Eldar Həsənovun ailəsinin müsadirə olunmuş əmlaklarının bir hissəsi geri qaytarıldı

Eldar Həsənov, Foto: Meydan TV

Ali Məhkəmə Eldar Həsənovun cəzasını yox, əmlaklarla bağlı hökmü dəyişdi

Oktyabrın 20-də Ali Məhkəmədə 1995-2000-ci illərdə Baş prokuror, 2001-2020-ci illərdə isə Azərbaycanın müxtəlif ölkələrdə səfiri işləmiş Eldar Həsənov haqqında kassasiya şikayətinə baxılıb. Şikayət həm keçmiş səfirin 10 il azadlıqdan məhrum edilməsi, həm də özünə və ailə üzvlərinə məxsus daşınmaz əmlakların, o cümlədən mənzillər, torpaq sahələrinin müsadirə olunmasıyla bağlı idi.

Eldar Həsənova 10 il həbs cəzası verilməsi məsələsində hökm qüvvədə qalıb. Lakin əmlakların müsadirəsi hissəsində hökmə dəyişiklik edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə müsadirəsinə qərar verilmiş əmlakların bir hissəsi Eldar Həsənovun ailəsinə qaytarılıb. Onlar əsasən, keçmiş səfirin üç övladına məxsus mənzillər, həmçinin həyat yoldaşının mülkiyyətindəki əmlakların bəziləri olub.

Ali Məhkəməyə Eldar Həsənovun özüylə yanaşı, həyat yoldaşı, iki qızı, oğlu, daha iki qohumu da şikayət vermişdi. Çünki müsadirə olunan əmlakların əksəriyyəti onların mülkiyyətində olub.

Baş prokurorun övladları – Anar Həsənov, Emiliya Qurbanova və Səbinə Hüseynova şikayətlərində göstərib ki, müsadirə olunan əmlaklar arasında elələri var, babalarından miras qalıb, 90-cı illərdə əldə olunub və s. Bundan başqa, ali təhsillidilər, ailə qurublar, onların özlərinin də daşınmaz əmlak əldə etməsi təbii haldır.

Müsadirə edilən əmlaklar arasında Bakıda mənzillər, Nardaranda bağ evi, Abşeronda torpaq sahəsi, həmçinin Monteneqronun Budva şəhərində mənzil də vardı.

Eldar Həsənov 2000-ci ildə Baş prokuror vəzifəsindən azad ediləndən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. İddia olunur ki, o, səfir vəzifəsində çalışarkən büdcədən ayrılan vəsaitləri mənimsəyib.

Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir:

“Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Ana səhifəSiyasətEldar Həsənovun ailəsinin müsadirə olunmuş əmlaklarının bir hissəsi geri qaytarıldı