“Dünyanın ən kasıb prezidenti” ilə müsahibə

“Mən kasıb deyiləm. Mən sadə insanam…” deyən Uruqvayın prezidenti Xose Muxika 60-cı illərdə partizan qrupunda diktaturaya qarşı silahlı mübarizə aparıb. Altı dəfə polis tərəfindən güllə yarası alıb. Həyatının 15 ilini həbsdə keçirdib, işgəncələrə məruz qalıb.

Source:


Xose Muxika Uruqvayın hal-hazırki Prezidentidir. Onu çox vaxt dünyanın ən kasıb prezidenti kimi təqdim edirlər. Cənab Prezident maaşının 90 faizini xeyriyyə işlərinə bağışlayır. Prezident sarayından imtina edib həyat yoldaşı ilə balaca bir fermada yaşayır. Bağında tərəvəz yetişdirir, traktor sürür. Muxika 60-cı illərdə partizan qrupunda diktaturaya qarşı silahlı mübarizə aparıb. Altı dəfə polis tərəfindən güllə yarası alıb. Həyatının 15 ilini həbsdə keçirdib, işgəncələrə məruz qalıb. Bir neçə gün öncə isə Suriya vətəndaş müharibəsində yetim qalmış 100 uşağa öz evində sığınacaq verəcəyini elan edib.

Bu fenomenal insanın Əl-Cəzirə müxbirinə verdiyi müsahibəsindən ən maraqlı məqamları sizinlə bölüşmək istəyirik.


Sizi dünyanın ən kasıb Prezidenti kimi təsvir edirlər. Bununla bağlı özünüzü necə hiss edirsiniz ?

Mən kasıb deyiləm. Kasıb, məni bu cür təsvir edənlərdir. Kasıb, ancaq bahalı həyat tərzi sürmək üçün həyatları boyu işləyən insanlardır. Onların gözləri heç vaxt doymur. Mən sadə insanam, kasıb deyiləm. Yüngül çamadanı olan sadə insan.

Mənim çox az bir şeyə ehtiyacım var, yalnız ən vacib olanlara. Material şeylərə çox bağlı deyiləm. Niyə ? Daha çox vaxtım olsun deyə. Nə üçün ? Sevdiyim işləri görmək üçün.

Azadlıq, yaşamaq üçün zamanın olmasıdır.

Sadə yaşamaq bir həyat fəlsəfəsidir, kasıb olmaq demək deyil.


Siz maaşınızın 90 faizini xeyriyyə işlərinə bağışlayırsız. Axı sizə lap az bir şey qalır…

Mən Prezident olduğuma görə öz həyat tərzimi dəyişmirəm. Mən ehtiyacım olduğundan daha çox qazanıram, bu pul başqalarına bəs etməsə belə. Mənim xanımım Senator vəzifəsində çalışır. O da öz partiyasına çox kömək etməli olur. Bununla belə onun maaşı bizim ikimizə də bəs edir. Hələ biraz da artıq qalır, hansını ki banka qoyuruq, hər ehtimala qarşı. Mən öz siyasi qrupuma və evli olmayan analar üçün mənzil layihələrinə yardım edirəm.

Mənim üçün bu qurban vermək deyil, bu mənim vəzifəmdir.

Düşünürəm ki, yaşamağın ən ideal yolu böyük çoxluğun yaşadığı kimi yaşamaqdır, kimləri ki biz təmsil edirik, kimlərə ki biz xidmət etməyə çalışırıq.


Nəyə görə siz marixuananı ölkənizdə leqallaşdırdınız ?

Bu narkotik alverinə qarşı bir eksperimentdir. Son 100 ildə narkotik traffikinə qarşı gördüyümüz bütün polis tədbirləri cinayəti dəfələrlə artırdı. Narkotik və zorakılıq daha çox yayıldı. Biz bu gizli biznesi götürüb onu üzə çıxartmaq istədik. Amma bu o demək deyil ki hamıya istədiyi şeyi almaq və istifadə etmək icazəsi verilir. Burda söhbət tənzimləməkdən getir. Yalnız şəxsi doza miqdarında aptekdən ala bilərsiz. Qeydiyyatdan keçənlərə isə aylıq miqdar. Əgər kimsə daha çox istəsə, biz biləcəyik ki onun müalicəyə ehtiyacı var. Və biz bununla bir sağlamlıq problemi kimi davranacayıq. Amma ilk öncə biz o insanı aşkarlayıb, onu gizli dünyadan çıxartmalıyıq. Burda söhbət yalnız marixuanadan gedir. Qalan bütün narkotiklərin istifadəsi qanunsuzdur.

Biz bir təcrübə olmalıyıq. Biz bununla nəsə etməliyik, çünki dünya bu problem üçün başqa heç bir həll yolu təklif etmir.


Bununla bağlı başqa dövlətlər sizə təzyiq göstərmirlər ? ABŞ, Birləşmiş Millətlər ?

