Dövlət teatrları seçdiyimiz əsərdən qorxdu

Elmin Bədəlov: “Biz xalq qartistləri kimi səhnədə yalandan ağlamırıq”.

Source:

Son aylar Azərbaycan gəncliyinin, ziyali kəsiminin alternativ teatrına çevrilən bir teatr var. Bu teatrın afişaları, xəbərlərini, dəvətlərini sosial şəbəklərdə tez-tez görürük. Ölkənin yaradıcı elitasını bu teatrın tamaşalarına gedir, yazarlar təəsüratlarını yazırlar. Heyət isə olduqca təvazökardır. Gənc teatrın ictimaiyyətdə böyük marağa səbəb olduğunu nəzərə alaraq, onların işi ilə daha yaxından tanış olmaq qərarına gəldik. Həmsöhbətimiz Teatrın ideya müəllifi və əsas aktyorlarından biri Elmin Bədəlovdur.

– Oda teatrının yaranması kimin ideyası idi?

– Odanın teatr olaraq yaranması mənim ideyamdır. Oda Teatrından əvvəl teatr qrupu olub. Həmin qrupun bir neçə üzvü sonradan Oda Teatrına qatılıb. Əvvəl bir neçə gənc teatr qrupu yaratmışdı. Sonra mən əməkdar artist İlqar Cahangirdən müsahibə aldım. Müsahibəni Elitar.Az saytında yayımladım. Həmin müsahibəyə görə İlqar bəyi teatrdan uzaqlaşdırdılar. Günlərin birində İlqar bəylə görüşdüm. Hər ikimiz həvəskarlardan ibarət balaca teatr qrupunun olmasını təklif etdik. Müzakirə vaxtı hazırda həbsdə olan Nida üzvü Rəşadət Axundov İlqar bəyə zəng vurdu və görüşmək istədiyini bildirdi. Səhəri gün biz üçümüz – İlqar Cahangir, Rəşadət Axundov və mən görüşdük. Qərara gəldik ki, balaca bir teatr qrupu yaradaq və həvəskarları başımıza toplayaq. Hazırda həbsdə olan iki Nida üzvü Məmməd Əzizov, Bəxtiyar Quliyev də bizə qatılmışdı. Bir xeyli məşqlərimiz oldu, İlqar Cahangir aktyorluq barədə bildiklərini hamıya öyrədirdi. Ancaq bir neçə aydan sonra teatr qrupunda həvəsdəndüşmə, zəifləmə oldu. Hərə bir tərəfə dağıldı. Hamı hər şeyin məhv olduğunu, heç nəyin alınmayacağını düşünürdü. Sanki ruh düşkünlüyü yaranmışdı. Həmin ərəfədə İlqar bəydə rayonlardan birinə çəkilişə getmişdi. Mənsə düşündüm ki, teatr qrupu bir o qədər də effekt vermədi və tamaşalar nümayiş olunmasa irəliləyiş olmayacaq. Sadəcə məşqlərlə, öyrənməklə işlər bitmir. Ona görə də teatr yaratmağı düşündüm. Teatr qrupunda hamı öyrənirdi, amma nümayiş olmurdu. Ancaq teatrda nümayişlər də olacaqdı. Kitabxanaya getdim, əsər axtarmağa başladım. Əlimə Qoqolun “Evlənmə”si düşdü. Əsəri götürüb gəncləri başıma yığdım. Teatrı qurmaq və bu əsəri fərqli formada hazırlamaq istədiyimi dedim. Ətrafımda olan həvəskar aktyorlar etiraz etmədilər. Əsəri xeyli müasirləşdirdim. Hətta tamaşada müasir paltarlardan istifadə etdim. Rejissor olmasam da tamaşaya quruluşu özüm verdim. Bir ay məşq etdirdim aktyorları və tamaşanın nümayişi ilə bağlı elanlar verdim. Həmin vaxt çox riskli addım atdım. Bizim ilk tamaşamız idi. Necə alınacağını bilmirdim. Bəlkə də həmin tamaşada oynayanlar aktyor olmadıqlar üçün tamaşa zamanı çaşa və nümayiş baş tutmaya bilərdi. Axı bu canlı sənətdir. Amma irəliyə getmək və hər kəsə hazırladığımız tamaşanı göstərmək istəyirdim. Heç bu tamaşanın necə hazırlanmasından İlqar Cahangirin də xəbəri olmamışdı. Nəhayət, tamaşanı göstərdik. Tamaşaya xeyli adam gəldi, hər kəs tamaşanı bəyəndi. İlk uğuru qazandıq. Sonra teatrımıza ad qoymağı təklif etdim. Səsvermə keçirdik. Mən teatrın adının “Oda” olmasını təklif etdim. Səs çoxluğu bu ad seçildi və teatrın adı Oda oldu.

