Əflatun Amaşov KİV-ə ”düşmən dəyirmanına su tökməyin” dedi

”Həqiqət budur ki, Elnur ordudan təxris olunub”

Source:


”Həqiqət budur ki, Elnur ordudan təxris olunub”

“Mən erməni saytlarını mütəmadi olaraq izləyirəm. Onlar Elnur Hüseynzadə ilə bağlı məsələlərə geniş yer verir və bizim media orqanlarına davamlı istinad edirlər. “İstipress.az” saytının Elnurun anasının fikirlərinə yer verilən videonun tərcümə olunmadan belə erməni saytlarında yayımlanmasını gördüm. Buna çox təəssüfləndim”.

Bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov APA-ya danışıb.

Deputat KİV-nin bu kimi hadisələrdə həssas olmasının vacibliyini vurğulayıb:

“Mətbuat Şurası medianın belə məqamlarda həssas olması ilə bağlı dəfələrlə çağırışlar edib. Elnurun anasının fikirlərinin yer aldığı video yayımlandıqdan sonra mən müvafiq qurumlarla müzakirələr apardım. Həqiqət budur ki, Elnur ordudan tərxis olunub, hazırda o, rəsmən mülki şəxs statusundadır. Lakin bir sıra saytlar bunu nəzərə almayıb. Yaradılan mənzərə budur ki, guya Azərbaycan hərbçisi Ermənistan tərəfə keçib. Belə təqdimat Elnurun geri qaytarılmasında da problem yaradacaq. Təbii ki, Elnurun hərbçi kimi təqdim olunması ideoloji müharibə baxımından da yolverilməzdir. Bu, düşmən dəyirmanına su tökməkdir, ölkənin informasiya təhlükəsizliyinə təhdiddir. İstərdim ki, media orqanları məsələnin həssaslığını dərk etsinlər. Bu, eyni zamanda, ən böyük peşəkarlıq göstəricisi olardı. Təəssüf ki, “istipress.az” saytı və ona istinad edənlərin timsalında biz bunu görmədik”.

Müdafiə Nazirliyi ermənilərin əsir götürdüyü Elnur Hüseynzadənin mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunduğu haqda bəyanat yayıb:

“Hazırda o, hərbi xidmətdə deyil. Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırıb”.

Ermənistan mətbuatı iddia edir ki, fevralın 1-də təxminən saat 15:00-da cəbhə bölgəsində döyüş olub. Döyüş nəticəsində 1995-ci ildə Bərdə rayonunda anadan olmuş sıravi Elnur Hüseynzadə əsir düşüb.

Ana səhifəXəbərlərƏflatun Amaşov KİV-ə ”düşmən dəyirmanına su tökməyin” dedi