”Dünyamin Xəlilova ayrılan kreditlər heç müzakirə olunmurdu”

”Cahangir Hacıyevin göstərişi ilə sabiq deputat 30 nəfər şəxsin adına 6 milyon manat kredit götürüb”

Source:


”Cahangir Hacıyevin göstərişi ilə sabiq deputat 30 nəfər şəxsin adına 6 milyon manat kredit götürüb”

Aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Beynəlxalq Bank”ın sabiq filial müdiri Faiq Baladadaşov ifadə verib. O, ifadəsində “Beynəlxalq Bank”ın Kredit Komitəsinin sədri vəzifəsində çalışan Akif Əliyevin D.Xəlilova 1 milyon 500 min manat kredit verilməsi ilə bağlı göstəriş verdiyini deyib.

İclasda “Beynəlxalq Bank”ın İdarə Heyətinin sədr müavini Emil Mustafayev də ifadə verib. Bildirib ki, Şahidin 2011-ci ildən 2015-ci ilədək “Beynəlxalq Bank”ın Kredit Komitəsinin sədri vəzifəsində işləyib, Dünyamin Xəlilovun adına kreditlər “Beynəlxalq Bank”ın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin göstərişi ilə rəsmiləşdirilib:

“Dünyamin Xəlilov kreditləri xaricdəki layihələrə yönəldiləcəyini deyirdi. Tez-tez banka gəlirdi və Cahangir Hacıyevlə görüşürdü”. Şahid deyib ki, o, D.Xəlilovla görüşməyib.

D. Xəlilov isə bunun əksini iddia edib. Bildirib ki, onlar arasında görüş olub.

“Beynəlxalq Bank”ın İdarə Heyəti sədrinin müşaviri Akif Əliyev isə iclasda sualları cavablandırıb.A.Əliyev ifadəsində göstərib ki, bütün göstərişləri Cahangir Hacıyevdən alıb: “Bankın fliallarına sədrin adından göstəriş vermişdim ki, Dünyamin Xəlilovun layihələrinə maliyyə dəstəyi göstərmək lazımdır. Bu, Cahangir Hacıyevin göstərişləri idi. 2011-ci ildən 2015-ci ilə qədər bankın baş direktoru işləmişəm, eyni zamanda Kredit Komitəsinin üzvü olmuşam. Dünyamin Xəlilovu uzun müddətdir tanıyıram, onun Cahangir Hacıyevlə yaxın əlaqələri vardı. Cahangir Hacıyev Dünyamin Xəlilovu özü bizə təqdim edərək, ona kredit ayrılması barədə göstəriş vermişdi. Dünyamin Xəlilova ayrılan kreditlər heç müzakirə olunmurdu”.

O bildirib ki, Dünyamin Xəlilov Cahangir Hacıyevlə razılaşdıqdan sonra, banka göndərdiyi 30 nəfər şəxsin adına 6 milyon manat kredit götürüb. Bundan başqa, 2008-ci ildə Dünyamin Xəlilovun hesabına 1 milyon 800 min dollar kredit ayrılması ilə bağlı Cahangir Hacıyevdən göstəriş alıb və bu göstəriş icra edilib.

Prosesdə dövlət ittihamçısı Ramin Nağdəliyev çıxış edərək, təqsirləndirilən şəxslərinə məxsus və hazırda üzərlərinə həbs qoyulmuş  əmlaklarının qiymətləndirilməsinə dair məhkəmə əmtəəşünaslıq ekpertizasının keçirilməsi iıə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

İttihama görə, Dünyamin Xəlilov “Azərbaycan Beynəlxalq Bank” ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.

“Bir neçə cinayətin törədilməsi üçün “Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev, “Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov, “Kondor Qrup” MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə sabit cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində  külli miqdarda özgə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə “Azərbaycan Beynəlxalq Bank”ına külli miqdarda ziyan vurublar” – ittihamda qeyd olunur.

Ana səhifəXəbərlər”Dünyamin Xəlilova ayrılan kreditlər heç müzakirə olunmurdu”