”Jurnalist onu zorla Azərbaycana gətirənlərin cəzalanmasını istəyir”
Avqustun 31-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılmaması haqda Nəsimi Rayon Məhkəməsinin qərarına baxılıb.
Məhkəmə şikayəti təmin etməyib.
Bu barədə Meydan TV-yə məlumat verən vəkil Zibeydə Sadıqova bildirib ki, prosesdə jurnalist Əfqan Muxtarlının səhhətinin getdikcə pisləşməsi, xüsusilə ürək döyüntülərinin artdığı vurğulanıb:
“Həkim ona iynə vurub, dərman verib. Bu, ona pis təsir edib, təzyiqi aşağı düşüb. Ürək döyüntüləri səngiməyib. Bununla bağlı Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etmişdik ki, məhbus jurnalisti həkimlə təmin etsinlər. Hətta jurnalistin öz vəsaiti hesabına özəl həkim çağırılması məsələsini qaldırmışıq, amma reaksiya yoxdur. Prosesdə Əfqan Muxtarlı şikayəti müdafiə etdi. Ev dustaqlığına buraxılmasını istədiyini dedi. Jurnalist bildirdi ki, o, nə istintaqa təsir edəcək, nə də ölkədən qaçıb gedəcək durumdadır. Ümumiyyətlə, ölkədən getmək niyyəti də yoxdur”.
Vəkil bildirib ki, jurnalist onu zorla Azərbaycana gətirənlərin cəzalanmasını və özünün bəraət almasını istədiyini də söyləyib:
“Bunlara baxmayaraq məhkəmə şikayəti təmin etmədi”.
Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.
Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
Əfqan Muxtarlının işi Meydan TV-yə qarşı açılmış cinayət işinə birləşdirilib.