Əfqan Muxtarlı Gürcüstan parlamentinə müraciət etdi

”Araşdırma komissiyası yaradıb effektiv araşdırma aparılsın”

Source:
Əfqan Muxtarlıya Tbilisidəki dəstək aksiyasından (Foto: REUTERS/David Mdzinarishvili)
Əfqan Muxtarlıya Tbilisidəki dəstək aksiyasından (Foto: REUTERS/David Mdzinarishvili)


”Araşdırma komissiyası yaradıb effektiv araşdırma aparılsın”

“Mən Azərbaycanın prezidenti İlham Əliyevin sifarişi ilə Gürcüstan xüsusi xidmət orqanları tərəfindən oğurlanaraq  Azərbaycan hökumətinə təhvil verilmişəm. Öğurlanmağıma səbəb Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin – həyat yoldaşı Mehriban Əliyeva və qızları Leyla və Arzu Əliyevanın- Gürcüstanda biznesini – yükdaşımaları və turizm şirkətləri, hakim ailənin Gürcüstanın bank sektorundakı payı ilə bağlı yazdığım araşdırmalar olub”.

Azərbaycanlı araşdırmaçı jurnalist Əfqan Muxtarlının Gürcüstan parlamentinə müraciətində belə deyilir.

 Mənim kriminal keçmişim yoxdur

Jurnalist müraciəti Azərbaycandan,  Bakıda yerləşən 1 saylı Bakı İstintaq təcridxanasından yazdığını diqqətə çatdırıb. Deyib ki, 2017 -ci il mayın 29-da  gündüz vaxtı Tbilisinin Nigvari küçəsində cinayət polisi geyimində olan şəxslər tərəfindən məcburi şəkildə maşına oturdularaq oğurlanıb və qanunsuz olaraq Gürcüstanın Laqodexi sərhəd keçid məntəqəsində Azərbaycanın xüsusi-xidmət orqanı əməkdaşlarına təhvil verilib:

“Mənim kriminal keçmişim yoxdur, Gürcüstanda yaşadığım müddətdə Gürcüstan qanunlarını pozmamışam. Gürcüstan hakimiyyəti Azərbaycanın repressiv və avtoritar Əliyev rejimin təzyiqlərindən dolayı Gürcüstana pənah gətirən jurnalist və aktivistlərə yaşayış izni verməkdən imtina etməyə başladı. İmtina cavabı alanlardan biri də mənim həyat yoldaşım, jurnalist Leyla Mustafayeva olub. Ona rəsmi olaraq Gürcüstan ərazisində təhlükəli fəaliyyətlə məşğul olduğu bildirilib. Mən oğurlanandan sonra səkkiz ay əvvəl “təhlükəli fəaliyyətdə” ittiham olunan həyat yoldaşımı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili tərəfindən vətəndaşlıq təklif olunub.  O, bu təklifdən imtina edib.  Mən bu təklifi həyat yoldaşımın susdurulması cəhdi kimi qiymətləndirmişəm”.

”Gürcü Arzusu” Partiyasının qurduğu hökuməti də tənqid etmişəm

Jurnalist yazır ki, Azərbaycanın hakim ailəsi və digər dövlət rəsmiləri ilə paralel o, Gürcüstan hakimiyyəti, 2016-ci il seçkilərindən sonra parlamentdə səs çoxluğunu qazanan “Gürcü Arzusu” Partiyasının qurduğu hökuməti də tənqid edib:

“İvanaşvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” Partiyasının üstünlüyü ələ aldığı hökumət fəaliyyətə başlayandan sonra Gürcüstanda yaşayan jurnalist və fəalların izlənməsi intensivləşməyə başladı. Gürcüstan hakimiyyəti Gürcüstanın imzaladığı konvensiyalara məhəl qoymayaraq Azərbaycan hakimiyyətinin göstərişlərini yerinə yetirirdi.

Mənim tənqidlərim Gürcüstan hökumətini də narahat edirdi. Beləliklə də, qeyri-qanuni olaraq saxlanmağım və qanunsuz olaraq Azərbaycana təhvil verilməym Azərbaycan hökuməti ilə bərabər Gürcüstan hökumətinə də sərf edirdi. Çünki mən həbs olunmaqla susdurulacaqdım”.

Gürcüstan sərhəd xidməti oğurluğa göz yumub

Əfqan Muxtarlı yazır ki, Azərbaycanın Baş Prokurorluğu ona qarşı saxta ittihamlar cinayət işi bağlayıb:

“Məni sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıqla Azərbaycana 10 000 avro keçirməkdə və sərhəd xidmətçisinə müqavimət gösrətməkdə ittiham edirlər. Bu, ağ yalandır. Məni Tbilisidə yaşadığım evin 100 metrliyində evə gələrkən oğurlayıb, üzərimdə pasportum olmadığı halda sərhəd keçid məntəqəsindən zorla keçiriblər. Gürcüstanın Sərhəd xidməti buna göz yumub.

