Əfqan Muxtarlının həyat yoldaşı da dindirilib

Leyla Mustafayeva Tbilisi polisinə çağırılıb

Source:
Leyla Mustafayevə və Əfqan Muxtarlı (Foto: Facebook)
Leyla Mustafayevə və Əfqan Muxtarlı (Foto: Facebook)

Azərbaycanlı jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayevanı Tbilisi polisi dindirib.

Bu barədə Apsny.ge saytı məlumat yayıb.

L. Mustafayeva dəfələrlə bildirib ki, mayın 29-da həyat yoldaşının Tbilisinin mərkəzində oğurlanmasında Gürcüstan hakimiyyətinin əli var.

Eyni zamanda, o iddia edir ki, müşahidə kameralarının görüntüləri istintaq tərəfindən saxtalaşdırılıb və o, obyektiv araşdırma aparılacağına inanmır.

Jurnalist Ə.Muxtarlı mayın 29-u yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Ana səhifəXəbərlərƏfqan Muxtarlının həyat yoldaşı da dindirilib