Azərbaycan XİN: “Dövlət Departamentinin tövsiyəsi təəccüblüdür”
Amerika Dövlət Departamenti vətəndaşlarının xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb.
Sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir.
Report.az
yazır
ki, Azərbaycan amerikalı turistlərin təhlükəsizliyi baxımından risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.
Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb. Azərbaycanın daxil olduğu ikinci kateqoriya “ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun” deyə qeyd edilir:
“Birinci kateqoriya – adi ehtiyat tədbirləri kifayətdir, üçüncü kateqoriya – bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin, dördüncü kateqoriya – bu ölkəyə səyahət etməyin”.
Bildirilir ki, bölünmə şərtidir və məcburi yox, tövsiyə xarakteri daşıyır.
Dağlıq Qarabağ bölgəsinə getməyin
Dövlət Departamenti həmçinin münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərə getməməyi tövsiyə edib:
“Dağlıq Qarabağ münaqişəsi nəticəsində insanlar ölməyə davam edir. Hər il ara-aıra baş verən atışmalar və artilleriya sistemlərindən, o cümlədən yeraltı minalardan və minaatanlardan istifadə insanların ölümünə və yaralanmasına səbəb olur. Təmas xəttinə yaxın yollardan və Ermənistan ilə Azərbaycan arasındakı beynəlxalq sərhəd yaxınlığından uzaq gəzin”.
Dövlət Departamentinin tövsiyələri “təəccüblü” səslənir
Azərbaycan XİN ölkənin ABŞ Dövlət Departameninin açıqlamasından təəccüblənib.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XİN-in “Facebook” səhifəsində qeyd
edib ki
, son bir ildə turistlərin Azərbaycana axını 24% artaraq, 2,7 mln. nəfər təşkil edib.
“Bakıda bir sıra beynəlxalq tədbirlər: I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlər, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlər keçirilib. Ona görə də Dövlət Departamentinin tövsiyələri “təəccüblü” səslənir. Bu dərəcədə mötəbər tədbirlərin keçirilməsi ölkədə sabitliyin, təhlükəsizliyin və ictimai asayişin yüksək səviyyədə təmin edilməsi ilə bağlıdır”.
Hikmət Hacıyev deyib ki, Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, Azərbaycan hökuməti təhlükəsizliyi tamamilə təmin edir və operativ vəziyyətə nəzarət edir.
Vaşinqtondan baxanda təhlükəli görünür, Bakıdan baxanda sabit
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hər bir dövlətin təhdid və təhlükəsizlik səviyyəsini qiymətləndirmə sisteminin olduğunu hesab edir:
“Bu, ABŞ-ın öz meyarlarıdır, onlar təhdid dəyərləndirmələrinə və təhlükəsizlik sistemlərinə görə belə təsnifatlaşdırma aparıb vətəndaşlarına tövsiyələrini veriblər. Təbii ki, Azərbaycan da maraqlarını qoruyan dövlət olaraq beynəlxalq imicinə zərbə olmaması və turizmə ziyan dəyməməsi üçün həmin bəyanatı verməlidir”.
S.Əkbər Azərbaycanın müharibə şəraitində olduğunu xatırladaraq deyib ki, ölkə olaraq ərazimizin 20 faizinə nəzarət edə bilmirik. İkinci, Azərbaycan həssas regionda yerləşir və nəhayət, qonşu regionlarda müharibə gedir.
Ən əsası Azərbaycan terror təhlükəsi kifayət qədər yüksək olan məkana daxildir. Ona görə ABŞ-ın öz maraqları baxımından yanaşması düzgündür, Azərbaycan hökumətinin də. Vaşinqtondan baxanda, vəziyyət onlar üçün təhdid və təhlükəli görünür, Bakıdan baxanda sabit görünür.
Dövlət Departamenti bu cür qərarları boş-boşuna vermir
Azərbaycanın Rusiyadakı sabiq səfiri, siyasi icmalçı Hikmət Hacızadə Meydan TV-yə bildirib ki, Dövlət Departamenti bu cür qərarları boş-boşuna vermir və onlar hər bir qərara görə məsuliyyət daşıyırlar:
“Çünki sabah jurnalist qərarla bağlı sual verdikdə, departamentin sözçüsü hansısa sənədi ortaya qoymağa məcburdur. Məsələn, deyəcək ki, ölkənin filan bölgəsində terror təhlükəsi, yaxud gərginlik var. Ona görə də qərar qəbul etmişik. Ümumiyyətlə, Amerika, yaxud Avropanın hansısa iri dövləti bu cür qərarlar qəbul edibsə, deməli, onların bunun üçün faktoloji əsasları var”.