– Teatrın maliyyəsi hardandır?

– Oda Teatrı heç bir şəxsdən, qurumdan maliyyələşmir. Çətin də olsa, teatrı yaşadırıq. “Evlənmə” tamaşasını göstərəndə Oda Teatrının yeri yox idi. Bizə tamaşalarımızı nümayiş etdirmək üçün yer verirdilər. Sonra Matey Vişnekin “Səncə döyəcəklər?” əsərini səhnələşdirməyi planlaşdırdıq. Tamaşa hazır olanda mən binası olan bir neçə teatra müraciət etdim. Lakin həmin teatrlar tamaşanı nümayiş etdirmək üçün bizə yer vermədilər. Teatr rəhbərləri mənə “başqa əsərlər gətirib oynaya bilərsiz, ancaq bu tamaşaya yer verməyimiz mümkün deyil” dedilər. Əsər günümüzlə səsləşirdi. Onlar əsərin mövzusu ilə razı deyildilər. Mənsə tamaşanın geniş məkanda nümayiş olunmasını istəyirdim. Və sonda qərara aldım ki, teatrımız üçün kirayə yer tutum, tamaşaları orada göstərək. Bir ay axtardım. Nəhayət, balaca bir məkan tapdım. Jurnalistikadan qazandığım maaşımla həmin yerin ilk ayının kirayə haqqını ödədim. Sonra teatrımızın aktyorları ilə oranı təmir etməyə, pərdələrini, işıqlarını qurmağa başladıq. Biz orada balaca bir teatr qurduq. Ağır zəhmətlə, əziyyətlə. Teatrın həvəskar aktyorları ilə əl-ələ verib bu məkanı düzəltdik və adını “Zirzəmi” qoyduq. İlk tamaşamızı pulsuz göstərmişdik. Ancaq qərara aldıq ki, bundan sonrakı tamaşaları pullu edək. Eyni zamanda Zirzəmi məkanında nəinki tamaşalar göstərmək, film nümayişləri, kitab təqdimatları, təlimlər keçməyi düşündük. Fikirləşdik ki, gələn gəlirlə bu məkanı yaşadaq. İndi film nümayişlərindən, tamaşa biletlərindən gələn gəlirlə teatrımızı inkişaf etdiririk.

– Tamaşalara cəlb edilən aktyorlar hansı kriteriyalarla seçilir?

