”Təcridxana rəisi vədinə əməl etmir”
Həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxınları ilə görüşməsinə icazə verilmir. Bu barədə Meydan TV-yə gənc fəal Samir Əsədli məlumat verib. Onun sözlərinə görə, iyulun 19-da Əfqan Muxtarli və vəkilləri 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovla görüşüblər. Görüş zamanı Əfqan Muxtarlı Samir Əsədli, Məsud Əsgər və Mustafa Hacıbəylinin görüşə buraxılması üçün ərizə yazıb.
“Ancaq rəis Rəşid Səfərov vəd etsə də, 2 gündür görüşə icazə vermir” – Samir Əsədli deyib.
Onun sözlərinə görə, iyulun 19-da və 20-də Kürdəxanıda yerləşən təcridxanaya getsələr də, cəhdləri alınmayıb:
“Bu gün də görüşə icazə vermədilər. Bunu bilərəkdən edirlər, görüşə icazə vermirlər. Məsələ ondadır ki, Əfqan Muxtarlının ailəsi bizə etibarnamə verib”.
Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Ə.Muxtarlının məsələsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
Bu il iyunun 15-də isə Avropa Parlamenti jurnalist Ə.Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və bütün cinayət ittihamlarının ləğv edilməsini istəyib.
Qətnamədə yazılır ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var.