DSMF-nin xərcləri 350 milyon artırıldı

Layihələr üçüncü oxunuşda səsverməyə çıxarılacaq

Source:


Layihələr üçüncü oxunuşda səsverməyə çıxarılacaq

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019- cu il dövlət büdcəsi haqqında” qanuna da parlamentdə ikinci oxunuşda dəyişiklik edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri daha 350 milyon manat artırılır.

O vurğulayıb ki, bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Hadı Rəcəbli
Hadı Rəcəbli

“Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır”, – əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək:

“Nəticədə ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin əsas məqsədidir”.

S.Babayev qeyd edib ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır:

“Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq. Xərclərin də strukturunda önəmli istiqamət özünəməşğulluq tədbirlərinə yönəldilib. Bu, həyata keçirilən genişmiqyaslı proqramdır və cari ildə 7 min ailəyədək əhalini əhatə edib. Nəticədə Azərbaycanda kiçik ailə təsərrüfatının yaradılmasına stimul verəcək. Gələn ilin büdcəsində 50 faiz artım məhz özünəməşğulluq tədbirlərinə yönəldilib”.

S.Babayev deyib ki, 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir:

Sahil Babayev
Sahil Babayev

“Sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır. Ümumilikdə, ölkə əhalisinin 21 faizi sosial təminat vasitəsilə əhatə olunacaq”.

Spiker “Ehtiyac meyarı” və Yaşayış minimumu”nun arırılmasını təklif edir

Milli Məclisin sədri Oqtay Əsədov “Ehtiyac meyarı” və Yaşayış minimumu” haqqında qanunlara yenidən baxılması təlifi ilə maliyyə naziri Samir Şərifova müraciət edib:

“Hörmətli maliyyə naziri Samir Şərifov, hesab edirəm ki, növbəti ildə “Ehtiyac meyarı” və Yaşayış minimumu” haqqında qanunlara yenidən baxmaq lazımdır.

Samir Şərifov
Samir Şərifov

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində götürülməsi nəzərdə tutulub.

2018-ci il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 130 manat, yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilmişdi.

Layihələr ikinci oxunuşda qəbul edilib. Noyabrın 30-da üçüncü oxunuşda səsverməyə çıxarılacaq.

Ana səhifəXəbərlərDSMF-nin xərcləri 350 milyon artırıldı