Dünya Bankı Azərbaycandan alınan məlumatlarda uyğunsuzluq olduğunu deyir

“İndi də məlum olur ki, Azərbaycandan gedən məlumatlar saxta olub”

Foto: Dünya Bankı


İqtisadçı: “Bizim saxtakarlar indi də Dünya Bankını çətin vəziyyətə salıblar"

Dünya Bankı "Doing Business 2021" hesabatının dərcinə fasilə

verib

. Səbəb kimi "Doing Business" 2018 və 2020-ci il hesabatlarında Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən alınan məlumatların uyğunsuz olaraq dəyişdirilməsi göstərilir.

Bankın bəzi ölkələr üzrə göstəricilərin təhrif olunması ilə bağlı açıqlamasında məlumat dəyişikliklərini sistematik şəkildə nəzərdən keçirdiklərini və qiymətləndirmə apardıqlarını bildiriblər. Açıqlamaya görə, DB pozuntuların təsirinə ən çox məruz qalmış ölkələr üzrə məlumatları retrospektiv olaraq düzəldəcəklər. Bu müddətdə “Doing Business” hesabatının dərci dayandırılacaq.

İqtisadçı Samir Əliyev deyir ki, "Doing Business" Azərbaycan hökumətinin daha çox istinad etdiyi bir reytinq hesabatıdır. Son dövrlər hesabatda Azərbaycanın mövqeyində yaxşılaşma müşahidə edilirdi. Ancaq hesabat həmişə kəskin müzakirə mövzusu olub və nəticələrin reallıqda uzaq olması barədə daim fikirlər səslənib:

Samir Əliyev
Samir Əliyev

"İradlardan biri də azlıqda qalan səhmdarların hüquqları ən çox pozulduğu halda, bu meyar üzrə ölkəmizin ən yüksək yerlərdən birini tutmasıdır. Bu reytinqin əsas çatışmazlığı qiymətləndirmənin ancaq qanunvericiliyin mövcudluğuna əsaslanmasıdır. Məhz bu göstəricilərə görə ölkəmiz həmişə yüksək yerləri tutur. Halbuki hamımız bilirik ki, Azərbaycanda əsas problem qanunların olması yox, onların icrasındadır. Hüquqi baza var, amma mexanizmlər işləmir".

Dünya Bankının açıqlamasından sonra əsas diqqət hökumətlərin üzərinə yönəlib. Ancaq Dünya Bankı hələ ki məsuliyyəti öz üzərinə götürərək problemi özünün səhv hesablamasına yönəldib.

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, Dünya Bankı plan üzrə daxili audit məlumatlarını yenidən toplayaraq, bazasında müvafiq düzəlişlər edəcək. Çox böyük ehtimalla bu düzəliş Azərbaycanın da reytinqinin pisləşməsinə gətirib çıxaracaq:

78309566_10218390598228031_2732151013359222784_n.jpg
Qubad İbadoğlu

"Mən Dünya Bankının "Doing business 2019"

hesabatı

nda Azərbaycanla bağlı dəyərləndirmələrinə şübhə ilə yanaşmışdım. "Doing Business-2020" reytinqində isə Azərbaycan 190 ölkə arasında 34-cü yeri tutmuşdu. "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdu. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşaraq, dünyanın bir çox ölkəsini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında lider mövqeyə yüksəlmişdi. Bundan sonra hakimiyyətin iqtisadi blokuna rəhbərlik edənlər, əsasən də dövlət başçısı İlham Əliyev bu nəticə ilə qürrələnərək, ona çoxsaylı istinadlar edirdi. İndi də məlum olur ki, Azərbaycandan gedən məlumatlar saxta olub. Beləliklə, bizim saxtakarlar indi də Dünya Bankını çətin vəziyyətə salıblar".

Ana səhifəİqtisadiyyatDünya Bankı Azərbaycandan alınan məlumatlarda uyğunsuzluq olduğunu deyir