Ədalətsizlik fenomeni

Kənd təsərrüfatından başın çıxmaya bilər, mühəndislik məntiqin də yoxdur, iqtisadiyyat və maliyyəyə gələndə heç özünün korrupsiya və rüşvətlə yığdığın pulun hesabını bilmirsən

Source:
foto TASS
foto TASS


Kənd təsərrüfatından başın çıxmaya bilər, mühəndislik məntiqin də yoxdur, iqtisadiyyat və maliyyəyə gələndə heç özünün korrupsiya və rüşvətlə yığdığın pulun hesabını bilmirsən

Azərbaycanda hakimiyyət zorakılığı ifrat səviyəyə çatıbdır. Heydər Əliyevin heykəlinə gül bayramınız əvəzinə “qul bayramınız mübarək” yazan iki gəncdən birinə 10 il həbs cəzası verdilər. Bu hökumət və onun başçısı tam mənada xalq qarşısında məsuliyyət və qorxu hissindən məhrum olub və elədikləri əməllərdən heç vaxt utanmayacaqları göz qabağındadır.

Heç sovetlərin idolu olan Leninin mavzoleyinə edilən ciddi qəsblərə görə belə ağır cəzalar verilməmişdi.1989-cu ildən sonra isə mavzoleyi təhqir edənləri maksimum 15 gün zindanda saxlayırdılar. Azərbaycanın özündə belə 1996-cı ilə qədər nə Vəzirov, nə Mütəllibov, nə də Elçibəy idarəçiliyi dövründə məhkəmələr belə həyasızlığa yol verməzdilər. Ciblərə qumbara və ya narkotik maddə qoyub, evlərə silah və narkotik maddələr atmaqla həbs etmələrin yaradıcısı H.Əliyevin icraçısı Usubovdur. Ancaq 1996-cı ilə qədər mən bu həyasızlığın tuğyan etməsinin qarşısını qismən ala bilirdim. Sonralar ölkədə şəxsən nazirlərin rəhbərlik etdiyi hökumət bandaları yarandı. Siz, ata- bala Əliyevlərin tapşırığı ilə adam öldürmək, mülkiyyət mənimsəmək, kimlərinsə bizneslərini əlindən zorla almaq kimi iyrənc cinayətlər törədən DİN-nin H.Məmmədov, MTN-nin A.Çovdarov bandalarının əməllərindən xəbərdarsınız. Bu adamların həbs olunmaqlarının səbəbi tapşırıq yetirməkdən çox özlərinin mənafelərinə işləməkləri oldu.

