”Bizə təqdim edilmiş görüntülər şübhəlidir”
Həbsdə olan jurnalist Əfqan Muxtarlının Gürcüstandakı vəkili Arçil Çopikaşvili bu ölkənin Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.
O, bu haqda “Turan” Agentliyinə bildirib.
Arçil Çopikaşvili Əfqan Muxtarlının Gürcüstandan oğurlandığını deyir. DİN-dən isə jurnalistin yoxa çıxdığı günə aid hərəkət istiqamətini tam əhatə edən videogörüntüləri istəyib.
Vəkilin sözlərinə görə, onlar əvvəl də eyni müraciəti göndəriblər. Ancaq təqdim edilmiş görüntülər şübhəlidir.
“DİN-in təqdim etdiyi görüntülərin üzərində işlənildiyi aşkardır. Görüntülərin bir hissəsində hava günəşlidir. Sonra kəsinti olur və havanın yağışlı olduğu görünür. Bir anda ətraf mənzərə, avtomobillərin parklanması hər şey dəyişir”.
Vəkil güman edir ki, görüntülərdən bir neçə dəqiqəlik hissə silinərək montaj edilib. Arçil Çopikaşvili DİN-ə müraciətində görüntülərin tamının onlara təqdim edilməsini istəyib.
Vəkilin bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Ancaq bir müddət əvvəl həm Gürcüstanın baş naziri, həm də daxili işlər naziri bu məsələdə yerli hüquq mühafizə qurumlarının iştirakı haqda şübhələri qəti təkzib etmişdilər. Onlar deyirdilər ki, istintaq bitməmiş tələsik nəticə çıxarmaq düzgün deyil.
Jurnalist Ə.Muxtarlı
mayın 29-u
yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.