“Ecofront”: Salınan meşə bağlarının çoxu quruyub

Cəlilabad rayonunun Soyuqbulaq kəndinin sakinləri də bildirirlər ki, martda salınan bağların hamısı quruyub gedib

Source: azadliq.org


“2016-cı ildə salınmış toplam 138 hektar əkin və səpin ərazisindən də əsər-əlamət yoxdur”

Bu ilin martında Masallıda və Cəlilabadda salınan meşə bağlarındakı ağacların çoxu quruyub.

Ekoloji paylaşımlar edən “Ecofront” səhifəsi bu barədə məlumat yayıb.

Həmin məlumatda bildirilir ki, hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əkdiyi 10 minlərlə ağac quruyub. Səbəbi isə baxımsızlıqdır.

“Masallı və Cəlilabadda bu ilin martında salınan bir neçə meşə bağında vəziyyət çox acınacaqlıdır. Bunu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin (RMTM) işçisi Kərəm Ağayev də təsdiqləyib. Bildirib ki, meşələrin bərpası məqsədilə salınan hektarla bağlar mal-qaranın tapdağı altındadır. Buna görə, orada əkilən ağacların çox hissəsi quruyub. Fikirləşin, hər il bu ağacların əkilməsi üçün büdcədən vəsaitlər ayrılır, bu, biabırçılıqdır”.

“Ecofront” bildirir ki, martda təşkil olunan ağacəkmə tədbirləri zamanı ölkənin bir çox bölgəsində 10 minlərlə ağac əkilib və ya müxtəlif ərazilərə toxum səpilib. Ancaq sonradan həmin ərazilər nəzarətsiz buraxıldığına görə pis vəziyyətə düşüb:

“Biz təklif edirik ki, həmin ağacəkmə tədbirlərinə ayrılan milyonlarla manat vəsait meşələrin mühafizəsinə sərf olunsun. Çünki biz hələ əlimizdə olan meşəlikləri qoruya bilmirik. Bundan başqa, 2016-cı ildə salınmış toplam 138 hektar əkin və səpin ərazisindən də əsər-əlamət yoxdur. Bu qədər vaxt ərzində mühafizə məqsədilə pullar silinib. İndi isə meşənin yaşıl yerindən onun bunun bağından şəkil çəkib rəsmiləşdirirlər”.

Cəlilabad rayonunun Soyuqbulaq kəndinin sakinləri də bildirirlər ki, martda salınan bağların hamısı quruyub gedib:

“Nazir, müavini ağacəkmə mərasiminə gəlmişdi. Minlərlə ağcaqayın ağacları əkilib. Buranı fermaya çeviriblər. Hamısı qalıb mal-heyvanın ayağının altında və nəzarətsizlikdən məhv olub. Əkilən gündən bu günədək bir dəfə də suvarılmayıb. Bir sözlə, dövlətin pulunu çölə töküblər. Əkilən gün dron qaldırdılar ki, baxın, nə qədər ağac əkmişik. Ancaq sonradan baxmadılar və məhv olub getdi”.

Masallı Rayon İcra Hakimiyyətindən bu barədə məlumatsız olduqlarını bildiriblər.

Masallı Regional Meşə Təsəssüfatı Mərkəzinin (RMTM) direktoru Adəm İsmiyev isə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Hamısı narazı insanların şər-böhtanlarıdır:

“Bəzən olur ki, əməkdaş işləmir, töhmət veririk, gedir orda burda şər-böhtan yayır, danışır. Belə insanların dediklərinə fikir verməyin”.

Ana səhifəSosial“Ecofront”: Salınan meşə bağlarının çoxu quruyub