– Bəzi rollar var ki, aktyor seçəndə görünüşə fikir veririk. Çünki bəzi rolların görünüş baxımdan fərqi olur. Amma elə rollar var ki, onu müxtəlif simalı insanlar oynaya bilər. Əsas görünüş yox, bacarıqla oynamaq, yaşamaqdır. Çünki biz psixo-realizm yolunu tutmuşuq. Göstərdiyimiz hər şey reallıq olmalıdır. Burada, tamaşaçının gözü qarşısında baş verməlidir hər şey. Biz bəzi xalq artistləri kimi səhnədə yalandan ağlamırıq. Əgər ağlamaq gəlirsə, onu tamaşaçının gözü qarşısında və həqiqətən etməliyik. Oyunçuluq etməməliyik, biz obrazlarımızı yaşamalıyıq. Bu gün teatrlara tamaşaçının getməməyinin səbəblərindən biri də oyunçuluq və yalançılıqdır. İndi tamaşaçını aldatmaq olmaz. Tamaşaçını aldadanda o sənin tamaşana bir də gəlməyəcək. Ancaq sən hər şeyi olduğu kimi, utanmadan, çəkinmədən onun gözü qarşısında etsən həmin tamaşaçı səninlə bərabər güləcək də, ağlayacaq da. Sənin daimi tamaşaçına çevriləcək. Bunlardan əlavə biz ölkəmizdə baş verən reallıqları səhnəyə daşıyırıq. Çəkinmirik, qorxmuruq. İşgəncələri də, təzyiqləri də, saxtakarlıqları da olduğu kimi göstəririk. Bizim digər teatrlardan fərqimiz də budur. Bizim seçdiyimiz əsərləri heç bir teatr seçə bilmir. Seçsələr, oynasalar onların teatrlarını bağlayarlar, onlara təzyiq edərlər. Hara qədər gedəcəyimizi bilmirik, amma inamla gedirik.

– Niyə truppada qadınlar azdı? Aktrisa tapmaq çətindirmi? Ümumiyyətlə, aktyor seçimində nə problemlər var?

– Haqlısız, indi aktyor və aktrisa tapmaq çətindir. Çünki bu sahədə gəlir o qədər çox deyil. Əksəriyyəti teatra maraq göstərmir. Bizim aktyorlarsa buna fikir vermir. Bəlkə də aktyorlarımız maliyyəni yox, sənəti düşündükləri üçün biz bir az da fərqliyik. Amma həmin həvəskarları da tapmaq çətindir. Onlar çox deyil. Xüsusən də xanım aktrisalar. Bizə əvvəl çox xanım müraciət etmişdi və tamaşalarda rol almaq istəyirdi. Ancaq onların ailələrindən təzyiqlər olur, teatra gəlməklərinin qarşısını alırdılar. Biz onların valideynlərinə də deyirdik ki, gəlib məşqlərimizə baxsınlar. Bəzi xanımların valideynləri məşqlərimizi görəndə dəhşətə gəlib qızlarını bizim teatra bir də qoymurdular, bəziləri isə bizim necə mehriban və saf kollektiv olduğumuzu görüb razılıq verirdilər. İndi teatrımızda cəmi iki aktrisa var. Ancaq “Səncə döyəcəklər?” tamaşasını nümayiş etdirəndən sonra bir çox xanım aktrisa bizə müraciət edərək tamaşalarda oynamaq istədiklərin bildiriblər. Biz aktyorlar üzərində bir o qədər seçim etmirik. Çünki onlara yüksək qonorar vermək imkanlarımız azdır. Ona görə həvəskarları yetişdiririk. Bu həm də yeni aktrisaların yetişməsinə səbəb olur. Bəlkə yetişdirmək aktrisa seçib tamaşa qurmaqdan daha yaxşıdır.

– Tamaşaların uğurlu olduğunu, tamaşaçı cəlb edə bildiyinizi demək olarmı?

– Qısa zamanda tamaşalarımızın bu qədər uğurlu alınması bizi sevindirdi. Gözlədiyimizdən də böyük uğur əldə etdik. İndi məqsədimiz bu uğurun üstünə uğur qoymaqdır. Bir tamaşanın uğurlu alındığını düşünüb ulduz xəstəliyinə tutulmaq, başgicəllənmə halını yaşamaq lazım deyil. Hər tamaşa əvvəlkindən uğurlu olmasa, tamaşaçı bizi tərk edəcək. Ona görə daha çox tamaşaçı qazanmalı və daha keyfiyyətli iş ortaya qoymağı düşünürük. Nə yaxşı ki, bu işdə vicdanlı və peşəkar aktyor İlqar Cahangir də bizimlədir. Bilmədiklərimizi bizə öyrədir, dəstək olur.

