Qadir İbrahimli: ”Bankın çökməsində məsuliyyət daşıyan insanlar yenə də iş başındadırlar”
2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondunun vəsaitlərinin 68 faizi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalının artırılmasına yönəlib.
Bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib (APA).
APA yazır ki, Hesablama Palatasının təqdim etdiyi rəqəmlərə əsasən, 2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondu üçün dövlət büdcəsindən 831 mln. 380,4 min manatın ayrılması nəzərdə tutulub, lakin 828 mln. 972,8 min manat ayrılıb.
Xərclənən vəsaitin 77,5 faizi üç strukturun payına düşüb: ABB (564 mln. manat, 68 faiz), Mərkəzi Seçki Komissiyası (46,103 mln. manat, 5,7 faiz) və Müdafiə Nazirliyi (31,771 mln. manat, 3,8 faiz).
ABB cari ilin yanvar ayında nizamnamə kapitalının 93,5 faiz artırılaraq 1 mlrd. 241 mln. 287 min 248,06 manata çatdırıldığını elan edib. Kapitallaşma prosesində 600 mln. manatlıq əlavə səhm emissiyasının hesabına baş verib. Beləliklə, Maliyyə Nazirliyi ABB-nin kapitalında iştirak payını 54,96 faizdən 76,73 faizə çatdırıb.
İqtisadçı Qadir İbrahimli Meydan TV-yə deyib ki, bu açıqlama hökumətin Beynəlxalq Bankı sağlamlaşdıra bilməməsinin göstəricisidir: “Hesabalamalar Beynəlxalq Bankdan daha böyük vəsaitlərin açıqlanan real məbləğə adekvat olmadığını təsdiqləyir. Beləliklə, hökumət bankı sağlamlaşdırmaqda acizdir, ancaq başqa yollar da yoxdur. Çünki bankın gözlənilməz çöküşü bank sektorunu ciddi şəkildə zədələyə bilər. Məsələ ondadır ki, bank sektorunun aktivlərinin 60-70 faizə yaxını Beynəlxalq Bankın idarəçiliyində olub. Bankın sağlamlaşdırılması, ümumiyyətlə, kiçildilib özəlləşdirilməsi hökumətin prioritetlərinə daxildir. Təəssüf ki, hökumət bu işi görməldə aciz görünür”.
Onun sözlərinə görə, Beynəlxalq Bankla bağlı istintaq obyektiv araşdırılmadı:
“Təbii ki, İdarə Heyətinin sədri kimi Cahangir Hacıyevin günahları böyük idi. Ancaq bu qədər vəsaitin bir nəfərin iradəsilə “yeyilməsi” inandırıcı deyil.
Hesab edirəm ki, bankın çökməsində məsuliyyət daşıyan insanlar yenə də iş başındadırlar, Onlar sadəcə olaraq, özlərinin günahsızlıqlarını sübut etməyə çalışırlar. Əslində, həmin adamların vəzifədə olması bankda yeni korrupsiya ocaqlarının yaradılmasına rəvac verir. Bu, artıq dövlətin təhlükə mənbəyinə çevrilir”.