“Məhkumluğu olan Kamandar Nəsibov və Ramiz Zeynalov kimi vəkillər kollegiyadan çıxarılmayıb”
İyunun 23-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində vəkil Əlayif Həsənovun Vəkillər Kollegiyasına qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.
Meydan TV əməkdaşının məlumatına görə, iclasda Vəkillər Kollegiyasının nümayəndəsi Altay Muradov çıxış edib. Bildirib ki, Əlayif Həsənovun kollegiyanın üzvlüyündən çıxarılması barədə qərar ayrıca akt şəklində çıxarılmadığı üçün onu məhkəməyə təqdim edə bilmirlər. O, yalnız iclas protokolundan Əlayif Həsənova məxsus hissənin sürətini çıxarıb məhkəməyə təqdim edə biləcəklərini deyib. A. Muradov kollegiyanın Rəyasət Heyətinin üzvlərindən hər birinin iclasda iştirak etdiyini və Əlayif Həsənovun kollegiyadan çıxarılmasının leyhinə səs verdiklərini deyib. Ə. Həsənov isə bildirib ki, məhkumluğu olan Kamandar Nəsibov və Ramiz Zeynalov kimi vəkillər kollegiyadan çıxarılmayıb və ona qarşı ayrı-seçkilik edilib. A. Muradov isə bildirib ki, kimin kollegiyadan çıxarılması, kimin çıxarılmamasına Rəyasət Heyətinin üzvləri qərar verir: “Kamandar Nəsibov cərimə cəzasına məhkum edilmişdi. Ramiz Zeynalov isə ehtiyatsızlıqdan yol qəzası törətmişdi. Görünür onları xaric etməyi məsləhət bilməyiblər. Bunu niyə belə ediblər, mən deyə bilmərəm. Çünki Rəyasət Heyətində təmsil olunanlar müstəqil adamlardılar və özləri qərar verirlər”.
Ə. Həsənovun nümayəndəsi Xalid Bağırov isə vəsatətlə çıxış edərək bildirib ki, qarşı tərəf bəzi vəkillərin kollegiya üzvlülüyündən çıxarılmadığını deyir. O, həmin vəkillərlə bağlı qərarların məhkəməyə təqdim edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra Xalid Bağırov bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvlərindən olan vəkil İradə Cavadova “Azadlıq” qəzetinə açıqlama verərək, Əlayif Həsənovla bağlı iclasda iştirak etmədiyini deyib: “Lakin Altay Muradov bütün üzvlərin iclasda iştirak etdiyini deyir”. X. Bağırov bütün üzvlərin şahid qismində çağırılıb dindirilmələrini istəyib. Ə.Həsənov isə məhkəmənin hərtərəfli araşdırma aparmasını istədiyini deyib. Bildirib ki, ona qarşı ayrı-seçkiliyə yol verilib: “Mən keçən dəfə dedim ki, məcbur etməyin ki, məhkəmə qarşısında özümü yandırım. Bunu əsəbiləşib demişdim. Mən güclü insanam və qanunsuzluğa qarşı sonuna qədər mübarizə aparacağam”.
Altay Muradov isə bildirib ki, mətbuatda gedən yazı sübut ola bilməz. Bu, dezinformasiya da ola bilər.
X. Bağırov isə ən azından İradə Cavadovanın gəlib məhkəmədə ifadə verməsini istəyib. Ə. Həsənovun digər nümayəndəsi İntiqam Əliyev isə bildirib Rəyasət Heyətinin qərarı inzibati aktdır və həmin sənəd nəticəsində Əlayif Həsənov öz işindən məhrum olub: “Əlayif Həsənov bütün dünyada tanına bir insanın vəkili idi və onun zorakılığa məruz qalması haqqında məlumat vermişdi. Biz dəqiq bilirik ki, kollegiyada Əlayif Həsənovla bağlı iclas olmayıb”.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə prosesi iyulun 14-də davam edəcək .
Əlayif Həsənov Vəkillər Kollegiyasından Bakı İstintaq təcridxanasında Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın iddiası əsasında çıxarılıb. Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətə müraciətində əvvəllər də məhkum olunmuş Nuriyyə Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını, bu qadın tərəfindən döyüldüyünü bildirmişdi. Nuriyyə Hüseynova buna görə vəkili məhkəməyə verib və Əlayif Həsənov barəsində CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə hökm çıxarılıb. Vəkillər Kollegiyası da bunu əsas gətirərək, Əlayif Həsənovu vəkillikdən uzaqlaşdırıb.
Əlayif Həsənov isə bu qərarın siyasi sifariş olduğunu bildirir. Hesab edir ki, onun kollegiyadan uzaqlaşdırılması siyasi məhbusları müdafiə edən, ölkədə məhkəmə sistemini tənqid edən vəkillərə qarşı təzyiqlərin tərkib hissəsidir.
Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili, o cümlədən Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.