Vəkillərə çıxış üçün vaxt verildi
2010-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri olmuş, Bakıda tarixi-memarlıq abidəsinin sökülməsi və yerində hündürmərtəbəli binanın tikintisinə icazə verməkdə ittiham olunan Rasim Quliyevin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində prokuror çıxış edib.
Prokuror bildirib ki, Rasim Quliyevə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə irəli sürülmüş ittihamlar məhkəmədə təsdiqini tapıb. O, Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyasına təklif edib ki, sabiq Aparat rəhbərinə 3 il vəzifə tutmaq qadağan olunmaqla, 6 il azadlıqdan məhrum edilsin.
Rasim Quliyevin vəkilləri çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Vəkillərə dekabrın 16-na qədər vaxt verilib.
Rasim Quliyev 2018-ci ilin mayında – Hacıbala Abutalıbov Baş nazirin müavini təyin ediləndən sonra ona həvalə edilmiş müavin səlahiyyətlərini icra edərkən “FF-2011” tikinti şirkətinə Bakının Dilarə Əliyeva küçəsində tarixi-memarlıq abidəsi sayılan binanın sökülməsi və yeni binanın tikintisi üçün icazə verməkdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir.
Tikinti şirkətinin rəhbəri Tamilla İbrahimova da məhkəmədə dindirilərkən deyib ki, o, bütün məsələləri Hacıbala Abutalıbovla həll edib, Rasim Quliyevi tanımayıb.
Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. O, 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. 2010-cu ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub.
Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub. 2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib. Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub. 2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib. Bundan sonra o, YAP Mərkəzi Aparatında işə təyin olunub.
Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.