Əkrəm Həsənov: “Ən təhlükəli banklar Rusiya banklarıdır”

“Hər şeyə rəğmən ən təhlükəsiz banklar yenə də dövlət banklarıdır – “Beynəlxalq Bank” və “AzərTürkBank””

Source:

“Hər şeyə rəğmən ən təhlükəsiz banklar yenə də dövlət banklarıdır – “Beynəlxalq Bank” və “AzərTürkBank””

“Əmanətə hansı banka qoyum? Son aylar mənə ən çox verilən suallardan biridir. Bu əsnada bilmişəm ki, bəziləri hələ də əmanətlərini manatda saxlayır. Bu, bir daha sübut edir ki, ölkəmizin ən böyük problemi təhsil problemidir”.

Bu sözləri öz Facebook səhifəsində hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov yazıb. Onun sözlərinə görə, təhsilin olmaması kadr probleminə də səbəb olur: “Bank sistemi buna nümunədir. Əlbəttə, cari problemlər o cümlədən neftin qiyməti kimi obyektiv səbəblərdən də irəli gəlir. Lakin Mərkəzi Bankdan tutmuş kommersiya banklarınadək bank sisteminin əsas problemi kadr problemidir. Savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur.

İki eşşəyin arpasını bölə bilməyən oğruya pulunuzu etibar edərsinizmi? Bizim banklara da məhz bu gözlə baxın. Bu zaman həm də nəzərə alın ki, əmanətləriniz dövlət tərəfindən deyil, kimliyi və pulları necə idarə etdiyi naməlum olan hansısa Fond tərəfindən sığortalanıb. Həmin Fond da, bir qayda olaraq, müflis bankların əmanətlərini qaytarmaqdan yayınır. Banklar bir-bir çökdükcə, yayınma halları artacaq.

Onu da bilin ki, əmanətləriniz kredit kimi başqalarına verilir. Həmin kreditlərin də çoxu indi problemlidir, yəni qaytarılmır. Bank krediti geri ala bilmirsə, əmanətinizi necə qaytaracaq?”

Ekspert banka əmanətini etibar etmək istəyənlərə də məsləhət verib: “Elələri də var ki, deyirlər: “Əlbəttə, bilirəm, banklara etibar yoxdur, amma əlimdəki pulun bir hissəsini evdə saxlayıram, bir hissəsini isə banka qoymaq istəyirəm ki, hamısını birdən itirməyim”. Məntiq ondan ibarətdir ki, yəqin, iki oğru (evi soyan oğru və bank) eyni vaxtda onu qarət etməz.

Belələrinə deyirəm ki, hər şeyə rəğmən ən təhlükəsiz banklar yenə də dövlət banklarıdır – “Beynəlxalq Bank” və “AzərTürkBank”. Çünki dövlət onların götürdüyü əmanətlərinə görə cavabdehdir.

Ən təhlükəli banklar isə ölkədəki Rusiya banklarıdır: VTB və “Nikoyl”. Çünki Rusiyada vəziyyət bizdən də ağırdır, pul qıtlığı var. İstənilən anda pulunuz Rusiyaya gedə və qayıtmaya bilər”.

Ana səhifəXəbərlərƏkrəm Həsənov: “Ən təhlükəli banklar Rusiya banklarıdır”