Taxılın alış qiyməti 1 tona görə 250 manatdan 270 manatadək qaldırılıb
Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun ehtiyatlarının ödənilməsi üçün yerli buğda satışının müddətinin noyabrın 1-dək uzadıldığını elan edib.
Taxılın alış qiyməti 1 tona görə 250 manatdan 270 manatadək qaldırılıb. Taxılın alışı iyunun 21-də elan edilib.
FHN-in mətbuat xidmətindən “Turan” agentliyinə bildiriblər ki, indiyədək yerli fermerlərdən alınan taxılın həcmi barədə məlumat yoxdur.
“Alıcı şirkət barədə hesabat yerli taxılın tədarükü üçün ayrılan müddət bitdikdən sonra təqdim ediləcək”, – nazirliyin mətbuat katibi Oqtay Bayramov bildirib.
Dövlət Taxıl Fondunun ehtiyatları buğda idxalının hesabına formalaşır.
FHN-dən bildiriblər ki, yerli buğda Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli qərarla müəyyən etdiyi keyfiyyət parametrlərinə uyğun deyil.
2015-ci ildə hökumətin qərarı ilə tələb olunan dövlət taxıl ehtiyatlarının səviyyəsi 750 min tona çatdırılıb.
“Turan” agentliyinin yerli fermerlərdən əldə etdiyi məlumata görə, ərzaq buğdasının bir tonu 250-260 manata, toxumluq buğdanın 1 tonu 350 manata satılır.