Uzun illərdir bu ölkədə insanlar bu iki gəncin yoxa çıxdığı kimi yoxa çıxırlar
Bu gün günorta radələrində məlumat yayıldı ki, iki gənc fəal mayın 10-u gecə saatlarından “yoxa çıxıb”. Doğmalarının, dostlarının, jurnalistlərin onların harada olmalarını müəyyənləşdirmək cəhdləri nəticə verməyib. Daxili İşlər Nazirliyi bu barədə “məlumatlı olmadığını” bildirib.
Uzun illərdir bu ölkədə insanlar bu iki gəncin yoxa çıxdığı kimi yoxa çıxırlar, bir müddət sonra, yaxşı halda hansısa polis məntəqəsinin saxlama yerindən, pis halda isə bandotdelin zirzəmisindən soraq gəlir. Sonra vəkillərinin onlarla görüşmək üçün uzun müddət uğursuz cəhdləri olur. Sonra bəlli olur ki, narkotik, silah saxlama, dövlət çevrilişinə cəhd və s. cinayətlərdə iştirakları barədə həm özlərinin, bəzən isə həm də başqalarının əleyhinə ifadə veriblər. Sonra onların harada saxlanmalarından xəbərsiz olan Dövlətin polisi yaşadıqları mənzildən narkotik, silah, kokteyl tapır. Çox sonra bəlli olur ki, bu insanlar həmin ifadələri işgəncə və təzyiqlər altında veriblər.
Norveçdə 75 nəfərin ölümünə bais olmuş Breyvik az qala oteldəki kimi hər cür komfortu olan birotaqlı kamerada saxlanmasının ləyaqəti alçaldan rəftar kimi tanınması üçün məhkəməyə şikayət vermişdi və məhkəmə də onun haqqının pozulduğunu tanımışdı.
Mən Bayram Məmmədov və Qiyasəddin İbrahimin nəyə görə saxlanıldıqlarını bilmirəm. Amma bildiyim dəqiq bir şey var: onlar adam öldürməyiblər. Amma hətta adam öldürsəydilər belə, yaxınlarının (onların vasitəsilə ictimaiyyətin) onların nəyə görə saxlandıqları və harada olmaları barədə dərhal məlumatlandırılması, tutulduqları andan vəkillə görüş, pis rəftara məruz qalmamaq haqları, Daxili İşlər Nazirliyinin (Dövlətin) isə azı bu barədə məlumatlı olmaq və onlara ünvanlanan sorğuları doğru-dürüst cavablandırmaq vəzifəsi var.
Harada və hansı şəraitdə saxlandıqları bilinməyən bu gənclərin hansı günah sahibləri olduqlarını DİN kimi mən də bilmirəm. Amma bildiyim budur ki, bu gənclər yoxa çıxıblar. Bir də bildiyim odur ki, adamlar yoxa çıxırsa və bu barədə dövlətə məlumat verilirsə, normalda, Dövlət narahat olmalıdır. Narahat olmursa, deməli, onun bu işdə barmağı var. Dövlətin adam oğurlaması isə heç yaxşı iş deyil.
…Norveç həm də ona görə qüdrətli ölkədir ki, orada hətta qatili də adam kimi tuturlar, onu adam kimi mühakimə edirlər və onunla adam kimi rəftar edirlər.