Sabiroğlu.
Tarix: 20.12.2015 saat 20:00