Dünya birjalarında neftin qiyməti ucuzlaşıb

V.Bayramov deyir ki, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır.

Source: google.az


İqtisadçı: ''Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür''

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,85 dollar geriləyərək 66,02 dollar olub. Nyu-Yorkun NYMEX (“

New York Mercantile Exchange

”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,59 dollar ucuzlaşaraq 56 dollar təşkil edib. .

İqtisadçı Vüqar Bayramov deyir ki, bir müddət öncə hər bareli 73 dollar ətrafında alqı-satqı edilən brent markalı neft indi 65 dollardan ucuzdur. Bununla da son 3 həftədə neftin hər barelinin qiyməti 8 dollar azalıb:

“Bu ay Birləşmiş Ştatların İrana qarşı sanksiyaları genişləndirməsinə və cənub qonşumuzun neft ixrac imkanlarının minimumlaşmasına baxmayaraq, “qara qızıl” dəyər itirməyə başladı. Son qiymət azalmaları şist neft istehsalının artması, Səudiyyə Ərəbistanının gələn aydan hasilatı artacağı ilə bağlı yayılan xəbərlər və ən əsası, ABŞ Prezidentinin enerji məhsullarının qiymətinin azalmasının zəruruliyi ilə bağlı bəyanatlar və eləcə də “twit”ləri ilə əlaqədardır”.

İqtisadçı deyir ki, qlobal neft təklifinin gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq, bir zəng neft ölkələrinin “qara qızıl” satışından gündəlik gəlirinin 811 milyon dollar azalmasına səbəb olub:

“Azərbaycanın gündəlik neft ixracatının 798 min barel olduğunu nəzərə alsaq, o zaman, son qiymət azalmalarının ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 6.4 milyon dollar azaltdığı aydın olur. Bu, mənfəət gəliri də deyil, xərclər, əməliyyat şirkətinin payı daxil olmaqla əldə edilən bütün məbləğdir”.

Vüqar Bayramov
Vüqar Bayramov

V.Bayramov deyir ki, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır. Bu, həmçinin “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir:

“Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür”.

Beləliklə, iqtisadçı əlavə edir ki, neftin qiyməti məqbul hesab olunsa belə, son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə ilə formalaşdırmır:

“Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni “şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.

Ana səhifəXəbərlərDünya birjalarında neftin qiyməti ucuzlaşıb