İlin əvvəlindən bank işçilərinin sayı 780 nəfər azalıb
Azərbaycanda fəaliyyət göstərən 31 bankın aktivləri 31 avqust 2017-ci il üçün ilin əvvəli ilə müqayisədə 1 mlrd 947,800 min manat və ya 6,2% azalaraq, 29 mlrd 491,700 min manat olub.
“Turan”nın verdiyi məlumata görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında bildirilir.
Hesabat dövründə bankların öhdəlikləri 26 mlrd 568,200 min manat (azalma 2 mlrd 962,500 min manat və ya 10%), kapitalı 2 mlrd 923,600 min manat (1 mlrd 014,800 min manat və ya 53,2% artım) olub.
İlin əvvəlindən əhalinin əmanətləri 7,5% və ya 560 mln 400 min manat azalaraq, 6 mlrd 871,700 min manat təşkil edib.
Bankların Mərkəzi Banka borcu ilin əvvəlindəki 1 mlrd 695,500 min manatdan 609 mln 300 min manata azalıb.
Hesabat dövründə banklar 350 mln 300 min manat mənfəət əldə edib.
Bu dövr ərzində Azərbaycan banklarının filiallarının sayı 560 təşkil edib və bu 2017-ci ilin əvvəlinə nisbətən 9 filial azdır.
Bank şöbələrinin sayı 131-dən 142-yə, bankomatların sayı 2 min 461-dən 2 min 495-ə artıb.
İlin əvvəlindən bankların əməkdaşlarının sayı 780 nəfər – 16 min 947-dən 16 min 167 nəfərədək azalıb.