– Bu tamaşalardan gələn gəlirlə yaşamaq mümkündürmü?

– Deyim ki, teatrlarda adətən tamaşaların biletləri 5 manata satılır. Ancaq biz bir tamaşanı 3 manata edirik. Biz tamaşaçını da düşünürük. Çünki Azərbaycan tamaşaçısının gəliri çox deyil. Düzdür, bu gəlirlə teatrı yaşatmaq çətindir. Ancaq biz tək teatra göz dikməmişik. Biz istəyirik ki, əsas yerimiz olsun və hər ay onun kirayə haqqını ödəyə bilək. Biz başqa işlərdə də işləyirik və pul qazanırıq. Teatrı isə yaşadırıq. Hələ ki, tamaşaçılarımız çoxdur, gəlirlər, baxırlar, razı qalırlar. Belə davam etsə teatrımız yaşayacaq. Hətta bizim tamaşaçılarımız bizə dəstək olmaq üçün bir tamaşaya bir dəfə yox iki-üç dəfə baxırlar, bilet alırlar ki, bizə dəstək olsunlar. Belə tamaşaçılarımız çoxdur. Onların sayəsində yaşayacağımıza, uzunömürlü olacağımıza inanırıq.

– Özünüzü hansısa dövlət teatrına rəqib kimi görürsünüzmü?

– Rəqib deyəndə, onu deyə bilərəm ki, binamız, rekvizitlərimiz baxımından bir çox teatra çata bilmərik. Çünki dövlət əksər teatrlara maliyyə ayırır. Düzdür, həmin teatrlar o maliyyənin hamısını teatra xərcləmir. Bu başqa mövzudur. Amma bütün hallarda onların iri binaları, bahalı paltarları, bahalı rekvizitləri var. Bizimsə o imkanlarımız yoxdur. Ancaq mən deyə bilərəm ki, bizim elə tamaşalarımız var ki, iri teatrların minlərlə manat xərclədiyi tamaşalardan fərqli və daha yaxşıdır. Biz tamaşalardan sonra tamaşaçılarımızla ünsiyyət qururuq və onlara iradlarını, fikirlərini bildirmələri üçün vaxt veririk. Onlar da deyirlər ki, sizin bahalı paltarlarınız, hündür binanız olmasa da, tamaşanız maraqlı və diqqətçəkən olur. Deyirlər ki, 5 manat verib böyük binası olan teatra gedirik, tamaşanı yarımçıq qoyub çıxırıq və yoruluruq, amma 3 manat verib sizin teatrınıza gəlirik, sonda getmək istəmirik. Bunu biz yox, tamaşaçılarımız deyir. Hətta tanınmış yazar Zahir Əzəmət də bizim tamaşaya baxandan sonra tamaşanı “teatr hadisəsi” kimi qiymətləndirmişdi. Zahir bəy də təxmini olaraq bu fikirləri səsləndirmişdi. Başqa yazarlar, jurnalistlər də tamaşaya baxıb oxşar fikirlər demişdilər.

– Truppanızda demək olar ki, hamı müxalif fikirli adamdı. Oda teatrını bir «müxalifət» teatrı adlandırmaq olarmı?