ABŞ Dövlət Departamenti də daxil olmaqla Avropa Parlamenti, qərb təsisiatları mənim azadlığa buraxılmağımla və mənim oğurlanmağımla bağlı açılan cinayət işinin şəffaf şəkildə araşdrılmasını tələb edib.

Eyni zamanda Gürcüstan prezidenti Giorgi Marqvelashvili, mənim oğurlanmağımın Gürcüstanın dövlətçiliyini və suverenliyini təhlükə altına saldığını bildirib.

Gürcüstanda da həyat yoldaşım Leyla Mustafayevanın şikayəti əsasında baş verən hadisəyə adekvat olmasa belə, azadlığın məhdudlşdırılması maddəsi ilə cinayət işi qaldırılıb. Bugünlərdə oğurlanmağımın dörd ayı tamam olacaq. Gürcüstan polisi və prokurorluğu bugünədək nə mənə, nə də mənim ailə üzvlərimə zərərçəkmiş statusu verməyib”.

Gürcüstan polisi mənim işimi araşdırmadı

Jurnalist vurğulayıb ki, onun oğurlanması Gürcüstan üçün ağır nəticələr verib:

“Avropa Birliyinin qəbul etdiyi qətnaməni, qərb jurnalist və insan hüquqları təşkilatlarının Gürcüstanla bağlı verdiyi bəyanatlarını nəzərdə tuturam.

Bu çağırışlara baxmayaraq Gürcüstan polisi mənim işimi araşdırmadı.

Daxili İşlər Nazirliyindən bildirilib ki, oğurluq saatlarında yaşadığım Niaghvari küçəsindən başlayaraq, sərhəd keçid məntəqələrindəki kameralar da daxil olmaqla oğurluq marşrutu üzrə nazirliyin balansında olan kameralar işləməyib. Beləcə, məni oğurlayan şəxslərlə yanaşı oğurluq göstərişini verən Gürcüstanın dövlət rəsmiləri də örd-basdır olundu.

Təkcə bu fakt Azərbaycan və Gürcüstan hüquq-mühafizə və xüsusi xidmət orqanlarının mənim oğurluğumda əməkdaşlıq etdiklərini, oğurluğun isə əvvəlcədən planlaşdırıldığını göstərir.

Gürcüstan polisi və milli təhlukəsizlik orqanlarının əməkdaşları tərəfindən özəl müəssisələrdəki müşahidə kameralarına müdaxilə olunub, videoçəkilişlər montaj edilib. Bu isə dövlət örqanlarının dəlilləri ört-basdır etməsi ilə bağlı daha bir nümunədir.

İyulun 22-dən etibarən Gürcüstan Prokurorluğu işin araşdırılmasını öz üzərinə götürüb. Öğurlanmazdan əvvəl məni Tbilisidə izləyən şəxslərin fotoları polis və prokurorluğa təqdim olunsa da, istintaq ortaya bir nəticə qoymayıb.

Bütün qeyd etdiklərim göstərir ki, mənim oğurluğum Azərbaycan və Gürcüstanın xüsusi-xidmət və hüquq-mühafizə orqanları tərəfindən planlaşdırılıb və siyasi motivli olub”.

 Komissiya yaradılmalıdır

Əfqan Muxtarlı hesab edir ki, məsələ ilə bağlı parlamentdə komissiya yaradılmalıdır:

“Gürcüstan Konstitusiyasının 56.2-ci və Parlamentin Prossedur Qaydalarının 55-ci maddəsində deyildiyi kimi Gürcüstan Parlamenti dövlət orqanlarının və dövlət rəsmilərinin Gürcüstan qanunlarının pozmasına dair faktları aşkara çıxarmaq məqsədilə müvəqqəti araşdırma komissiyası yaratmalıdır.

Gürcüstan parlamentindən xahiş edirəm, müxalifət deputatlarının, mənim vəkillərimin, müstəqil hüquqşünasların və jurnalistlərin də üzvü olduğu araşdırma komissiyası yaradıb effektiv araşdırma aparılsın. Ümid edirəm,obyektiv araşdırma aparılsa, oğurluğuma göstəriş verən Gürcüstan rəsmiləri aşkara çıxarılsa, Gürcüstan üzərinə düşən bu qara ləkəni qismən də olsa təmizləmiş olacaq”.



Xatırlatma

Jurnalist Əfqan Muxtarlı bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib, cibinə 10 min avro pul qoyulub.

İttihama görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanılıb, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ana səhifəXəbərlərƏfqan Muxtarlı Gürcüstan parlamentinə müraciət etdi