Xeyr. Heç bir təzyiq yoxdur. Hətta bəzi ex-prezidentlər məni dəstəkləyirlər. Maraqlıdır ki, onlar vəzifədə olanda bununla bağlı heçnə edə bilmirdilər, vəzifəni tərk edəndən sonra isə başa düşdülər ki məcburiyyət yetərli deyil. Çünki narkotikdən daha pis narkotik alveridir. Çox daha pis.

Narkotik xəstəlikdir və mən fikirləşmirəm ki yaxşı narkotiklər mövcuddur və yaxud marixuana yaxşıdır. Siqaret də həmçinin. Heç bir asılılıq yaxşı deyil. Bura alkoqolu da əlavə etmək olar. Yeganə yaxşı asılılıq sevgidir. Başqa hər şeyi unut getsin.


Necə oldu ki sizin təcrübəniz sizi hal-hazırda olduğunuz insana çevirdi ?

Mən illərlə təklikdə yaşamışam və müqavimət göstərmək üçün içimdə bir sığınacaq tapmalı idim.

İnsan olduqca güclü heyvandır, əgər onun əqidəsi varsa. Bəlkə də mən biraz primitivəm. Bəlkə də məndə ata-babadan gələn primitiv bir möhkəmlik var, kəndli uşaqlığımın məhsulu.

Fakt odur ki, ağlımı başımda saxlaya bilmək üçün beynimdə özümdən şeylər ixtira etməli idim. Bunun mənə təsiri pis oldu. Onlar hətta məni psixi müalicəyə göndərmək istəyirdilər, çünki hallusinasiyalar görməyə başlamışdım. Amma onların mənə göndərdiyi həkimi görəndə dedim ‘Mən indi doğurdan dəli olacam’. O mənə çoxlu dərman verirdi, mən də hamısını tullayırdım. Amma mənə kitab oxumağa icazə vermələrinə nail oldum. Yeddi il ərzində mənə kitab oxumağa icazə verilmirdi. Yeddi ildən sonra axırı ki mənə fizika, kimya kitabları verdilər və mən ağlımı qaydaya salmağa başladım. Və budur mən qarşınızdayam.


Siz necə inana bilirsiz ki bir ölkə öz istehlakını artırmadan inkşaf edə bilər ?

Mən istehlaka qarşı deyiləm. Mən israfa qarşıyam. Biz aclar üçün yemək, evsizlər üçün ev düzəltməliyik. Məktəbi olmayanlara məktəb tikməliyik. Biz su problemini həll etməliyik. Əgər hər bir güclü insanın 3,4,5 maşını varsa və yaşamaq üçün 400m2-ə ehtiyacı varsa, dəniz kənarında villası, ora-bura uçmağa təyyarəsi varsa onda əlbəttə ki bu hamıya çatmayacaq.

Müasir elm bizə nə deyir ? Elm inkaredilməz faktları ortaya qoyur. Əgər planetin bütün əhalisi ortabab bir amerikalı kimi yaşamaq istəsə onda gərək bizim üç dənə yer planetimiz olsun.


Bəs niyə həmin israfçı dünyanı dəyişməyə çalışmırsız ?

Çünki əgər mən öz həyat tərzimi qalan hamıya tətbiq etməyə çalışsam onlar məni öldürərlər. Onlar məni öldürərlər. Mən bunu bilirəm. Amma heç olmasa icazə verin mən özümü azad şəkildə ifadə edim.

Təbiəti məhv edirik, sonra isə qlobal istiləşmədən şikayət edirik.

Mənim məqsədim Uruqvayda biraz daha az ədalətsizliyə nail olmaqdır, ən zəiflərə əl tutmaqdır. Məndən sonraya qalan, siyasi düşüncə tərzim, gələcəyə baxmaq tərzim qalacaq.

Qısa müddətli heç bir şey yoxdur. Qələbə buralarda tinin qırağında dayanmayıb. Mən cənnətə filan nail olmayacam. Mənim istədiyim ümumi xeyrin artması üçün savaşmaqdır. Həyat axıb gedir. Onu uzatmağın yolu odur ki, başqaları sənin işini davam etdirsin.


Siz yalnız prezident deyilsiz. Siz həm də filosof, şairsiz. Sizcə xoşbəxtliyin sirri nədir ?

Düşündüyünə və inandığına əsasən yaşa. İçində daşıdığın adamla danış. O bizim məzara apardığımız yoldaşımızdır. Özün ol və öz meyarlarını başqalarına tətbiq etməyə çalışma. Başqalarını sənin kimi yaşamağa məcbur etmə. Başqalarının azadlığına hörmət et, öz azadlığını isə müdafiyə et. Bu isə düşündüyünü deyə bilmək cəsurluğundan irəli gəlir, başqalarının baxışı səninkindən tamam fərqli olsa belə. Danışdığın dil həqiqət dili olsun.

Mənbə:

Aljazeera

Ana səhifəXəbərlər“Dünyanın ən kasıb prezidenti” ilə müsahibə