“Əgər kəndli örüşdə mal-qarasını arxayınlıqla otara bilməyəcəksə, o dörd polis orda niyə xidmət aparır?”

“Bəlkə o polis rəisi üçün 2 min manat böyük məbləğ deyil, ancaq mən gündəlik çörəkpuluna səhərdən axşama kimi ən ağır işlərdə çalışan fəhləyəm, 2 min manatın da dəyəri mənimçün böyükdür”

Source: Meydan TV


Qax sakini polisin fəaliyyətsizliyindən narazıdır

“Kiçik bir kənddə 3 aya yaxındır itən bir baş heyvanı polis tapa bilmir. Halbuki, bu kiçik kənddə dörd polis xidmət göstərir, gecə-gündüz kəndi dolaşırlar. Polis şöbəsində məsələyə çox etinasız yanaşılır. Bu da vətəndaşda əsaslı şübhə yaranır ki, bu oğurluqda elə polisin də əli var”.

Bunu Meydan TV-yə Qaxın Güllük kəndinin sakini Qurban Qurbanov deyir.

Qurban Qurbanov Güllük kənd sakini olsa da, Bakıda günəmuzd fəhləliklə məşğul olur. Kənddə isə kiçik bir heyvandarlıq məşğuliyyəti var. Bu ilin iyulunda heyvanlardan ən bahalısı – dəyəri 2 min manat olan “Simmental” sortlu inək örüşdən yoxa çıxıb.


“Yoxa çıxan heyvanın 2 min manat dəyəri vardı”

“Kənddə keçmiş kolxozdan qalan fermaların birində 8 baş iribuynuzlu heyvan saxlayırdım. Heyvanların 3 başı “Simmental” sortludur. Fermada mənimlə yanaşı həmkəndlilərim Hafiz və Zahid də heyvan saxlayırdı. Biz heyvanları örüşə aparıb-gətirmək üçün elə həmkəndlimiz olan Həmid adlı şəxsi çoban tutduq. Həmid hər səhər o başdan heyvanları örüşə aparıb, gün batana yaxın fermaya qaytarırdı. Örüş elə fermadan 300 metr aralıda – 30 hektarlıq bağlı sahədə yerləşir. İyulun 25-də axşam çoban xəbər verdi ki, evinə gedib, geri qayıdanda bir heyvanın örüşdən yoxa çıxdığını görüb. Yoxa çıxan heyvanın 2 min manat dəyəri var. 3 gün axtardıq, o boyda heyvanı kiçk bir kənddə tapa bilmədik”, – şikayətçi deyir.


“Şübhələrimi bildirmişəm, polis araşdırmır”

İyulun 28-də Qurban Qurbanov bu barədə Qax Rayon Polis Şöbəsinə məlumat verib, şübhləri barədə də bildirib:

“Yaxınlığımızda iri heyvandarlıq təsərrüfatı olan bir fermer var, bizə göz verib, işıq vermirdi, heyvanlarımızı örüşdən çıxarmaq üçün min oyundan çıxırdı. Hər dəfə xəbər göndərirdi ki, gec-tez örüşü əlimizdən alacaq. Tez-tez bir bəhanə tapıb DİN 102 Xidmətinə bizdən şikayət edirdi ki, bu yolla təzyiq göstərib bizi oradan uzaqlaşdırsın. Mən Qax Rayon Polis Şöbəsində yazdığım izahatda o adamın adını qeyd etmişəm. Çünki mənim heyvanımı həmin gün onun heyvanlarının arasında görənlər olub. Ancaq polis nə həmin adamı, nə də şahidləri dəvət edib dindirir. Həmin fermerin qardaşı keçmiş polis rəisidir və məndə belə şübhə var ki, məhz buna görə həmin fermeri heç şöbəyə də çağırmırlar. Təsəvvür edin ki, şöbənin işçiləri əraziyə baxış keçirməyə gələndə heç maşından düşmədilər, maşının pəncərə şüşəsini aşağı endirib, maşından seyr edib, getdilər. Halbuki, mən iddia edirdim ki, o boyda inək qapalı sahədən özbaşına çıxa bilməzdi”.


“Qohumuma təzyiq göstərilib”

Qurban Qurbanov Bakıda fəhləliklə məşğul olur, deyir, bir inəyin itkisini özünə böyük zərər hesab edir:

“Bəlkə o polis rəisi üçün 2 min manat böyük məbləğ deyil, ancaq mən gündəlik çörəkpuluna səhərdən axşama kimi ən ağır işlərdə çalışan fəhləyəm, 2 min manatın da dəyəri mənimçün böyükdür. Üstəlik də, bu gün bir inəyi keçsəm, kim zəmanət verir ki, sabah o biriləri də oğurlamayacaqlar? Əgər kəndli örüşdə mal-qarasını arxayınlıqla otara bilməyəcəksə, o dörd polis orda niyə xidmət aparır, nəyə nəzarət edir? Mən şikayətçi olduğuma görə həmin polis şöbəsində işləyən yaxın qohumumu işdən çıxarmaqla hədələyiblər. Ona xəbərdarlıq ediblər ki, get qohumuna de, ağlını başına yığsın, ərizəsini geri götürsün, ora-bura da az şikayət yazsın… Bu boyda həngamə yaratmaqdansa, olmazmı vətəndaşın günün gündüz çağı yoxa çıxmış heyvanını tapıb qaytarsınlar, onu razı salsınlar? Deməli, burda qəsd var, mən də bu işin sonunadək gedəcəm”.

Qax Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Qurban Qurbanovun dedikləri əsassızdır. Onun ərizəsi şöbənin təhqiqat bölməsində baş təhqiqatçı Zamir Xəlilov tərəfindən araşdırılıb:

“Bir baş iribuynuzlu heyvanın itkisində cinayət izi aşkar edilmədiyinə görə fakt üzrə cinayət işi başlanması rədd edilib. İtmiş heyvanın axtarışının davam etdiriməsi üçün qərarın surəti Qax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə göndərilib, heyvanın axtarışı davam etdirilir.

Ana səhifəBölgə“Əgər kəndli örüşdə mal-qarasını arxayınlıqla otara bilməyəcəksə, o dörd polis orda niyə xidmət aparır?”