Əjdər Olun cəzası 3 ay azaldıldı

Əjdər Cəbiyev, Foto: https://www.ejderol.net/

Apelyasiya məhkəməsi hökmü dəyişdi

2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan və ilyarımdır həbsdə olan şair Əjdər Cəbiyev haqqında hökm dəyişib. İyunun 21-də Bakı Apelyasiya Məhkəməsində çıxarılan qərara əsasən, onun cəzası 3 ay azaldılaraq, 8 il 6 aydan 8 il 3 aya endirilib.

Əjdər Cəbiyev külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma kimi əməllərdə təqsirləndirilir.

Əjdər Cəbiyev 2004-2013-cü illərdə isə Dövlət Sosial Müdafiə Fondunun, 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri işləyib. Bu illərdə Səlim Müslümov da adıçəkilən qurumlara rəhbərlik edib.

İttihama əsasən, Əjdər Cəbiyev Fondda işlədiyi dövrdə bu qurumun müxtəlif rayonlar üzrə şöbələrində işə götürmək üçün ayrı-ayrı adamlardan rüşvət alıb, müxtəlif yollarla yeyintilərə yol verib. Əjdər Cəbiyev həmçinin nazirliyin tabeliyindəki obyektlərin, şəhid ailələri, müharibə əlilləri üçün binaların tikintisi, avadandanlıqların alınması zamanı qiymətlərin şişirdilməsi, artıq köçürülən vəsaitlərin geri qaytarılması yoluyla külli miqdarda vəsaitlərin mənimsənilməsində təqsirləndirilir. İddia olunur ki, sabiq Aparat rəhbəri bütün bunları nazir Səlim Müslümovla əlbir olaraq həyata keçirib.

Əjdər Ol haqqında cinayət işində korrupsiya nəticəsində dəymiş ziyanın ümumi məbləğinin 500 min manatdan artıq olduğu bildirilir. Məhkəmədə məlum olub ki, yeyinti nəticəsində dəymiş ziyan ödənilib.

Sabiq Aparat rəhbəri məhkəmədə özünü təqsirli bilərək vurğulayıb ki, istintaq zamanı verdiyi ifadəni təsdiqləyir:

“Heç nəyə etiraz etmirəm. Yalnız onu demək istəyirəm ki, Səlim Müslümovla əlbir olmamışam…”

O əlavə edib ki, əldə olunan vəsaitləri özünə yox, nazirlikdə başqa xərclərə sərf edib.

Əjdər Cəbiyev 2021-ci ilin fevralında – Səlim Müslümovun həbsindən az sonra tutulub. Onların hər ikisinin işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılıb. Sabiq Aparat rəhbəri haqqında cinayət işi dekabrda keçmiş nazirin işindən ayrılaraq, məhkəməyə göndərilib. Səlim Müslümov haqqında istintaq isə davam edir.

Səlim Müslümov ilyarıma yaxın DTX-nın istintaq təcridxanasında həbsdə saxlandıqdan sonra 2022-ci il mayın 26-da ev dustaqlığına buraxılıb.

Ana səhifəXəbərlərƏjdər Olun cəzası 3 ay azaldıldı