Kəlbəcər qəsəbəsində 21, ümumi Ağdam rayonu üzrə 100-dən artıq ev qəzalı vəziyyətdədir
“Bakıdan gələn nümayəndə bizə deyir ki, bu evdə niyə oturursunuz? Sözü deyirlər, ancaq bizi heç çadırla da təmin etmirlər. Bizə deyirlər ki, Bakıya ziyandır bu məsələni açmaq. Yəni deyəcəklər ki, prezidentin verdiyi ev keyfiyyətsiz tikilib, uçub. İki gündən bir gəlib dedilər ki, narahat olma, narahat olma heç nə də dəyişmədi” – deyir Məhəbbət Həsənova.
Ağdam rayonunda Kəlbəcərdən olan məcburi köçkünlər üçün – Kəlbəcər qəsəbəsi salınıb. M.Həsənova həmin qəsəbədə 5 nəfər ailə üzvü ilə birgə dövlətin verdiyi 3 otaqlı evdə yaşayır. 2014-cü il martın 9-da evinin bir divarı M.Həsənovanın üstünə uçub. Uçqun altında qalan qadın Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıb. Öz hesabına müalicə olunub. Ancaq bu hadisə belə onun evinin vəziyyətini yaxşılaşdırmağa vəsilə olmayıb.
“Heç kimə rüşvət belə verəcək pulum da yoxdu. Qızlarımla günü 5-6 manata alaq təmizləməyə gedirik. Pulumuz olsa tarlada işləməyə getmərik ki. Evin içi, çölü hər yeri çat-çatdır. Yayda dam düzəltdik. Orda yaşadıq. Ancaq indi qışdı. Nə qədər damda yaşaya bilərik? İki dəfə icranın qəbulunda olmuşam. Divar uçanda kürəyim əzilib. Mənə deyirlər ki, heç hara demə. Bizə təhqir hesab olunur” – söylədi evin sahibəsi.
Ağdam rayon İcra Hakimiyyətinin nümayəndəsi Valeh Abdullayevin sözlərinə görə, bu məlumatları bütün respublika bilir: “O evlərin şəkili də çəkilib və Fövqəladə Hallar Nazirliyinə də verilib. Bizim qəsəbədə 21, ümumi rayon üzrə isə 100-dən artıq ev qəzalı vəziyyətdədir. Qaçqnkomun sədri Əli Həsənova da məktub yazılıb. Ən acınacaqlı vəziyyətdə olan 3-4 ev daxili imkanlar hesabına təmir olunub. Amma rayon üzrə bu cür evlərin sayı çoxdur deyə gərək Qaçqınkomdan ona vəsait ayrılsın”.
M.Həsənovanın evinin döşəməsi də yeridikcə batıb-qalxırdı. Pəncərələrin altı tökülüb, otaqlarda divarlar aralanıb. Evin çatlarından həyəti görmək mümkündü.
M.Həsənova həyat yoldaşının ayda 250 manat məvacib aldığını, dövlətin isə onlara 80 manat çörək pulu verdiyini bildirdi: “Bizimkilərin hamısı Bakıda yaşayır. Burda qohum-əqrəbamız da yoxdu ki, gedib onların evinə yığılaq. Çıxmağa yerimiz də yoxdu. Hara çıxaq? Qızımın biri nişanlıdır. Onu necə yad qapıya aparım? İcra başçısı da hər dəfə söz verir ki, evin düzələcək, ancaq bir şey hasil olmur”.
“Bax, bu otağın divarı da partlayb çölə çıxıb. O uçan divar da elə olmuşdu. Partlayıb əyilmişdi. Bu da uçsa hara gedəcəyik?” – sual verir M.Həsənova.
“Bünövrəyə beton tökülməyib. Karkas yoxdur. Eləcə daşla hörüblər. Ona görə ev çökür. Elə olub ki, İcra Hakimiyyətində Valeh Abdullayevin yanına gedib dərdimizi demişik. O da deyir ki, əliniz hara çatır ora da qoyun” – söylədi ev sahibi Sabir Həsənov.
S.Həsənovun evinin sökülüb yenidən tikilməli olduğunu deyən icra nümayəndəsi 2006-cı ildə istismara verilən evin o vaxtkı dəyərinin 35 000 manat olduğunu bildirdi: “Fövqəladə Hallar Nazirliyi də rəy verməlidir ki, ev bünövrədən sökülsün başqa yerdə tikilsin. Bunun üçün də dövlət işləyir”.
“O evləri şirkətlər tikib. Mən 1994-2007-ci ilə qədər Bərdədə işləmişəm. Evləri tikən şirkətlərdən xəbərim yoxdu. Qanuna qalanda həmin şirkət rəhbərləri evləri 8 illiyinə sığortalayır. Səkkiz illik istismar müddəti var. Şirkətlərin rəhbərləri də gəlib. Onlar da deyir ki, bu, bizim büdcəmizə uyğun gəlmir. Məsələ Əli müəllim səviyyəsinə, respublika səviyyəsinə qalxıb. Hamının bu işdən məlumatı var. Rəsmi məlumatı Qaçqınkoma göndərmişik. Qaçqınkom indi pul ayıranda həmin evlər təmir olunacaq” – deyən icra nümayəndəsi gözləməyi məsləhət görür.
