Vəkili Əfqan Muxtarlı ilə görüşüb
Avqustun 30-da vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı ilə görüşüb.
Məlumatı Elçin Sadıqov özü verib. O, Əfqan Muxtarlının səhhətindən narazı olduğunu söyləyib:
“Bildirdi ki, ürəyində kəskin ağrılar var. Buna görə hər hansı müayinədən keçirilməyib. Halbuki biz dəfələrlə onun müayinə və müalicəsi ilə bağlı müraciətlər etmişik. Yenə də sağlıq durumu ağır olaraq qalır. O cümlədən, onun şəkəri də yüksəkdir. Qan təzyiqində problemlər var”.
Vəkil bildirir ki, avqustun 31-də Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verdikləri vəsatətin təmin olunmaması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verdikləri şikayətə baxılacaq:
“İş sabah saat 3-də hakim Mirpaşa Hüseynovun sədrliyilə Apelyasiya Məhkəməsində olacaq”.
Meydan TV üçün işləyən Ə. Muxtarlı hökumət səviyyəsində korrupsiyadan yazırdı.
O, mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.
Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
Əfqan Muxtarlının işi Meydan TV-yə qarşı açılmış cinayət işinə birləşdirilib.