Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin cinayət işində təqsirləndirilənlərin növbəti məkəmə prosesi keçirilib.
Vəkil Fariz Namazlının sözlərinə görə, prosesdə dindirilən tibbi ekspertlər verilən rəyi əsaslandıra bilməyiblər:
“Ekspert bildirdi ki, ümumiyyətlə, həkimlərin xəstəyə vaxtında müdaxilə edib-etməməsi onun səlahiyyətində deyil. O, sadəcə daxil olmuş, ilkin tibbi sənədlər əsasında Rasim Əliyevin ölməsi səbəbini müəyyənləşdirib. Digər ekspert də, ekspertiza rəyində göstərmişdi ki, həkimlər haqlı olaraq, düzgün taktiki mövqe gözləyirdilər. Amma məhkəmədə ifadə verərkən göstərdi ki, bəzi şeylər etmək olardı. Konkret Rasim Əliyevə münasibətdə, məsələn, tomaqrafiya müayinəsi, USM və s. hərəkətlər etmək olardı. Amma etiraf elədi ki, olunmayıb. Sadəcə həkimlər gözləmə mövqeyindədir. Bu gözləmə mövqeyinin nə dərəcədə düzgün olmağını izah edə bilmədi”.
Proses zamanı zərərçəkən tərəfin vəkili Fariz Namazlı prosesdə bildirib ki, Rasim Əliyevdən Klinik Tibbi Mərkəzdə izahat alınsa da, həmin izahat cinayət işi materiallarında yoxdur. Vəkil həmin izahatın polis bölməsindən alınmasını və müstəntiqin prosesə çağırılaraq dindirilməsini istəyib.
Məhkəmə vəsatəti qismən təmin edib. Bildirilib ki, bununla bağlı polis bölməsinə sorğu göndəriləcək, lakin müstəntiq dindirilməyəcək.
Fariz Namazlı Rasim Əliyevin döyülməsini əks etdirən videodiskin cinayət işi materiallarına əlavə olunması barədə də vəsatət verib.
Məhkəmə vəsatəti təmin edib.
Növbəti məhkəmə prosesi fevralın 23-də davam etdiriləcək.