Siz diqqət yetirin, 10 il həbs cəzası verilmiş Qiyas İbrahimovun 21 yaşı var. Yəni o, anadan olanda H.Əliyev artıq 2 il idi işləyirdi. Əliyev oğul hakimiyyəti ələ keçirəndə Qiyasın cəmi 8 yaşı var idi. Qiyas aktiv fəaliyyətə maksimum 17 yaşında yəni 4 il bundan öncə başlaya bilər. O dövrdə ki, prezident Əliyev heç bir xəcalət çəkmədən Azərbaycandakı inkişafı fenomen inkişaf adlandırırdı və özü özündən “bəlkə bir az yavaşlayaq” xahişini edirdi. Qiyası müxalifət partiyalarına, xüsusilə Xalq Cəbhəsi Partiyasına bağlamaq mümkün deyil. Çünki bu gənc sırf Əliyevlər rejiminin yetirməsidir, onların dövründə uşaq bağçası, orta məktəb və instituta gedib. İndi bu oğul Əliyev özündə cəsarət tapıb “nə üçün atam rəhmətə gedəndə 8 yaşında olan bir uşaq 10 mayı gül bayramı yox, qul bayramı hesab edir” sualını vermir. Qiyasın anasının sözünə qüvvət olaraq soruşuram; görəsən, cənab Əliyev bilmirmi 16 -25 yaşlı gənclərin sayı Azərbaycanda təxminən 900 mindir? Qiyasın anası “mənim oğlumun tərəfdarları və davamçıları var, onlardan qorx” deyəndə Əliyev fikrə gedirmi? Fikrimcə, əsla getmir. O əmindir ki, xalqı cilovlayıb, belinə minib və hara istəsə, nə vaxt istəsə, çapacaq, ona görə o xanımın dediklərindən heç xəbər belə tutmayacaq. Bu insanın düşünmək, analiz etmək qabiliyyəti sıfırdan da aşağıdır. Belə olmasaydı bu şəxs necə məlum pambıq müşavirəsindəki çıxışında gələn il (yəni 2017-ci il) pambıq təsərrüfatında 100 min iş yeri açacağını deyərdi?! Kənd təsərrüfatından başın çıxmaya bilər, mühəndislik məntiqin də yoxdur, iqtisadiyyat və maliyyəyə gələndə heç özünün korrupsiya və rüşvətlə yığdığın pulun hesabını bilmirsən. Ancaq elementar uşaq məntiqin olsa, bilərsən ki, 100 min adamın maaşını vermək üçün azı əlavə 1 milyon ton pambıq yığılmalıdır. 13 ildir hakimiyyətdəsən, hələ də anlamırsan ki, neftin qiymətinin artmasından gələn pul fenomen inkişaf deyildir və sənin yavaşlamağına ehtiyac yoxdur, iqtisadiyyat özü yavaşlayacaq.

900 minlik gənclik ordusunun neçə faizi Qiyas kimi gül bayramına qul bayramı deyir, öyrənmisən? Kimdən öyrənəcəksən? Ətrafına yığdığın adamlar artıq səni də bütləşdirib və sənin övladını gələcəkdə şah, öz övladlarını imtiyazlı kölə görürlər. Ancaq 900 minin azı 40 faizinin Qiyas kimi olduqlarına şübhən olmasın. Vəziyyət bir qədər çalxalananda yerdə qalan 60 faiz də Qiyas kimilər tərəfinə keçəcək.

Xalqın günü gündən ağırlaşan vəziyyətini görmürsən. Sən vətəndaşları ac olanda öz boğazından çörək keçməyən liderlərdən deyilsən və heç o barədə düşünə bilmirsən. Ömrü boyu normal təhsil almayan, öz əməyi ilə bir tikə çörək qazanmayan, başqalarının necə yaşamasından xəbəri olmayan bir insanın bütöv bir xalqın dərdini çəkəcəyinə inananları ancaq əbləh adlandırmaq olar.

Bir daha papağını qarşına qoyub fikirləş. Bu günkü Azərbaycanın


a) ərazi bütövlüyü



b) iqtisadiyyat və maliyyə



c) təhsil və səhiyyə



d)total yoxsulluğun qarşısını almaq və sair problemlərinin heç birini həll etmək qabiliyyətinə malik deyilsən.


Çünki o problemlərdən xəbərin yoxdur. Özün fikirləşə bilmirsən, heç olmasa ətrafındakı azdan-çoxdan ağıl sahiblərini topla , onları qorxutma, məsləhətlərinə qulaq as və diktatorluqdan əl çək. Dünyada yeganə bir ölkə Şimalı Koreya təcrübəsini qəbul etmə, azərbaycanlılar koreyalılar deyildir. Şimalı Koreyada dinastiya hakimiyyəti 1950-ci ildən ələ keçirib və artıq 66 ildir xalqının başına oyun açır. Siz də hakimiyyəti 1970-dən ələ keçirmisiniz. Artıq 46 ildir bu milləti ağlar vəziyyətə gətirib çıxarmısınız.

“Bəsdir!” deməyin vaxtı çatıb. Əks halda astanada dayanan xalq narazılığı evin içərisinə girəcək.

Ana səhifəAnalitikaƏdalətsizlik fenomeni