DYP “Pickup” tipli avtomobillərin yoxlanılmasının səbəbini açıqladı

“Avtomobil nəqliyyatı haqqında” Qanunun 12-ci maddəsində deyilir ki, avtomobil nəqliyyatında səfərbərlik hazırlığının təmin olunması və avtomobil daşıyıcılarının fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi mümkündür.

DYP. Foto: DYP


Qurum bunu “Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları“na əsasən etdiyini deyir

Dövlət Yol Polisi İdarəsi “Pickup” tipli avtomobillərin postlarda saxlanılmasına aydınlıq gətirib. İdarənin bu barədə yaydığı açıqlamasında deyilir ki, onlar bunu Nazirlər Kabinetinin 4 aprel 2006-cı ildə təsdiq etdiyi “Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları“na əsasən ediblər.

Həmin qaydada deyilir ki, hərbi nəqliyyat vasitələrinin texniki vəziyyəti silahlı birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə verilməsi üçün Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanıla bilər.

Dövlət Yol Polisi İdarəsi əlavə edib ki, “Pickup” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 16 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aiddir:

“Həmin nəqliyyat vasitələri yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir”.

Sentyabrın 21-də məlumat yayıldı ki, Bakı şəhərində polis “Pickup” modelli avtomobilləri cərimə meydançasına aparır. Avtomobili olan bir neçə şəxs Meydan TV-yə yazaraq bildirib ki, polis onları saxlayaraq eyni model avtomobillə qəza törədildiyindən cərmə meydançasına gedərək, aydınlaşdırma aparmağın lazım olduğunu deyib. Vətəndaşlar bildirirlər ki, cərimə meydançasına gedəndə onlara deyilib ki, avtomobilləri hərbidə lazım ola bilər. Ona görə siyahıya alırlar. Vətəndaşlar belə bir haldırsa, polisin onlara niyə yalan söylədiyini anlamadıqlarını deyirlər.

image_from_ios.jpg
“Pickup” modelli avtomobillər cərimə meydançasında

“Avtomobil nəqliyyatı haqqında” Qanunun 12-ci maddəsində deyilir ki, avtomobil nəqliyyatında səfərbərlik hazırlığının təmin olunması və avtomobil daşıyıcılarının fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi mümkündür.

12.1. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları avtomobil nəqliyyatının səfərbərlik hazırlığının zəruri səviyyədə saxlanmasını təmin etməlidirlər.

12.2. Təbii və ya texnogen xarakterli fövqəladə hadisələr baş verdikdə avtomobil daşıyıcıları onların nəticələrinin aradan qaldırılmasını idarə edən dövlət orqanlarının qanuni tələblərini yerinə yetirməyə borcludurlar.

12.3. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb olunmuş avtomobil daşıyıcılarının qəza-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı çəkdiyi xərclərin və ya onlara dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

12.4. Avtomobil nəqliyyatının səfərbərlik hazırlığı və avtomobil daşıyıcılarının fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb olunması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunur.

Vəkil Zibeydə Sadıqova deyir ki, Konstitusiya vətəndaşların mülkiyyət hüququnu qoruyur: "Konstitusiya, maddə 29.4 IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Yəni pickupların pulu veriləndən sonra müsadirə edilə bilər".

Sentyabrın 19-da Prezident İlham Əliyev yerli mediaya müsahibəsində Ermənistanın “yeni müharibəyə hazırlaşdığını” bildirmişdi.

Sentyabrın 20-də isə Baş Prokurorluq məlumat yaymışdı ki, Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb. Nəticədə əsgər Qurban Qurbanov sağ çiyin nahiyəsindən yaralanıb.

Bu gün, sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əsgər Elşən Məmmədov həlak olub.

Eyni gün, sentyabrın 21-də ehtiyatda olan hərbçilər də qeydiyyatda olduqları hərbi komissarlığa çağırılıblar. Sosial şəbəkələrdə müxtəlif rayonların hərbi komissarlığı önündən fotolar paylaşılıb.

Meydan TV əməkdaşları da Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən hərbi komissarlığın önündə qələbəliklə rastlaşıblar.

Baş verənlər ictimaiyyət arasında ajiotaj yaradıb. Sosial şəbəkələrdə səfərbərliyə başlandığı deyilir. Lakin rəsmi qurumlar deyiləni təkzib edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib ki, səfərbərlik elan olunmayıb, ehtiyatda olan hərbçilər xüsusi toplanışa çağırılırlar.

Qurumun açıqlamasına görə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılır.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bu barədə hər hansı məlumatının olmadığı açıqlamasını verib.

image_from_ios.png
Cərimə meydançası
Ana səhifəSosialDYP “Pickup” tipli avtomobillərin yoxlanılmasının səbəbini açıqladı