Təşkilat radionun Azərbaycan bürosu ilə bağlı araşdırma aparılmasını istəyir
Avropa Jurnalistlər Federasiyası (EFJ) Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan bölümündə çalışmış əməkdaşlarının problemləri ilə bağlı ABŞ Qlobal Media Agentliyinə (USAGM) müraciət edib.
Müraciətdə son zamanlar media qurumu barəsində gedən söz-söhbət, eyni zamanda, Azad Avropa/Azadlıq Radiosunun (RF/RL) Azərbaycan bürosunun əməkdaşlarının rəhbərliyinə ünvanlanmış məktublara reaksiya verməməsinə heyrət ifadə olunur.
Bildirilir ki, həmin məktubları media qurumunun Azərbaycan bölümündən haqsız yerə işdən çıxarıldığını bəyan etmiş əməkdaşlar göndərib. Onlar rəhbərliyə radiodakı vəziyyət, bulinq, işçilərin sıxışdırılması və işə Azərbaycan hökumətinə yaxın insanların qəbulu ilə bağlı yazıblar.
EFJ ümid edir ki, ABŞ Qlobal Media Agentliyi (USAGM) tərəfindən keçmiş əməkdaşların irəli sürdüyü iddialarla bağlı müstəqil araşdırma aparılmasına göstəriş vermək üçün lazımi addımlar atılacaq.
Belçikanın paytaxtı Brüsseldə mənzillənən Avropa Jurnalistlər Federasiyası (EFJ) Avropada jurnalistləri təmsil edən ən önəmli təşkilatlardan biridir.
“Azadlıq” Radiosunun keçmiş və hazırda da bu radio ilə əməkdaşlıq edən, lakin adının açıqlanmasını istəməyən əməkdaşları həftələrdir bu qurumun işçilərə münasibətindən narazılıqlarını bildirirlər.
Narazılıqlarını sosial şəbəkələr vasitəsilə ictimailəşdirən radionun keçmiş əməkdaşları isə işçilərin bu qurumun Azərbaycan bölümünün rəhbərliyində təmsil olunan şəxslər tərəfindən bulinqə məruz qaldıqlarını bildirirlər.
Məktubdan çıxarış
Onlar əsas bir neçə iddia səsləndiriblər: həm Praqa, həm Bakı bürosunun əməkdaşları işdə sıxışdırıldıqlarını, haqsız yerə tənqid olunduqlarını və son nəticədə qanunsuz şəkildə, öncədən heç bir xəbərdarlıq edilmədən işdən uzaqlaşdırıldıqlarını deyirlər.
Meydan TV əməkdaşların şikayətləri əsasında, onların iddiaları ilə bağlı Azad Avropa/AzadlıqRadiosunun rəhbərinə, həmçinin baş ofisə sorğu ilə müraciət edib, lakin cavab ala bilməyib.
Material dərc olunandan sonra “Azadlıq” Radiosu açıqlama verib. Həmin açıqlamada bildirilir ki, Azərbaycan xidmətinin ünvanına səslənən iddialara dair radionun ombudsmanı əhatəli baxış keçirib və xidmətin dəqiq, müstəqil və məsuliyyətli olduğunu üzə çıxarıb.
““Azadlıq” Radiosu Azərbaycanda senzurasız xəbərlər təqdim etməkdə bizim missiyamıza və prinsipial jurnalistika etikamıza sadiqdir” – deyə, açıqlamada deyilir.
“Azadlıq” Radiosu 1949-cu ildə ABŞ hökuməti tərəfindən yaradılıb. Həmin vaxt Avropada Şərqi Avropa dillərində radio vasitəsilə xəbər yaymaqla məşğul olub. Sovetlər dağılandan bu yana media təşkilatı müstəqil qurum kimi, lakin ABŞ hökumətinin nəzarəti və maliyyəsi ilə fəaliyyətini davam etdirib. İllik büdcəsi təxminən 124 000 000 ABŞ dollarını ötən (2021) “Azadlıq” Radiosu 23 ölkədə, 27 müxtəlif dildə çıxır. “Azadlıq” Radiosu Azərbaycanda sayı az olan müstəqil xəbər saytlarından hesab edilir.
2014-cü ildə Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, eləcə də müstəqil mediaya basqını artıranda radionun əməkdaşlarından bir nəfər həbs edilib, bununla da qurum ofisini tərk etməli olub. Həmin vaxt radio ilə əməkdaşlıq etmiş jurnalistlər istintaqa cəlb edilib, dindirilib. Ondan sonra qurumun əməkdaşlarının çoxu Praqada fəaliyyət göstərməyə başlayıb. Azərbaycanda isə müstəqil jurnalistlərlə əməkdaşlığı saxlayıb.
“Azadlıq” Radiosunun saytında mətbuatın etik kodeksi yerləşdirilib. Burada bildirilir ki, fəaliyyət göstərdikləri dövlətlərdə tamamilə müstəqildirlər və ədalətsizliyə qarşıdırlar.