Ekspert: “İdxaldan asılı olduğumuza görə bahalaşma davam edəcək”

Bazar. Foto: Nurlan Mammadzada/shutterstock

Gübrə də bahalaşdı

Dünya bazarında gübrənin qiymətinin artması, o cümlədən Rusiyanın fevralın əvvəlindən gübrə ixracını dayandırması Azərbaycanda qiymətlərə təsir edir, gübrə bahalaşıb.

Azərbaycan gübrənin bir hissəsini Rusiyadan idxal edir, buna görə də bahalaşmanın davam edəcəyi gözlənilir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, dünya bazarında qiymətlərin yüksəlməsi, Rusiyanın gübrə ixracını dayandırması Azərbaycan kimi ölkələr üçün problem yaradacaq. Çünki Azərbaycan özünün ərzaq məhsullarına olan tələbatının yalnız 50 faizini ödəyə bilir.

“Baxmayaraq ki, rəsmilər ət, süd və digər məhsullar üzrə ictimaiyyətə yanlış statistika təqdim edirlər. Azərbaycan bir sıra mal və məhsul üzrə idxaldan asılı olduğundan yerli bazarda qiymət dünya bazarındakı qiymətdən asılıdır”,- Məhərrəmli bildirib.

O, Azərbaycanda martın əvvəlindəki qiymətləri Gürcüstan, Türkiyə və İranla müqayisə edib. Deyir ki, kartof, kələm, yerkökü, çuğundur, xiyar, pomidor İran, Gürcüstan və Türkiyəyə nisbətən 2 dəfəyə yaxın bahadır. Hətta kartof Türkiyəyə nisbətən 3 dəfə bahadır:

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

“Azərbaycanda göyərti İrana nisbətən 4 dəfə bahadır. Belə ki, İranda göyərtinin 1 kiloqramı 80 qəpik, Azərbaycanda isə 3 manat 70 qəpikdir. Azərbaycanda 1 manat 20 qəpik-1 manat 30 qəpiyə təklif edilən kartof İranda 2 dəfə ucuz, 60-70 qəpiyə, Türkiyədə 35-38 qəpiyə, Gürcüstanda isə 74 qəpiyə satılır. Pomidorun pərakəndə satış qiyməti İranda 80-85 qəpik, Türkiyədə 1 manat 6 qəpik-1 manat 38 qəpik, Gürcüstanda 2 manat 99 qəpik, Azərbaycanda isə 3 manat 90 qəpikdir”.

Ekspert deyib ki, üstəlik, Azərbaycan daha az ərzaq istehlak edir, amma daha çox pul xərcləyir:

“İdxaldan asılı olduğumuzdan mal və məhsulun topdansatışı ilə məşğul olanlar qiymətləri artırırlar. Həmçinin inhisarçılar da idxal etdikləri məsulu digər ölkələrlə nisbətdə baha satırlar”.

“Su təsərrüfatı idarə olunmur, nəticədə suvarmada da problemlər yaranır. Gübrənin bahalaşması da üstəlik, problemləri çoxaldır. Buna görə də bahalaşma davam edəcək”,- Məhərrəmli qeyd edib.

Ana səhifəSosialEkspert: “İdxaldan asılı olduğumuza görə bahalaşma davam edəcək”