– Müxalif teatr deməzdim, azad düşüncəli, real düşünməyi bacaran, fərqlilik görmək istəyənlərin teatrı deyərdim. “Səncə döyəcəklər?”i Zamin Hacı tərcümə etdiyinə görə bizə müxalif teatr deyənlər çox oldu. Bizim tamaşamıza müxalifət düşərgəsindən gəlib baxan insanların sayı çoxdur. Yazıçılar Birliyinin üzvlərindən, hakimiyyətə yaxın olan adamlardan da gəlib baxıblar. Onu da deyim ki, teatrın məkanının yaxınlığında olan polis bölməsinin əməkdaşları da bizim tamaşaya gəlib baxıblar. Biz tamaşaçıya fərqli baxmırıq. Onların hamısına tamaşaçı gözü ilə baxırıq. Hər biri bizim tamaşaçımızdır. Kim istəsə gəlib bizim tamaşaya baxa bilər. Biz onlara niyə YAP-çı, yaxud niyə müxalifətçisən deyə bilmərik. Düzdür bizim teatrın aktyorlarının bəziləri hansısa təşkilatın üzvü ola bilərlər. Buna da normal baxırıq. Aktyor partiya üzvü də ola bilər, təşkilat üzvü də. Mən özüm Nida Vətəndaş Hərəkatının media koordinatoruyam. Eyni zamanda jurnalistəm. Ancaq bütün işlərimi bir-birindən ayırıram. Teatra gələndə aktyor, işə gedəndə jurnalist oluram. Orası da haqlıdır ki, bizim teatr reallıqları göstərir. Əgər ölkədə saxtakarlıq və haqsızlıq varsa buna biz neyləyək?! Haqsızlıq olmasın ki, biz də onu səhnədə göstərməyək. Əvvəldə dediyim kimi bizim teatr reallıqları göstərir. Nə varsa onu göstəririk.

 –  Teatrınızı sonradan dövlət teatrına çevirmək istəsələr, razı olacaqsınızmı?

– Dövlətin, hakimiyyətin nəinki bizim teatra, bütün teatrlara, mədəniyyət ocaqlarına qayğı göstərmək borcudur. Eləcə də bizim də teatra qayğı göstərməlidirlər. Dövlət hamımızındır. Teatrımızı dövlət teatrına çevirə bilərlər, ancaq sərhəd qoya bilməzlər. Çünki teatr sərhəd tanımır. O teatrın sərhədi oldusa, həmin teatr inkişafdan qalacaq. Bizə sərhəd qoymadan dövlət teatrı edib, qayğı göstərmək istəyirlərsə, buyursunlar. Ancaq biz sonadək reallıqları göstərəcəyik, çünki mədəniyyət də bir tarixdir. Tarixi isə düzgün, olduğu kimi yazmaq lazımdır.

– Proqramınızda daha hansı əsərlərin səhnələşdirilməsi nəzərdə tutulur?

– Yaxın günlərdə yeni əsərlərimiz səhnəyə çıxarılacaq. Artıq son tamaşamızdan sonra bizə əsər yazanların, pyes təklif edənlərin sayı çoxalıb. Artıq 2 nəfər öz əsərini bizə göndərib, 2 nəfər isə dünya yazarlarının pyesini tərcümə edərək bizə göndərib. Eyni zamanda tanınmış vəkil Anar Qasımlı da əsər baxımından bizə kömək etmək istədiyini də bildirib. Bir neçə tanınmış yazar isə xüsusən bizim teatr üçün əsər yazacağını söz verib. Hətta onlardan biri dünən əsəri tamamlamaq üzrə olduğunu mənə dedi. Əsərlərimiz çoxdur. Yaxın günlərdə teatrın aktyorları ilə onları müzakirə edib, necə hazırlayacağımız haqda fikir mübadiləsi aparmalıyıq. Bundan əlavə bir tamaşamız var idi ki, onun üzərində məşqlər gedirdi, həmin tamaşanın da yaxın vaxtlarda tamaşaçı qarşısına çıxarılacağı gözlənilir. Sadəcə tamaşa tam hazır olmayana qədər onların adlarını açıqlamaq istəmirik. Düşünürük ki, hər hansı xırda problem çıxsa və tamaşanın nümayişi geciksə, tamaşaçılar bizdən inciyər. Ona görə tamaşaçını aldatmamaq və tamaşa tam hazır olanda elan edib, onların ixtiyarına vermək istəyirik. İrəlidə çox maraqlı və tam fərqli tamaşalarımız var. Yaxın vaxtlarda onların hamısını bir-bir tamaşaçılarımıza nümayiş etdirəcəyik.

Ana səhifəXəbərlərDövlət teatrları seçdiyimiz əsərdən qorxdu