“Əslimiz Kəlbəcərlidir. Yevax yolunda “Türk Kızıl-ay” çadırında yaşayırdıq. Burda da 8 ildir yaşayırıq. Səkkiz ildə də evimiz bu vəziyyətə düşüb. İş yoxdur ki, qazanıb özün düzəltdirəsən. Özümüzün pulumuz da yoxdur. Harada yazıb veririk, baxan yoxdu”, – bunu isə qəsəbənin digər sakini Tamara Seyidova deyir.
56 yaşlı T.Seyidova 5 nəfərlik ailə üzvü ilə birgə 3 otaqlı evdə yaşayır. Evin divarları dərin çatlarla əhatələnib. Sakinlər evlərinin uçacağı məqamı gözləyirlər: “Vəziyyəti hər yerə demişik. Heç nəyə baxan yoxdu. İki dəfə çağırmışıq gəlin, evlərə baxın. Deyirlər sökülməlidir, ancaq heç birindən xəbər çıxmır…”
Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun münasibətini dəfələrlə öyrənməyə çalışsaq da buna müvəffəq ola bilmədik. Sonda problem haqda E.Qədimova ismarıc yazdıq. Ancaq ona da münasibət bildirən olmadı.
1000-dən çox evi olan qəsəbədə məskunlaşma sakinlərin sözlərinə görə 2008-ci ildə olub. Qəsəbə haqda QMKİDK-dən məlumat əldə edə bilmədiyimizə görə internetdə axtarış verdik. Azərbaycan Televiziyasının rəsmi veb-səhifəsindən öyrəndik ki, 2003-cü ildən başlayaraq çadır düşərgələrində məskunlaşan məcburi köçkünlərin evlərlə təmin olunmasına başlanılıb. Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgə də məhz İlham Əliyevin göstərişi ilə 2003-cü ilin iyun ayında ləğv edilib. Münaqişə başlanandan ölkəmizdə mövcud olan 12 çadır düşərgəsinin 5-i 2003-cü ildə, 7-si isə sonrakı 4 ildə ləğv olunub. 2003-cü il Prezident seçkiləri öncəsi “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” vədini verən İlham Əliyev bu vədi hətta 4 ildə yerinə yetirib. 2007-ci il dekabrın 24-ü Azərbaycan tarixinə, həm də son çadır düşərgələrinin ləğvi kimi düşüb.
Elə saytın məlumatına görə dövlət indiyədək məcburi köçkünlərə, ümumilikdə 4,5 milyard dollarlıq vəsait xərcləyib. Bunun 2,6 milyardı dövlət büdcəsi, 1 milyardı Neft Fondunun vəsaiti, 900 milyonu beynəlxalq humanitar təşkilatların payına düşür. Dövlət Neft Fondunun hesabından ilk köçürmələr də, məhz qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Bu vəsaitlə 67 qəsəbə salınıb, 100 min qaçqın və məcburi köçkün həmin qəsəbələrə köçürülüb.
Müstəqil ekspertlər isə bildirir ki, Neft Fondundan bu istiqamətdə daha çox vəsait ayrılıb. Belə ki, 2002-2014-cü illər üzrə 1 miyard 757 milyon manat xərclənib. Bu vəsaitlərin 522 milyon manatı 2002-2009-cu illərdə, 1 milyard 235 milyon manatı isə 2009-2014-cu illəri əhatə edir.
Görünən odur ki, milyardlar bahasına başa gələn evlər Kəlbəcər köçkünlərinə ocaq ola bilməyib.
“Çox adamın evi pis vəziyyətdədir. Cahangirgilin, Sabigilin, Tahirgilin – hamısının evi dağıla-dağıla gedir. Buranı özümüz 2 dəfə təmir elədik, ancaq bu bünövrədən baş verir. Bünövrə düzgün qurulmayıb. Hər yerə yazıb veririk. Ancaq faydasızdı. Qaçqınkomun qaynar xəttinə də zəng vurmuşuq. Bizim evimiz 2 ildir belədi, eləsi var 2 il, 3 ildi uçuri. Bir dənə də ev oldu, gəldilər tamam sökdülər ki, bünövrədən tikələr, ancaq eləcə də qaldı. Heç yiyəsi də istəmədi. Evlərin qumuna da sement qatmayıblar. Əlimizi çəkirik tökülür. Evimizə ilan girir, zəhərli həşaratlar girir. Biz o tərəfə, uşaqlar üçün qorxuruq” – deyir T.Seyidova.
Qəsəbədə uşaq baxçası, məktəb, xəstəxana da yoxdu. Məktəbəqədər və məktəbyaşlı uşaqlar əsasən Ağdamdan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə gedirlər.
“Bir tərəfdən atışma düşür, səs-küydən yata bilmrik, iş-güc də yoxdu, verilən ev də başımıza uçur”- deyir, Tamara Seyidova.
1000-dən çox evi olan qəsəbədə yollar palçıqlı, evlər qəzalı vəziyyətdədir. Nəticə isə odur ki, bu gün yeni ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü Kəlbəcər qəsəbəsinin sakinləri uçmaq təhlükəsi altında olan evlərində dirigözlü qeyd edirlər. Bayram günündə evlərinin qəfildən uçmayıb bərpa olunacağı diləyi ilə.